Silahlı Qüvvələrimizin rəşadəti dillərdə dastandır
Digər xəbərlər

Silahlı Qüvvələrimizin rəşadəti dillərdə dastandır

Ordu dövlətin qüdrətini şərtləndirən amillər sırasında ən böyük rola malikdir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra "İstiqlal Bəyannaməsi"ni qəbul etdi. Bəyannamədə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Şəxsi heyəti 1919-cu ilin sonlarında 25 min nəfərdən ibarət olan Azərbaycan Ordusunun 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırılırdı...

Sovet imperiyası ADR-i ilhaq etdikdən sonra hərbi nazirlik ləğv olundu və ordu quruculuğunu başa çatdırmaq mümkün olmadı.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra, həmin ilin oktyabr ayının 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum hadisələrdəndir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına böyük stimul oldu. Beləliklə, gənclərdə vətənpərvərlik ruhu daha da yüksəldi. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu tarix hər il rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirilir.

3 ildir ki, Silahlı Qüvvələr Gününü torpaqlarımızın azad olunmasının sevinci ilə qeyd edirik. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarix yazdı, işğala son qoydu və Böyük Qayıdışa yol açdı. Döyüş əməliyyatlarında ordumuz ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olundu, güclü və dəqiqliyi ilə seçilən silahlardan istifadə edildi. Mövcud nizam-intizam isə qələbə ilə nəticələndi. Qeyd etmək lazımdır ki, Ali Baş Komandan İlham Əliyevin iradəsi, ordumuzun gücü və xalqımızın əzmi sayəsində torpaqlarımız işğaldan azad olundu. Bölgənin "döyünən ürəyi" adlandırılan Şuşa şəhərinin azad olunmasından sonra isə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli Bəyanat imzalandı. Şuşanın azad olunması zamanı Ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinin göstərdiyi şücaət demək olar ki, dillərə dastan oldu.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil oldu və erməni qoşunlarını şəhərdən qovdu. Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bildirdi, lakin Ermənistan rəhbərliyi bunu təkzib etdi. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlayıb Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqlədi. Müharibədən sonra Şuşaya səfər edən hər kəs Xüsusi Təyinatlı Qüvvələrimizin dırmaşdığı qayalıqları görəndə ordumuzun hansı gücə malik olduğunu bir daha anladılar. Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 illik torpaq həsrətinə son qoydu. Biz öz əzəli torpaqlarımıza alnıaçıq, üzüağ, zəfər bayrağı ilə qayıtdıq. 2020-ci il dekabr ayının 10-da bir çox hadisələrin, gərgin anların şahidi olan Azadlıq meydanında Zəfər paradı keçirildi. Zəfər paradı düşmənə də, onun havadarlarına da Azərbaycan Silahlı Qüvvələrinin hansı gücə malik olduğunu bir daha göstərdi.

Nuranə DAXİLQIZI,

"Respublika".