Ağdam-Xankəndi marşrutu üzrə ilk yükün keçidi reallaşdı
Region

Ağdam-Xankəndi marşrutu üzrə ilk yükün keçidi reallaşdı

Dünən Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə RQXC-nin yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə keçidi təmin olunub.

Humanitar yük dolu 1 TIR və onu müşayiət edən Cəmiyyətin işçi heyəti Rusiya sülhməramlılarının blok postunu keçərək Xankəndiyə doğru hərəkət edib. Artıq ərzaq dolu yük avtomobili Xankəndiyə çatıb və hazırda yük müvafiq anbara boşaldılır. Bu hadisəni Azərbaycanın növbəti qələbəsi adlandırmaq olar və Ağdam-Xankəndi marşrutu üzrə ilk yükün keçidi olaraq tarixə düşəcək. Eləcə də Ağdam-Xankəndi yolunun açılmasını reinteqrasiya prosesinin başlanğıcı hesab etmək olar. Bu hadisə bir daha onu göstərdi ki, dövlətimizin separatçı rejimə və reinteqrasiya prosesi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Elman NƏsirov bildirib ki, Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin daşınması məsələsi legitim xarakter kəsb edir:

"Ermənistan tərəfinin təzyiqi altında Xankəndidəki separatçı rejim təkcə Azərbaycandan gedən humanitar yükün deyil, eyni zamanda Rusiyadan istiqamətlənmiş humanitar yüklərin Xankəndiyə çatmasına mane olurdu. Ancaq bunun bir sonu olmalı idi və nəzərə alsaq ki, Rusiya-Ermənistan münasibətləri özünün ən mürəkkəb çağını yaşayır və münasibətlərdə kritik bir dönəm başlayıb. Hətta Rusiyanın yüksəkvəzifəli məmurları bir çox hallarda Ermənistanın siyasi rəhbərliyini Qərbə işləməkdə ittiham edirlər. Belə olan halda Rusiyadan gələn humanitar yüklərin qarşısını almaq, onun Xankəndiyə daxil olmasına imkan verməmək və səbəb kimi də Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoluna gətirmək bu artıq qəbuledilməz idi. Buna heç bir başqa ad vermək mümkün deyildi və bu, nəticə etibarilə Rusiya-Ermənistan münasibətlərindəki çatların daha da dərinləşməsinə xidmət göstərirdi. Artıq təzyiqlər fonunda separatçılar geri çəkilmək məcburiyyətində qaldı və Rusiyadan gələn yüklərin Xankəndiyə çatdırılması prosesi reallaşdırıldı. Bunun bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, həmin yolu Azərbaycan təklif edib. Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin daşınması məsələsi legitim xarakter kəsb edir. Bundan sonra Azərbaycandan gələn yükün qarşısını almaq artıq qeyri-mümkündür və bu, baş verəcəyi təqdirdə Ermənistanın əsl çirkin niyyəti, oyunları bütün çılpaqlığı ilə özünü göstərəcək və Ermənistanın heç bir arqumenti qalmayacaq. Hesab edirəm ki, artıq Rusiya Qırmızı Xaç Cəmiyyətinin yüklərinin Xankəndiyə çatması növbəti mərhələdə dövlətimiz tərəfindən göndərilən humanitar yüklərin çatdırılmasında yaşıl işıq olacaq".

Musa BAĞIRLI,

"Respublika".