Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

TÜRKİYƏ, İSVEÇ VƏ NATO ARASINDA ƏLDƏ OLUNAN RAZILIĞIN DETALLARI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında Vilnüsdə keçirilən görüşdə NATO-nun genişlənməsinə dair razılıq əldə olunub. “Report” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sənəd 6 bənddən ibarətdir.

Razılaşmaya əsasən, tərəflər təmasları həm NATO daxilində, həm də hər iki ölkə nazirlərinin iştirakı ilə davam etdirəcəklər.

Bununla yanaşı, Ankara, Stokholm və Brüssel terrorla mübarizənin uzunmüddətli proses olduğunu və bu istiqamətdə işlərin NATO-nun genişlənməsindən sonra da davam etməsini razılaşıblar.

Məlumata görə, ilk iclasda İsveç terrorla necə mübarizə aparacağına dair planı Türkiyəyə təqdim etməlidir. Razılığa əsasən, rəsmi Stokholm heç bir terror təşkilatını dəstəkləməyəcək.

Eyni zamanda, Ankara və Stokholm arasında iqtisadi əməkdaşlıq başlayacaq. Ölkələr arasında silah ticarəti ilə bağlı məhdudiyyətlər yumşaldılacaq. Həmçinin İsveç Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyəcək.

 

NATO-dan RUSİYANIN HÜCUMUNA QARŞI MÜDAFİƏ PLANI

Şimali Atlantika Təşkilatı Rusiyanın alyans ölkələrindən birinə hücum edəcəyi təqdirdə, müdafiə planı ilə bağlı razılığa gəlib. Bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Açıqlamaya əsasən, NATO onilliklər ərzində hücum zamanı fövqəladə vəziyyət planı hazırlamağa ehtiyac görmürdü, lakin indi alyansın sərhədlərində, Ukraynada İkinci Dünya müharibəsindən bəri Avropada ən qanlı müharibə gedir. NATO ölkələri belə qənaətə gəliblər ki, Rusiya ilə mümkün qarşıdurmaya hərbi əməliyyatlar başlamazdan xeyli əvvəl hazırlaşmaq lazımdır.

Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq daha öncə planı şərh edərkən bildirib ki, müttəfiqlər hansı qüvvə və imkanlara ehtiyac olduğunu, harada, nəyi və necə yerləşdiriləcəyini dəqiq biləcəklər.

“The New York Times” xəbər verir ki, həmçinin NATO ölkələri Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu dörd dəfə artırmağa hazırlaşır. Nəşrin məlumatına görə, alyans Şərq cinahının 8 ölkəsindəki qüvvələrin sayını təxminən 40 min nəfərə çatdıracaq.

 

ÇİN ÜDM HƏCMİNƏ GÖRƏ ABŞ-ı KEÇƏ BİLƏR

Çin 2034-cü ilə qədər nominal ÜDM həcminə görə ABŞ-ı keçə bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Focus Economics”in proqnozunda əks olunub.

Məlumata görə, ÜDM dinamikasının hazırkı trayektoriyası Çinin artımının ABŞ ilə müqayisə oluna biləcək qədər yavaşlamasını göstərir, lakin ekspertlər bu proqnoz üçün əhəmiyyətli risklər barədə xəbərdarlıq edirlər.

Hindistan və İndoneziyada isə əksinə, daha yüksək artım templəri qorunacaq ki, bu da ekspertlərin təklif etdiyi kimi, bu ölkələrin ÜDM-in dünya üzrə üçüncü və dördüncü yerlərini tutmasına imkan verəcək.

Qeyd edilir ki, 2022-ci ilin sonunda Amerika iqtisadiyyatı Çin iqtisadiyyatından 42 faiz böyük olub, 2034-cü ilə qədər Çinin ÜDM-i 41 trilyon dollara çata bilər, ABŞ ÜDM isə 40 trilyon dollar təşkil edəcək.

 

İRAN BAYRAĞI ALTINDA ÜZƏN NEFTLƏ DOLU TANKER SAXLANILIB

İndoneziyanın Bakamla bölgəsində sahil mühafizə xidmətinin əməkdaşları iyulun 11-də İran bayrağı altında üzən neftlə dolu tankeri saxlayıblar. Bu barədə “Röyters” agentliyinin yaydığı məlumatda qeyd olunur.

Verilən xəbərə görə, tanker xam neftin qanunsuz nəqliyyatında iştirakda şübhəli bilinir.

Məlumata əsasən, “Arman 114” gəmisinin göyərtəsində 272 min tondan çox yüngül xam neft olub. Gəmi nefti Kamerun bayrağı altında üzən “Stinoz” tankerinə nəql edildikdən sonra saxlanılıb.

Qeyd edək ki, bu ilin yanvarında İran və Panama bayraqları altında üzən gəmilər qanunsuz neft nəqlində iştirakda şübhəli bilinərək İndoneziya sularında saxlanılıblar.

Xatırladaq ki, 2016-cı ildə ABŞ İrana qarşı sanksiya tətbiq edib. Bundan sonra bəzi dövlətlərin neft nəqliyyat donanmaları qadağalardan yan keçməklə İran neftinin daşınması ilə məşğul olur.

 

Sİ CİNPİN: ÇİN RUSİYA İLƏ TƏRƏFDAŞLIĞI İNKİŞAF ETDİRMƏYƏ HAZIRDIR

Çin Rusiya Federasiyası ilə tərəfdaşlığı inkişaf etdirmək və sabit və ədalətli dünya qurmağa kömək etmək üçün işləməyə hazırdır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Çin sədri Si Cinpin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü zamanı bildirib.

“Çin yeni dövrə qədəm qoyan hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığı inkişaf etdirmək, iki ölkənin dirçəlişini təşviq etmək, firavan, sabit, ədalətli və qərəzsiz dünya qurmağa kömək etmək üçün Rusiya ilə işi davam etdirməyə hazırdır.

Eyni zamanda, Si Cinpin qeyd edib ki, Çin və Rusiya dünya gücləridir və bəşəriyyətin inkişafı, eləcə də tərəqqisi üçün mühüm məsuliyyət daşıyırlar.

Xatırladaq ki, Valentina Matviyenkonun başçılıq etdiyi Rusiya Federal Məclisinin nümayəndə heyəti iyulun 9-dan 12-dək Çində səfərdədir.

 

ÇEXİYA PREZİDENTİ RUSİYA VƏ UKRAYNA DANIŞIQLARINA MÜNASİBƏT BİLDİRİB

“Rusiya ilə Ukrayna arasında danışıqlar bu ilin sonuna kimi baş verəcək hadisələrdən asılı olacaq”. “Report” agentliyinin xəbərinə görə, bu barədə Çexiya prezidenti Petr Pavel ABŞ-ın “The New York Times” nəşrinə müsahibəsində bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Ukraynaya hərbi dəstək üçün fürsətlər bu ilin sonuna qədər azalacaq. “Gələn il ABŞ-da və digər ölkələrdə seçkilər keçiriləcək. Bundan sonra müttəfiqlərin Ukraynaya hazırkı dəstəyi qoruyub saxlaya biləcəkləri hələ məlum deyil”, - deyə Çexiya prezidenti vurğulayıb.

Bununla yanaşı, dövlət başçısının sözlərinə görə, gələn il Ukraynaya hərbi dəstəkdən məhrum ola bilər. Qeyd edək ki, müttəfiqlərin bir çoxu, o cümlədən ABŞ Ukraynaya dəstəyin gələcəkdə də davam edəcəyini bildiriblər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

 

CƏNUBİ KOREYA POLŞAYA DÖYÜŞ TƏYYARƏLƏRİ GÖNDƏRİB

Koreya Respublikasının  istehsalı olan ilk “FA-50” yüngül döyüş təyyarələri Polşaya çatdırılıb. Bu barədə Polşa baş nazirinin müavini və milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında bildirib.

“Polşa ordusu üçün ilk iki ədəd “FA-50” döyük təyyarəsi artıq Varşavadadır! Cənubi Koreyada sifariş edilən, postsovet texnikasını əvəz edən yüngül döyüş təyyarələri ölkənin hərbi hava qüvvələrinin potensialını gücləndirəcək”, - deyə Mariuş Blaşçak qeyd edib.

Xatırladaq ki, daha öncə Polşanın müdafiə naziri Cənubi Koreya təyyarələrinin ölkəyə tədarükünə başlandığını elan etmişdi. Ümumilikdə rəsmi Varşava Seuldan “FA-50”nin 48 nüsxəsini almaq niyyətindədir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.