Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu əldə edib
Siyasət

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu əldə edib

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 12-ci plenar iclasında təşkilatın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusu alması ilə bağlı müraciət edilməsi məsələsi nəzərdən keçirilib dəstəklənib. Plenar iclasda həmçinin, Parlament Şəbəkəsinin TÜRKPA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı müraciətinə baxılıb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müraciət müsbət qiymətləndirilib Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə TÜRKPA-da müşahidəçi statusu verilib.

İclasda çıxış edən Milli Məclisin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova bildirib ki, TÜRKPA-nın beynəlxalq əlaqələrinin genişlənməsi təqdirəlayiqdir. Onun sözlərinə görə, Milli Məclisin hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında cari ilin fevral ayında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu, həmçinin müşahidəçilik əsasında gələcək qarşılıqlı fəaliyyət TÜRKPA-nın beynəlxalq əlaqələrinin daha da güclənməsinə xidmət edəcək.