Qlobal təhlükəsizlik,
İqtisadiyyat

Qlobal təhlükəsizlik, "yaşıl texnologiya"

İqlim dəyişmələri hazırda bəşəriyyəti ağuşuna alan mühüm problemlərdən hesab olunur. Bu, həyatımızın hər sahəsində qeyri-müəyyənlik yaratmaqla yanaşı, insanların gündəlik həyatına həm psixoloji, həm də fiziki cəhətdən öz təsirini göstərir. Qlobal istiləşmənin fəsadları artıq özünü büruzə verir. Belə ki, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında qeyd olunan məlumata görə, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Temperatur bu templə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarətin 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələcəyi ehtimal olunur. Bu proseslər ölkəmizdə də müşahidə edilir. Məsələn, respublikamızda son dövrlərdə orta illik temperatur 0,4-1,30 dərəcəyədək artıb.

Dünya əhalisinin artması canlı aləmə mənfi təsirlərlə müşayiət olunur. Çünki 8 milyard əhalinin ərzaqla təminatı çətin məsələdir. Əhali artımı sənaye sahələrinin, şəhərlərin, kənd təsərrüfatının genişlənməsinə rəvac verir. Sənayenin və aqrar sektorun genişlənməsi meşə massivləri hesabına reallaşır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox insan ölkənin qərbindən şərqinə köçdü, sosial-iqtisadi problemlər, eləcə də əhalinin Bakı şəhərində və Abşeron yarımadasında məskunlaşması ekoloji problemləri artırdı.

Mövcud reallıqlar fonunda Azərbaycanda iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində mühüm işlər görülür. Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu Sərəncamın imzalanmasında əsas məqsəd iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə nail olmaqdır. Bununla yanaşı, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirilir. İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan olunub. "Ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilməklə yanaşı, ekosistemin bərpası da diqqətdə saxlanılır. Azərbaycanın enerji siyasətinin əsasını "yaşıl enerji" növlərinin yaradılması və dünya bazarlarına nəqli təşkil edir. Dövlətimiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin bu il Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın göstəricisi, həmçinin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının əyani sübutudur.

Mayın 24-də Laçın rayonunda diplomatik korpusun üzvləri və hərbi attaşelərin iştirakı ilə keçirilən "Lachin Climate Action Dialogue" forumu işinə başlayıb. Forumda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, iqlim dəyişmələri ilə mübarizə qlobal təhlükəsizlik məsələsidir. O, yeganə davamlı həllin qlobal yaşıl və təmiz enerjiyə keçid olduğunu, lakin bu keçid tempinin dünyanın bir çox müxtəlif yerlərində eyni səviyyədə olmadığnı diqqətə çatdırıb. Dünyada 2030-cu ilə qədər bərpaolunan enerji potensialını üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırmasının vacibliyini vurğulayıb. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın "yaşıl" texnologiyası və "yaşıl enerji"si üçün sınaq meydanına çevrildiyini nəzərə alsaq, forumun Laçında baş tutması da xüsusi anlam kəsb edir. Daha dəqiq desək, bu, bölgənin əhəmiyyəti öhdəmizə götürdüyümüz böyük vəzifə ilə üst-üstə düşdüyünü təsdiqləyir. Çünki Qarabağ və Şərqi Zəngəzur "yaşıl" dünya üçün ən yaxşı texnologiyaları sınaqdan keçirdiyimiz yerdir. Gələcəkdə regionda istehlak ediləndən daha çox "yaşıl enerji"nin istehsalı və müəyyən mənada Azərbaycanın digər bölgələrinə ixracı da nəzərdə tutulur.

Bu gün ölkəmiz iqlim dəyişmələri ilə mübarizədə uğurlu addımlar atır. Bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr və COP29 tədbirinə ev sahibliyi dövlətimizin prosesin önündə getməyə və uzaqgörən, qlobal səviyyədə mövqeyini möhkəmləndirəcək xarici siyasətini davam etdirməyə imkan yaradacaq. Bu cür mötəbər tədbirin ölkəmizdə keçirilməsi dəqiq və düşünülmüş diplomatik addımların nəticəsi kimi qiymətləndirilir. Bir məqamı da qeyd edək ki, COP-un son dövrlərdə neft ölkələrində keçirilməsi bu dövlətlərin öz iqtisadiyyatını yaşıl enerjiyə keçid istiqamətində qurmağa doğru addımlamasının və ətraf mühit məsələlərinə həssas yanaşmasının təzahürüdür. Bu platformada müasir çağırışların, sülh və iqlim dəyişmələrinin, alternativ enerji və "yaşıl" dünya ilə bağlı məsələlərin geniş müzakirə olunacaq. Bu xüsusda, COP29-a ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi dəyərləndirmək mümkündür.

Nəzrin ELDARQIZI,

"Respublika".