Separatçılar Ermənistanın özü üçün başağrısına çevriliblər
Siyasət

Separatçılar Ermənistanın özü üçün başağrısına çevriliblər

Bildiyimiz kimi, Vətən müharibəsində qazandığımız qələbədən sonrakı illər ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin sülh çağırışlarını cavabsız qoyur, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə davam edirdi. Rəsmi Bakının bütün xəbərdarlıqlarına rəğmən, revanşist iddiaların gerçəkləşəcəyi ümidi ilə status-kvonun saxlanılması üçün qanunsuz xunta rejimini maliyyələşdirir və bunu dövlət büdcəsi hesabına həyata keçirirdi. Bu məqsədlə hər il yüz milyonlarla dollar vəsait Xankəndidəki keçmiş qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, həm də hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd idi.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən ordumuzun təminat yollarının minalanması nəticəsində ötən il sentyabrın 19-u səhər saatlarında iki mülki şəxs və dörd polis əməkdaşı şəhid oldu. Düşmənin pozuculuq fəaliyyətinin qarşısını almaq, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq ölkəmizin suveren ərazisi olan Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirildi. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı.

Azərbaycanın 23 saat ərzində  əldə etdiyi qələbə nəticəsində Qarabağı tərk edən bəzi separatçılar Ermənistanda məskunlaşdırıldıqdan sonra İrəvan hökuməti ilə münaqişəyə başladılar. Bu günlərdə Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan Qarabağdan köçən ermənilərin mənzillə təmin olunması proqramının təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, əgər onlar Ermənistanda qalıb vətəndaşlıq almaq qərarına gəlsələr, hökumət onlara mənzillə bağlı köməklik edəcək. Dəstək hər bir ailəyə ev almaq və ya tikmək üçün sabit məbləğin ayrılmasından ibarət olacaq. Belə ki, Ermənistan hökuməti Qarabağdan köçmüş ermənilərə yalnız bu ölkədə qalıb yaşamağa və vətəndaşlıq almaq şərtilə dəstək verməyə hazırdır. Müvəqqəti yaşamaq və gələcəkdə Qarabağa qayıtmaq istəyənlərə isə hökumət kömək etməyəcəyini bildirib.

Bu baxımdan, baş nazirin müavini Tiqran Xaçatryanın səsləndirdiyi fikirlər Qarabağ separatçıları arasında açıq narazılıq yaradıb. Özünü "Dağlıq Qarabağın ərazi idarəsinin keçmiş naziri" adlandıran Hayk Xanumyan isə bildirib ki, hökumətin bu nizamlanma proqramı Qarabağ erməniləri ilə müzakirə olunmayıb və onların bu məsələdə mövqeyi nəzərə alınmayıb.

Xanumyan qeyd edib ki, bu qərar problemli rayonlardan, yəni sərhədyanı yaşayış məntəqələrindən İrəvana imiqrasiyanın artmasına səbəb olacaq.

Ermənistandakı separatçıların oyuncaq "parlamenti" də kənarda qalmayıb. Separatçı "deputat"lar bu ideyanın onlarla müzakirə edilməməsindən inciyib və bunu qeyri-adekvat adlandırıblar. Onlar hesab edirlər ki, bu proqram Qarabağdan köçmüş ermənilər arasında narazılıq və etirazlara səbəb olacaq, onları Ermənistanı tərk etməyə məcbur edəcək. Bir zamanlar Azərbaycanı beynəlxalq arenalarda günahlandıranlar, indi də İrəvanı necə deyərlər, "topa" tuturlar. 

Yayılan məlumatlara görə, Ermənistanda məskunlaşmış Qarabağdan könüllü şəkildə gedən ermənilərlə hökumət arasında hazırda heç bir əlaqə yoxdur. Ermənistan hökuməti Azərbaycanla sülh danışıqları zamanı İrəvanda ərazi iddiası ilə çıxış edən separatçıların hər hansı mütəşəkkil fəaliyyətinin qarşısını almağa çalışır.

Digər tərəfdən, separatçılar və onların virtual strukturları hansısa fəaliyyətlə məşğul olur, gizli görüşlər keçirir və vaxtaşırı ictimai məkanda, hətta dövlət məmurları ilə də münaqişəyə girməyə çalışırlar. Yəni Qarabağ separatçıları indi Ermənistan hakimiyyəti üçün başağrısına çevriliblər.

Aiza ŞABANOVA,

"Respublika.