Regional  Aqrar İnnovasiya   Festivalı
İQTİSADİYYAT

Regional  Aqrar İnnovasiya   Festivalı

Elm və texnika inkişaf   etdikcə onun ən son nailiyyətlərinin istehsalata tətbiqi Kənd Təsərrüfatı Nazirliyinin və onun aidiyyəti qurumlarının diqqət mərkəzindədir. Nazirliyin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Zaqatala  rayonunda keçirilib. “Agrarco Fındıq Emalı zavodu”nun ərazisində keçirilən festivalda Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz rayonunun fermerləri iştirak ediblər. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev və Zaqatala Rayon İcra Hakimiyyəti  başçısının müavini İlkin Şəfizadə regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları və digər tabeli qurumları, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış 70-dən artıq yerli və xarici şirkət, eyni zamanda digər dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun stendlərlə təmsil olunublar.

Nazirliyin mətbuat xidməti bildirir ki, festival iştirakçıları tərəfindən kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qidalılıq göstəricilərinə malik yem bitkiləri, eləcə də bitki toxumu nümunələrinin nümayişi keçirilib.

Festival çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) KTN ilə birgə icra etdiyi, hökumət tərəfindən maliyyələşdirilən “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” (HAZER) layihəsinin komponenti üzrə birgə əməkdaşlıq həyata keçirilib. Qeyd edək ki, “HAZER” layihəsinin əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq, aflotoksin maddəsinin mövcudluğu riskini azaltmaq və istehsal edilmiş fındığın keyfiyyətini yüksəltməklə Qabaqcıl Kənd Təsərrüfatı təcrübələrini tətbiq etməkdir.

Festivalda panel müzakirələri zamanı sahənin ixtisaslaşmış mütəxəssisləri tərəfindən “Azərbaycanda fındıqçılığın davamlı inkişafı: çağırışlar, innovasiyalar və həllər”, “Fındığın toplanmasında və emalında müasir avadanlıq və texnikalar”, “Müasir rəqabətədavamlı fındıq bağlarının salınmasının üstünlükləri”, “Fındıqçılıqda biotexnoloji və molekulyar metodlardan istifadənin əhəmiyyəti”, “Fındığın xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri” mövzularında müzakirələr aparılıb.

Nəriman  CAVADOV,

“Respublika”.