Bölgələrdə dayanıqlı su təminatı daim diqqət mərkəzindədir
Region

Bölgələrdə dayanıqlı su təminatı daim diqqət mərkəzindədir

Builki anomal istilər sakinləri və aqrar sahədə çalışan zəhmətkeş insanları sınağa çəksə də, təcrübəli su təsərrüfatı işçilərinin fədakarlığı əkin sahələrində bol məhsulun əldə olunmasına real imkan yaratmışdır. Belə ki, əkin sahələri yetərincə suvarma suyu ilə təmin olunmuş, fermer və sakinlər quraqlığın sərt problemləri ilə üzləşməmişlər. Bu sahədə görülən işlər haqqında geniş məlumat almaq üçün uzun müddət bu sahəyə rəhbərlik edən, təcrübəli meliorator Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzovla sahədə iş başında görüşdük.

O bildirdi ki, aqrar sahənin inkişafı iqtisadiyyatın əsasını təşkil edir. Bu şübhəsiz ki, əkinəyararlı torpaqların normal, vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasından da asılıdır. Artıq bu sahədə yetərincə islahatlar aparılmış və müsbət nəticə alınmışdır. Son illərdə aqrar sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, aqrar sahənin maddi-texniki bazası xeyli gücləndirilmişdir. Minlərlə kilometr suvarma kanallarının və kollektordrenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmiş, subartezian quyuları qazılmış, sel və daşqınlara qarşı sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri uğurla həyata keçirilmişdir.

2023-cü ilin 9 ayı ərzində suvarmanı mütəşəkkil və tələb olunan səviyyədə həyata keçirmək üçün Göygöl Suvarma Sistemləri İdarəsinin də fəaliyyəti həmin dövr üçün nəzərdə tutulan, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq qurulmuşdur. Kənd Təsərrüfatı bitkilərinin suvarılmasının həyata keçirilməsi məqsədilə, kanalların su limitləri təsdiq edilmiş, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün lazım olan mövcud imkanlardan maksimum istifadə olunmuşdur. Ümumilikdə, Göygöl Suvarma Sistemləri İdarəsi 15210 ha suvarılan sahəyə xidmət edir. İdarə üzrə suvarmada 5 mənbədən Gəncəçay, Kürəkçay, Qoşqarçay çaylarının, 296 ədəd subartezian quyusunun (5820 hektarı təmin etməklə) və 10 ədəd su nasos stansiyasının, mənbəyini Şəmkirçaydan götürən Şəmkirçay Su Anbarının sağ sahil kanalı vasitəsilə (1294 hektarı təmin etməklə) ötürülən suvarma suyundan istifadə olunur. Suvarma suyunun itkisiz, səmərəli və qənaətlə istifadə edilməsi üçün idarənin balansında olan kanallarda tədbirlər planına uyğun olaraq mexanizmlərlə 510 min kubmetr həcmində lildən təmizləmə işləri görülmüşdür. Əlavə olaraq 30 ədəd hidrotexniki qurğu, 12 ədəd hidropost cari təmir edilmişdir.

Rayon ərazisində sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlər görülmüşdür. Belə ki, 25 may 2023-cü il tarixindən etibarən ərazidən selin fəsadsız keçirilməsində Göygöl Suvarma Sistemləri İdarəsinin böyük rolu olmuşdur. Sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay, Qoşqarçayın məcraları mexanizmlə tənzimlənmiş, Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arxlarının və kanalların dəhnələri şitlər, beton bloklar və digər vasitələrlə möhkəmləndirilmişdir. Ağır texnikaların köməyi ilə çay məcralarında 68 min kubmetr həcmində təmizləmə işləri aparılmışdır. Güclü yağıntıların fəsadlarının vaxtında aradan qaldırılması üçün idarədə operativ qərargah yaradılmışdır.

Göygöl, Daşkəsən və Gəncə şəhərlərində bir neçə dəfə baş vermiş təbii fəlakət olaraq yaranan selin şəhər, qəsəbə və kənd sakinlərinin fərdi təsərrüfatlarına, hətta həyətlərdə saxladıqları şəxsi minik avtomobillərinə, yol infrastrukturlarına, körpülərə, suvarma şəbəkələrinə vurduğu fəsadların aradan qaldırılması üçün idarənin operativ işçi qrupları və müxtəlif təyinatlı texnikaları cəlb olunmuşdur.

Əhalinin əkin sahələrini suvarma suyu ilə təmin etmək, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına zəmin yaratmaq məqsədilə balansda olan 296 ədəd subartezian quyularından 215 ədədi cari təmir olunmuş, quyuların iş rejimləri bərpa edilmiş və su istehlakçılarının istifadəsinə verilmişdir. 15 ədəd subartezian quyusunda təmirə yaramayan nasos aqreqatları, yeni təzə nasoslarla əvəzlənmiş 24 ədəd subartezian quyularının mühafizə şitləri təmir olunmuş, 2 ədəd mühafizə şiti isə təmirə yaramadığı üçün yenisilə əvəzlənmişdir. İdarənin balansında 10 ədəd nasos stansiyası fəaliyyət göstərir ki, onlardan 7-si təmir edilərək iş rejimləri bərpa olunmuşdur. Çaylı nasos stansiyasında selin vurduğu fəsadlar aradan qaldırılmışdır. Belə ki, nasosun su qəbuledici kanalı və su tutarı lil və mexaniki qarışıqlarla dolmuşdu. İdarənin işçi qüvvəsi və texnikasının köməyi ilə dəhnə bloklarla, şitlərlə bərkidilmiş, kanal daxili lildən və digər qarışıqlardan təmizlənərək bərpa edilmişdir. Həmçinin, nasos stansiyasına quraşdırılmış asinxrom mühərrikin yastıqları, kipləyici kəndirləri, yenisi ilə dəyişdirilərək iş rejimi bərpa olunmuşdur. Əlavə olaraq SUNO-630 markalı mühafizə idarəetmə şitlərində də tələb olunan elektrik avadanlıqları yenisi ilə əvəz olunaraq işlək vəziyyətə gətirilmişdir. Eyni zamanda nasos stansiyasının fasiləsiz iş rejimini bərpa etmək üçün 2023-cü ilin istehsalı olan elektrik mühərriki ilə birlikdə təzə nasos aqreqatı ehtiyat nasos olaraq quraşdırılmışdır. Analoji olaraq digər nasos stansiyalarında selin vurduğu fəsadlar aradan qaldırılmış və tələb olunan cari təmir işləri aparılmışdır. Quşqara kəndində nəzərdə tutulan 1 ədəd subartezian quyusu istifadəyə verilmişdir. 2-ci quyuda isə qazma işləri davam etdirilir. Beləliklə, Quşqara kəndində 114 fərdi təsərrüfatın kommunal-məişət və suvarma suyuna olan tələbatının tam olaraq ödənilməsi təmin ediləcəkdir. Yaxın günlərdə isə Səmədli qəsəbəsində 35/120 reper nömrəli subartezian quyusunun qazılması işlərinə başlanılacaqdır. Bununla da Səmədli qəsəbəsində 46 fərdi təsərrüfatın suya olan tələbatı tam olaraq təmin ediləcəkdir.

Sonda idarə rəisi İsmayıl Əvəzov əminliklə bildirdi ki, Göygöl Suvarma Sistemləri İdarəsinin kollektivi qarşıya qoyulmuş vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi, su itkisinə yol verilmədən suvarmanın daha mütəşəkkil həyata keçirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək.

Zabit XƏLİLOV,

"Respublika".