Şəhəri su ilə təmin edən anbarlar qurumaq təhlükəsi ilə üzləşib
Dünya xəbərləri

Şəhəri su ilə təmin edən anbarlar qurumaq təhlükəsi ilə üzləşib

Yer səthinin 70 faizdən çox hissəsi su ilə örtülsə də, yalnız 2.5 faizi içməyə yararlıdır. Bundan əlavə, təmiz su qeyri-bərabər paylanıb. 2006-cı ilin sonundan dünya əhalisinin 40 faizinin yaşadığı 80 ölkədə su çatışmazlığı mövcuddur.

Planetdəki vəziyyət getdikcə pisləşir. Hər il təxminən 8 milyondan çox hektar ərazi səhralığa çevrilir. Su çatışmazlığının səbəb olduğu qeyri-kafi gigiyena şərtləri nəticəsində dünyada hər gün təxminən 10 min insan ölür.

Su qlobal əhəmiyyətə malikdir, lakin dünya əhalisi artdıqca bu nemət tükənməyə başlayır. BMT-nin xüsusi araşdırmalarına əsasən dünyada suya tələbat qarşıdakı yarım əsrdə üç dəfə artacaq. Hazırda Türkiyədə də su qıtlığı yaşanır. Yaxın bir neçə ay ərzində Türkiyənin iri şəhərlərinin su ehtiyatı tükənə, İstanbul isə 50 gün içində tamamilə susuz qala bilər. Bu il Türkiyə ərazisində temperaturun normadan yüksək olması və yağışların çox gec-gec yağması 20 milyonluq meqapolisi son onilliklərin ən güclü quraqlığı ilə üz-üzə qoyub. İstanbul su anbarlarında su ehtiyatı həftə ərzində 2 faiz azalaraq normanın 30 faizinə düşüb. Bu da 2014-cü ildən bəri ən aşağı göstəricidir.

"İstanbul bəndlərindəki su ehtiyatı norma üzrə 868,7 milyon kubmetr olmalı idi. Lakin bu günə olan məlumata görə, su ehtiyatı 346 milyon kubmetrə qədər azalıb. Türkiyənin ən böyük şəhərində su təchizatının azalmasına səbəb iyulun əvvəlindən ölkənin şimal-qərbində yaranmış isti hava şəraiti olub". Bu fikri açıqlamasında İstanbul Böyük Şəhər Bələdiyyəsinin Su və Atıq Su Kanalizasiya Şöbəsinin müdiri Zikri Bayraklı bildirib. Onun sözlərinə görə, İstanbul şəhərini su ilə təmin edən su anbarlarının qurumaq təhlükəsi var. Hazırda şəhəri su ilə təmin edən anbarlarda doluluq səviyyəsi 36.15 faiz təşkil edir, bu da son on il ərzində baş vermiş ikinci belə hadisədir.

"Bu il çox çətin il olacaq. Ona görə İstanbulda yaşayan hər bir insan sudan qənaətlə istifadə etməlidir. Hətta yeni bir projeyə də başlanılıb. Evlərdəki su qurğularına suya qənaət etmək üçün yeni "perlatör" adlı aparat quraşdırılacaq. Su israfının qarşısını almaq və əhalini müntəzəm su ilə təmin etmək üçün tullantı sularının təkrar emalına da üstünlük verilir. Ancaq bu metod daha çox enerji sərf edir, ona görə bununla bağlı alternativ üsullara ehtiyac yaranır", - deyə Z.Bayraklı vurğulayıb.

Onu da qeyd edək ki, İstanbulda su qıtlığının qarşısını almaq üçün Düzcə şəhərindən İstanbula 300 km xətt vasitəsilə gətirilən suyun miqdarı artırılıb. Hətta duzluluğu olan Qara dənizdən də İstanbula su gətirilməsi planlaşdırılır.

Su çatışmazlığı probleminin həllində başqa yollar da tətbiq edilə bilər. Dənizdən təmizlənmiş suyu sənaye həcmində əldə etməyə imkan verən unikal duzsuzlaşdırma zavodlarının yaradılması sahəsində perspektivli inkişafları da nəzərdən keçirmək vacibdir.

Esmira YAZKAN ASLANOVA,

"Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.