Ağstafada meliorativ tədbirlər
Region

Ağstafada meliorativ tədbirlər

Qış ayları olmasına rəğmən bölgələrdə meliorasiya tədbirləri davam etdirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilir ki, Ağstafa rayonunun yerli idarəsi 24830 hektar suvarılan əkin sahəsinin suvarma suyu ilə təminatına xidmət edir.

Suvarmada 4 mənbədən istifadə edilir. Bunlar Ağstafaçay Su Anbarı, Həsənsu çayı, Ağ Göl Su Anbarı və subartezian quyularıdır. Suvarma suyu su istehlakçılarına ümumilikdə 825 kilometr üzunluğunda magistral, təsərrüfatlararası və təsərrüfatdaxili kanallar vasitəsilə çatdırılır. Bu kanalların 622 km-dən artığı torpaq məcralı, 194 km beton üzlük çəkilmiş və 8,6 km qapalı şəbəkədən ibarətdir. Su itkisinin qarşısının alınması istiqamətində Ağstafa rayonunda son illər bir sıra işlər görülür.

Mexanizmlərlə hazırkı vaxta kimi 350 km məsafədə kanallar və arxlar lildən təmizlənib və əlavə olaraq 100 km lildən təmizləmə işlərinin aparılması davam etdirilir.

Qeyd edək ki, idarənin balansında 2200 hektar əkin sahəsində suvarmanın yaxşılaşdırılması üçün 4 ədəd nasos stansiya vardır ki, 3 ədəd nasos stansiyada cari təmir işləri aparılıb və onlar tam işlək vəziyyətdədir.

Nəriman CAVADOV,

"Respublika".