Rodney Dikson: Emosional Okamponun
Digər xəbərlər

Rodney Dikson: Emosional Okamponun "soyqırımı" hesabatı kökündən qüsurludur

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo 2023-cü il 7 avqust tarixli rəyində ("Moreno Okampo rəyi") Azərbaycanın Qarabağ bölgəsində "soyqırımı"nın baş verdiyini iddia edib. Bu, olduqca ciddi ittihamdır. Xüsusilə hazırkı zamanda bu, potensial olaraq çox pis nəticələrə gətirə biləcək bir ittihamdır. Bu baxımdan Azərbaycan tərəfi məndən müstəqil ekspert kimi Moreno Okamponun rəyinə hüquqi qiymət verməyi xahiş edib. Məsələyə dair tam qiymətləndirməm tezliklə dərc olunacaq. Bununla belə, beynəlxalq hüquqda heç bir möhkəm əsası olmayan təxribat xarakterli belə iddiaların Azərbaycan və Ermənistan arasında hazırda davam edən sülh danışıqlarına mane olmasına və bölgədə gərginliyi qızışdırmasına yol verilməməsi əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponun rəyi ilə bağlı qeydlərində əksini tapıb. R.Diksonun qeydlərini təqdim edirik.

Beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə dəstəkləndiyi kimi, həm Azərbaycan, həm də Ermənistan hökumətləri Qarabağ regionu ilə bağlı 30 ildən artıqdır davam edən münaqişəyə son qoyaraq, iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında nizamlanmaya sadiq olduqlarını bildiriblər.

Qeyd edilənlərlə əlaqədar, Moreno Okamponun rəyi haqqında aşağıdakı əsas müşahidələri qeyd etmək yerinə düşər. Bu müşahidələri diqqətə çatdırmaqda məqsədim, Moreno Okamponun rəyində irəli sürülən iddiaların əsassız olduğunu və açıq-aydın hər hansı etibarlı mənbəyə əsaslanmadığını sübut etməkdir. Xüsusilə hazırkı mürəkkəb və həssas şəraitdə qeyd edilən rəy qərəzsiz və ciddi ekspert təhlili üçün tələb olunan dəqiq göstəricilərə cavab vermir. Hazırda Qarabağda soyqırımı törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Bu, əsassız və çox təhlükəli bir iddiadır və heç bir iştirakçı tərəf və ümumilikdə beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul edilməməlidir. Rəydə aşağıda vurğuladığım müəyyən əsas çatışmazlıqlar mövcuddur:

 Birincisi, cənab Moreno Okamponun 2023-cü il iyulun 30-da X (tviter) platformasında açıqladığı kimi, onun rəyi "Artsax prezidenti" kimi istinad etdiyi şəxsin müraciəti əsasında hazırlanıb. O, Qarabağdakı etnik erməni separatçı qurumun qondarma rəhbəridir. Həmin qurumun 1990-cı illərdə Ermənistanın dəstəyi ilə hərbi güclə qanunsuz yaradılması yüz minlərlə azərbaycanlının qovulması nəticəsində baş verib. Onilliklər ərzində qurum beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunsa da, Ermənistan hökumətinin dəstəyi sayəsində mövcudluğunu qoruyub. Lakin 2020-ci ildə Azərbaycan 44 günlük müharibədən sonra sözügedən ərazinin bir hissəsini geri qaytarıb. O zamandan etibarən Ermənistan hökuməti beynəlxalq hüquqa uyğun olaraq, Qarabağın həqiqətən də Azərbaycan olduğunu açıq şəkildə tanıyıb. Beləliklə, qeyri-qanuni "Artsax" qurumu öz himayədarını itirib. Cənab Moreno Okampo kimi beynəlxalq hüquq müdafiəçisinin bu zəifləmiş administrasiyanın Ermənistan siyasətində itirilmiş mövqelərini bərpa etmək üçün göstərdiyi səylərə töhfə verməsi məyusedicidir. Cənab Moreno Okamponun bunu etmək həvəsində olarkən cəmi bir həftə ərzində öz rəyini verərək və "#StopArmenianGenocideinArtsakh" və "StopArmenianGenocide2023" həştəqlərini yerləşdirərək öz təhlilini qabaqcadan hazırlamaqla kifayətlənməsi sual doğurur.

Bütün bunlar müstəqil və ədalətli ekspertin metodologiyası deyil. Bunun daha çox, hüquqi məsələlərin siyasiləşdirilməsinə, onlardan siyasi məqsədlər üçün istifadə olunmasına xidmət etməsi təəssüf doğurur.

İkincisi, Moreno Okamponun rəyi təəccüblü dərəcədə əsassızdır. Rəydə "soyqırımı"nın əsas elementlərini dəstəkləyən heç bir sübut yoxdur. Rəydə "soyqırımı"nın tərifini vermək yaxşı ola bilər, lakin bu, heç bir dəlil və əsas olmayan şəraitdə məsələni irəli aparmaq iqtidarında deyil.

Beynəlxalq Ədalət Məhkəməsinin "Xorvatiya Serbiyaya qarşı" işində izah olunduğu kimi, "soyqırımı iki tərkib elementi ehtiva edir: fiziki element, yəni törədilən əməl və ya "actus reus" və psixoloji element və ya "mens rea".

İlk növbədə, fiziki elementi götürsək, cənab Moreno Okamponun fikrincə belə görünür ki, Azərbaycanın Qarabağla Ermənistanı birləşdirən dağ yolu olan "Laçın dəhlizi"ni "bağlaması" və bununla da Qarabağın etnik erməni sakinlərini həyati ehtiyaclarından məhrum etməsi səbəbindən "soyqırımı" mövcuddur. Rəyə əsasən, bu "fakt" Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiya ilə bağlı Ermənistan və Azərbaycan arasında aparılan icraatlarda aşkar edilib. Hətta bütün bu işlərin (birinin Azərbaycanın Ermənistana qarşı, digərinin isə Ermənistanın Azərbaycana qarşı qaldırdığı) heç də "soyqırımı" ilə bağlı olmadığını söyləsək belə, Məhkəmənin Azərbaycan tərəfindən belə bir blokadanın olduğunu fakt kimi müəyyən etdiyini söyləmək yanlışdır.

Məhkəmənin ən son açıqlamalarını Ermənistanın qaldırdığı iş üzrə 2023-cü il 6 iyul tarixli qərarında tapmaq olar. Bu qərar "Azərbaycanın hərbi keçid məntəqələri yaratmaqla Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinə əsaslı şəkildə maneə törətməsi" ilə bağlı Ermənistanın iddiasına cavab olaraq verilib. Qərarda Ermənistanın iddiasında faktiki uyğunsuzluqlar qeydə alınıb və belə nəticəyə gəlinib ki, məhkəmə "Laçın dəhlizi" ilə bağlı artıq verdiyi qərara dəyişiklik edilməsini əsaslandırmaq üçün hər hansı fərqli şəraitin mövcud olduğunu müəyyən edə bilməyib. Qeyd edək ki, bu son qərar cənab Moreno Okampo tərəfindən ümumiyyətlə xatırlanmır.

Məhkəmə 2023-cü ilin fevralında vəziyyətlə bağlı daha əvvəlki qərarında sadəcə olaraq "2022-ci il 12 dekabr tarixdə Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin "pozulduğunu" ifadə edirdi və buna görə də Azərbaycan "Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün öz ixtiyarında olan tədbirləri görməyə" çağırılırdı. Məhkəmənin istər Moreno Okampo rəyinin istinad etdiyi etirazlar (hansı ki, Ermənistanın məhkəməyə izah etdiyi kimi artıq baş vermir), istərsə də müzakirə etdiyi sərhəd-buraxılış məntəqəsi ilə bağlı konkret qərarlar açıqlamadığı məlumdur. Məhkəmə nə Ermənistanın, nə də Azərbaycanın aralarında gedən icraatlarla bağlı verdiyi qərarlara əməl edib-etmədiyi barədə açıqlama verməyib.

Beləliklə, Moreno Okamponun rəyi məhkəmənin icraatlarını tamamilə yanlış təqdim edir.

Psixoloji elementə gəlincə, Moreno Okamponun rəyi Beynəlxalq Ədalət Məhkəməsinin qəti şəkildə bəyan etmədiyi məsələlər əsasında onun mövcudluğunu "qeyd etməyə" - yəni yanlış nəticə çıxarmağa çalışır. Bu, açıq şəkildə "soyqırımı" üçün tələb olunan xüsusi niyyətin, yəni "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin" olub-olmadığını müəyyən etməyə çalışmaq üçün qeyri-münasib üsuldur (Məhkəmənin Xorvatiya Serbiyaya qarşı işində izah etdiyi kimi). Hətta məhkəmə rəyin nəzərdə tutduğu nəticələri çıxarmış olsaydı belə, konkret niyyətin mövcudluğu onlardan çıxarıla bilən yeganə "ağlabatan nəticə" olmazdı və buna görə də rəyin bu barədə gəldiyi nəticə "Xorvatiya Serbiyaya qarşı" işindəki qərar kontekstində dəstəklənməzdi.

Beynəlxalq hüquq məsələsi kimi yüksək hədd olan soyqırımının müəyyənedici elementini - qrupu tamamilə və ya qismən fiziki cəhətdən məhv etmək niyyətini əsaslandırmaq üçün heç bir sübut yoxdur. Rəydəki istinadlar bu əsas tələbə cavab vermir. Heç bir sübut olmadan ekspert tərəfindən soyqırımı ittihamlarının irəli sürülməsi tamamilə yanlışdır.

Üçüncüsü, Moreno Okamponun rəyi ərazidəki faktlarla (hansılar ki, yuxarıda qeyd olunduğu kimi, tamamilə qeyri-müəyyən olaraq qalır və rəydə nəzərə alınmayıb) heç bir əlaqə olmadan, "Azərbaycan Prezidentinin guya fərdi cinayət məsuliyyəti daşıdığı"na dair təhrikedici bəyanatlar verir. Bu, böyük məsuliyyətsizlikdir. Dövlət başçısını təqsirləndirmək üçün heç bir əsas yoxdur və əksinə bu, rəyin verilməsinin arxasında duran əsl niyyətin nədən ibarət olduğunu ört-basdır edir.

İstənilən halda Azərbaycan Roma Statutuna tərəf deyil və rəyin dolayısı ilə qəbul etdiyi kimi, Qarabağ da daxil olmaqla öz ərazisinə münasibətdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etməyib.

Dördüncüsü, rəy istinad etdiyi "faktlar"da açıq şəkildə selektiv yanaşma tətbiq edir. O, misal üçün Azərbaycanın Qarabağın etnik erməni sakinlərini təmin etmək üçün alternativ marşrut ("Ağdam-Xankəndi marşrutu") təklifinə toxunmur, baxmayaraq ki, bu, rəyin iddia etdiyi kimi, açıq şəkildə həmin sakinlərin "fiziki məhvinə səbəb olan həyat şəraitinin" Azərbaycan tərəfindən "qəsdən tətbiq edilib-edilməməsi" məsələsinə aiddir.

Rəyin nəticələrini açıq şəkildə sual altına alan müvafiq faktiki hallar rahat şəkildə ört-basdır edilir və qeyd olunmur. Beləliklə, rəy balanslaşdırılmış və hərtərəfli ekspert hesabatı olmaqdan çox uzaqdır.

Beşincisi, Moreno Okampo öz təhlilində natamam və qeyri-dəqiqdir. Buna görə rəyin yaxından və diqqətlə yoxlanılması vacibdir. Onun sərtliyinin Azərbaycan və Ermənistanın sülh axtarışında olan hökumətləri arasında əsassız ziddiyyət yaratmasına imkan vermək olmaz. Əvəzində onun nəşri bütün tərəflərə və beynəlxalq ictimaiyyətə beynəlxalq hüquqa uyğun olaraq davamlı sülhü təşviq etmək üçün səylərini ikiqat artırmağa təkan verməlidir.

Bütün bu səbəblərdən, regiondakı tərəflər və beynəlxalq ictimaiyyət Moreno Okampo rəyinin iddia edilən nəticələri və tövsiyələrinə qarşı ehtiyatlı olmalıdırlar.

Tam qiymətləndirməm tezliklə dərc olunacaq.