Şərqi Zəngəzur: dağların altından tunel çəkilir
Region

Şərqi Zəngəzur: dağların altından tunel çəkilir

Vətən müharibəsində işğalçı Ermənistana qarşı aparılan döyüşlərdə qazanılan qələbə və uğurlar indi azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq meydanında davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq, bərpa işlərində yol infrastrukturu da xüsusi yer tutur və 30 il ərzində tamamilə dağıdılmış yollar yenidən qurulur.  İki il yarım bundan əvvəl başlanılan və icra edilən infrastruktur layihələrin bəziləri başa çatdırılıb,  işğaldan azad edilən torpaqlarda nə qədər böyük miqyaslı işlər görülməsi keçmiş məcburi köçkünlərin sevincinə səbəb olur.  Qeyd edək ki, ilk əvvəl düşmən əsarətindən azad edilən ərazilərdə yol infrastrukturunun qurulmasına başlanıldı və yeni yolların tikinti coğrafiyası bütün azad edilmiş əraziləri əhatə edir.  Bərdə-Ağdam avtomobil yolu tikilir,  dərələrdən,  dağlardan,  meşələrdən keçən Zəfər yolu istifadəyə verilib və Şuşaya gələn əcnəbi qonaqlar bu yeni və müasir yolla mədəniyyət paytaxtımıza səfər edirlər.  4-6 zolaqlı Füzuli-Şuşa magistral yolu,  Horadiz-Ağbənd yolu çəkilir,  Zəngilan-Qubadlı-Laçın yolunda tikinti işləri sürətlə aparılır. Qeyd edək ki,  bu da çox önəmli yoldur.  Füzuli-Hadrut,  Füzuli-Cəbrayıl yollarının çəkilməsində qızğın iş gedir.  Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir.  Bu yol əvvəllər heç vaxt olmayıb,  cığır olub.  Qış aylarında heç vaxt ondan istifadə edilməyib.  

İndi yurdumuzun dilbər guşəsinə, ana təbiətin gözəllikdən don biçdiyi, buz bulaqları, yaylaqları ilə adamı ofsunlayan Kəlbəcərə yeni yollar çəkilir, dağların altından keçən 12 kilometr uzunluğunda tunellər tikilir. Bu da imkan verəcək ki,  bütün mövsümlərdə o yoldan istifadə edilsin. Göygölün Toğanalı kəndindən başlayaraq, Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində yolun tikintisi uğurla davam etdirilir. Yeni yol enişli-yoxuşlu ərazilərdə 3,  digər ərazilərdə isə 2 hərəkət zolaqlı olması nəzərdə tutulub.  Bu, ikinci texniki dərəcəli avtomobil yolu olacaq. 3500 metrlik hündürlükdə yerləşən Murovdağ silsiləsi çətin keçilən relyefə malik olduğuna görə  dağ silsiləsini tunellər vasitəsilə keçmək nəzərdə tutulur.  Layihənin icra edilməsində qardaş Türkiyə şirkətləri də iştirak edirlər.  Ümumiyyətlə,  layihə üzrə Kəlbəcər-İstisu,  Kəlbəcər-Laçın istiqamətində çəkilən yolların uzunluğu 190 kilometrdir.  Bu,  nəqliyyat vasitələrinin Qarabağa şimaldan daxil olmasını təmin edəcək bir layihədir.

Mütəxəssislərin hesablamalarına görə, Ermənistan sərhədindən - Mincivan magistral yolundan Qubadlı-Laçın istiqamətində də yolun inşası ikinci texniki dərəcəyə uyğun çəkilir. Bununla da həm şimaldan,  həm də cənubdan Füzuli-Şuşa yolundan əlavə,  Laçın istiqamətində hərəkət etmək mümkün olacaq.  Bu isə gələcəkdə ümumilikdə, regionun,  turizmin,  sənayenin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Gələcəkdə istər Gürcüstan,  istərsə də İran,  Türkiyə və Naxçıvan istiqamətindən gələn nəqliyyat vasitələri rahat şəkildə bu dəhlizdən istifadə edə biləcəklər. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində Kəlbəcərə çəkilən yeni yol haqqında bildirib ki,  hazırda bizim Kəlbəcərə yeganə,  yəni  rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə,  Göygöldən Kəlbəcərədir.  Rahat deyəndə,  biz ancaq yaz-yay mövsümlərində o yoldan rahat istifadə edə bilərik.  Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz,  həm də çox təhlükəli olur.  Bu yol faktiki olaraq sovet vaxtında olmayıb,  bir cığır idi.  Biz qısa müddət ərzində o cığırı genişləndirdik və mən özüm də keçən il o yolla Murov aşırımından keçərək Kəlbəcərə getmişdim.

Qeyd edək ki,  Kəlbəcərin gələcək inkişafı,  keçmiş məcburi köçkünlərin oraya qayıtmaları və Kəlbəcər rayonunun,  eyni zamanda  Laçın rayonunun təchizatında yeni yollar mühüm əhəmiyyət kəsb edəcək, bu yollar azad edilmiş rayonların qurulmasına və inkişafına töhfə verəcək.  Bir də gələcəyə və inkişafa aparan yollar insanlara rahatlıq və firavan həyat bəxş edəcək.                                                    

Salman ALIOĞLU,

“Respublika”.