YUBİLEY SEVİNCLƏRİ
Region

YUBİLEY SEVİNCLƏRİ

Lənkəran şəhərindəki C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbi respublikamızda nümunəvi təhsil ocaqlarından sayılır. Məktəbin yetirmələrinin uğurları, xoş sorağı ölkəmizin hüdudlarından uzaqlarda da eşidilir. Bu qabaqcıl, musiqili mədəniyyət ocağı artıq 65 ildir ki, fəaliyyət göstərir.

Məktəbin Lənkəran Şəhər Mədəniyyət Mərkəzində keçirilən yubiley tədbirinə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, mədəniyyət işçiləri, məktəbin müəllim və şagirdləri, valideynlər, ictimaiyyətin nümayəndələri toplaşmışdı. Əvvəl ölkəmizin suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə yubiley münasibətilə kollektivi təbrik edərək mədəniyyətin inkişafına göstərilən dövlət qayğısından, zəngin təcrübəyə və ənənələrə malik musiqi məktəbinin rayonun mədəni həyatında rolundan danışdı. Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanını kollektivə təqdim etdi.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov məktəbin nailiyyətlərindən söhbət açdı. Təkcə rayonun mədəni-kütləvi tədbirlərində deyil, respublika üzrə keçirilən muğam və digər müsabiqələrdə, festivallarda məktəbin şagirdlərinin kifayət qədər uğurlara imza atdığını, təhsil ocağının fəaliyyətinin Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymələndirildiyini bildirdi. Kollektivin səmərəli işinin, qazandığı nailiyyətlərin regional mədəniyyət idarəsi tərəfindən Fəxri fərmana layiq görüldüyünü qeyd etdi.

Məktəbin direktoru Camal Həsənov, Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova təhsil ocağının gənc nəslin musiqi zövqünün inkişafında, mənəvi tərbiyəsində rolundan, respublikamızın digər təhsil müəssisələri ilə işgüzar əlaqələrindən söhbət açaraq kollektivə səmimi arzularını bildirdilər.

Tədbirdə məktəbin xalq çalğı orkestrnin, qarmon, qanun, nağaraçalanlar, xanəndələr və folklor ansambllarının, "Buta" rəqs qrupunun çıxışları rəğbətlə, alqışlarla qarşılandı. Vətənə, müstəqilliyimizə, ümummilli lider Heydər Əliyevə həsr olunmuş mahnılar, cənub diyarının folklor nümunələri, əməyi, zəhməti tərənnüm edən səhnəciklər kollektivin peşəkarlığından, istedadlı şagirdlərin gələcək uğurlarından soraq verirdi.

Əlisəfa HƏSƏNOV,

"Respublika".