Şirvanda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbir
Region

Şirvanda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbir

Şirvan  Diaqnostika Mərkəzində  şəhər icra hakimiyyətinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı tədbir keçirildi. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər icra hakimiyyəti və Şəhər Mərkəzi Xəstəxanası  Publik Hüquqi Şəxsin məsul əməkdaşları, səhiyyə işçiləri iştirak etdilər. Öncə tədbir iştirakçıları Şirvan Diaqnostika Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyasının və şəhər məktəblilərinin əl işlərindən və rəsm əsərlərindən, həmçinin Heydər Əliyev Mərkəzinin eksponatlarından ibarət sərgi ilə tanış oldular. Sonra məktəblilərin ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

 Müstəqilliyimizin memarı, ümummilli lider Heydər Əliyevin, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevanın, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına canından keçən şəhidlərin və qardaş Türkiyə Respublikasında zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov səhiyyə işçilərini salamlayaraq, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladı. Ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi xidmətlərdən söz açıb hələ ötən əsrin 70-80-ci illərində tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmasından, tibb elmi və səhiyyə sahəsində mövcud durğunluğun aradan qaldırılmasına nail olmasından bəhs etdi. Tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyevin respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmasına nail olduğunu diqqətə çatdırdı. Azərbaycan Dövlət Tibb İnstitutunun keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilməsində, tibbi kadr hazırlığında rolunun artmasında ulu öndərin əməyi xüsusi vurğulandı.

İcra başçısı ulu öndər Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hazırda Azərbaycan səhiyyəsinin inkişafı, milli kadr potensialının gücləndirilməsi, müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisələrinin yaradılması sahəsindəki fəaliyyəti barədə məlumat verdi.

Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası  Publik Hüquqi Şəxsin direktoru Kamil Əhmədov, Ailə Sağlamlıq Mərkəzinin şöbə  müdiri Mətanət Səfərova, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri Mehparə Səmədova, səhiyyə işçiləri Təranə Cəlilova və Nərmin Salmanova çıxış edərək ulu öndərin sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili sahəsinin, eləcə də Azərbaycan səhiyyəsinin bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrların yetişdiyini bildirdilər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu. 

Tofiq HÜSEYN,

“Respublika”.