Şəki: Peşə təhsili dövrün tələblərinə uyğun təşkil edilir
Region

Şəki: Peşə təhsili dövrün tələblərinə uyğun təşkil edilir

Şəkinin 3 min ilə yaxın tarixi yaşı var. Bu qədim diyar dünya əhəmiyyətli tarixi memarlıq abidələri ilə məşhurdur. Şəhərdə dövlət qeydiyyatına alınan 84 tarix-mədəniyyət abidəsi mövcuddur. Hazırda şəhər öz qədimliyini qorumaqla yenidən qurulur, tarixi binalar bərpa edilir. Füsunkar təbiəti, nadir tarixi memarlıq abidələri,  özünəməxsus sənətkarlığı, həmçinin zəngin irisnin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Şəhər 2008-ci ildə dünya tarixi şəhərlər liqasının üzvü seçilib. 2010-cu ildə Azərbaycan Sənətkarlar Paytaxtı elan edilib. 2017-ci ildə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb. 

Şəki Dövlət Peşə Təhsil Mərkəzi peşə ixtisaslarını bazar konyukturasına, müasir dövrün tələblərinə, mövcud maddi-texniki bazaya, kadr potensialına əsaslanaraq yanaşır və seçim aparır. Ona görə də prioritet sahələr kimi turizm, aqrar sənaye, sənətkarlıq, yüngül və yeyinti sənayesi kimi ixtisaslara üstünlük verir. Mərkəzdə hazırda 300 tələbəyə təlim-tərbiyə və tədris prosesinin aparılmasına geniş imkanlar var və əyani vəsaitlərlə təmin edilib.

Mərkəzin direktoru Şahin Şirinzadə bildirdi ki, ixtisaslara dərindən yiyələnmək üçün ilk növbədə nəzəri biliklərə sahib olmaq və peşənin dərinliklərini öyrənmək zəruridir. Bunun üçün əvvəlki illərdən fərqli olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi Mərkəzinin dərslik-kitablarla təminatı genişləndirilib, pedaqoji heyətin müasir dövrün tələbləri çərçivəsində bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər təşkil olunur.

Xalçaçılığın sənətkarlıq sektorunda önəmli yerlərindən birini tutduğuna toxunan mərkəzin direktoru qeyd etdi ki, arxeoloji qazıntılar zamanı aşkar edilən tapıntılar hələ b.e. əvvəl xalçaçılığın mövcudluğunu sübut etmişdir. Xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Məhz bu səbəbdən də xalçaçılığın peşə ixtisası kimi tətbiq edilməsi turizm resursları, ipəkçilik ənənələri geniş olan Şəkidə özünəməxsus yer tutacaq.

Bu sahədə layihə çərçivəsində avadanlıqlarla təchizat və yerli peşəkarlar vasitəsilə tədrisin təşkil edilməsi, peşəkar ixtisaslı kadrların hazırlanmasına şərait yaradacaq.

Direktor qeyd etdi ki, Şəki taxılçılıq rayonu kimi daha çox tanınır və kənd təsərrüfatının digər sahələrində də uğurlu nəticələr mövcuddur. Heyvandarlığın inkişafı, tütünçülüyə ayrılan diqqət nəticəsində yenidən bərpa edilməsi, meyvə-tərəvəzçiliyin inkişafı və s. Şəkinin iqtisadiyyatında prioritet yer tutur. Bu sahələr öz növbəsində peşə bacarıqlarını ətrafında birləşdirir. Heyvandarlıq mütəxəssislərinə, traktorçulara, çilingərlərə, bitkiçilik mütəxəssislərinə olan tələbat durmadan artır. Bu ixtisasları müasir dövrün tələblərinə uyğun qurduqda isə xarici mütəxəssislərdən asılılıq azalır. Mərkəzdə dərzi  peşəsinə də xüsusi diqqət yetirilir.

 Avropa İttifaqının maliyyə dəstəyi vasitəsilə BMT İP-nin icraçısı olduğu “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində ixtisasların cəlbediciliyinin artırılması, əmək bazarına inteqrasiyası, bu məqsədlə təlimlərin keçirilməsi, peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə dəstək və s. kimi istiqamətlər əsaslılıq təşkil etməklə icrasına start verilib.

ABAD-la sıx əməkdaşlıq yeni tədris ilində qarşıya qoyulan vəzifələrin icrasında stimul olacaq. Mərkəzin publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi isə həm mühəndis-pedaqoji heyətin, həm də təhsilalanların gələcək fəaliyyətlərində yeni mərhələdir.

Mikayıl NƏRİMANOĞLU,

“Respublika”.