Xocavəndturizm üçün cəlbedici olacaq
İqtisadiyyat

Xocavəndturizm üçün cəlbedici olacaq

Zirvəsi buludlardan su içən dağlar, yastı təpələr, bələk kimi dumana bürünmüş dərələr, göz işlədikcə uzanıb gedən düzənliklər, çayların suyu ilə yuyunan yamaclar Xocavəndin təbii cizgiləridir. Əzəli və əbədi yurd yerimiz Xocavəndin uzaq əsrlərin arxasından boylanan tarixi keşməkeşli olsa da, çox zəngin və qiymətlidir.

Türk əsatirlərində, salnamələrdə, dastanlarda, tarixi qaynaqlarda Xocavəndin adı keçir, uzaq keçmişə şahidlik edən daş abidələrin pozulmaz izi bu torpaqların sinəsinə əbədi həkk edilib. Yadellilər, işğalçılar bu cənnət diyara  nə qədər qəsd etsələr də, onun qürurunu sındıra bilməyiblər. Məhz buna görə də qocaman tarixin daş kitabələri, pozulmaz izləri, məhsuldar torpaqları, dəyərli şəxsiyyətləri Xocavəndin ən böyük sərvəti hesab olunur.

Çox təəssüf ki, XIX əsrin əvvəllərində İrandan bu yerlərə köçürülən erməni ailələrinin bir çoxu Xocavənddə məskunlaşdırılıb. Çox keçməyib ki, əmin-amanlığın hökm sürdüyü bu torpaqlarda erməni fitnə-fəsadı baş qaldırıb, daşnak ermənilər Xocavəndin tarixinin, etnoqrafiyasının, adət-ənənəsinin, yer-yurd adlarının dəyişdirilməsinə cəhdlər ediblər. Bu mədəni soyqırımına qarşı mübarizə aparan xocavəndlilərin dirənişinə baxmayaraq, erməni millətçiləri havadarlarının köməyi ilə bəzi türk adlarını dəyişiblər. Sonra Xocavənd torpaqlarında guya ermənilərin sıx yaşadığını nəzərə alan keçmiş sovet hökumətinin qərarı ilə Martuni rayonu yaradılıb. Təbii ki, ermənilərin diktəsi ilə yaradılan bu rayonda bütün əsas vəzifələrə şovinist ermənilər təyin edilib və zaman-zaman azərbaycanlıların sıxışdırılmasına başlanılıb. Haylar bu bərəkətli torpaqlara düşmənçilik toxumları səpib, azərbaycanlılara qarşı hər yerdə kin-küdurət, paxıllıq göstəriblər. Bu torpaqlarda erməni barbarlığı bir əsrdən çox davam edib. Nəhayət, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra daşnak ermənilərin tarixi haqsızlığının qarşısının alınması üçün bəzi qərarlar qəbul edilib.

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə "Dağlıq Qarabağ Muxtar Vilayəti" ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılıb. Uzun illərdən sonra tarixi ədalət bərpa edilib. Lakin erməni millətçiləri və xarici ölkələrdən gətirilmiş muzdlular Qarabağı qan çanağına çeviriblər, mərmi və güllə səsləri bu yerlərdəki dincliyi pozub. Erməni terroru bu bərəkətli torpaqların bağrına bıçaq kimi saplanıb, dinc azərbaycanlılar öz torpaqlarından qovulublar. Düşmən əli ilə məhv edilmiş insan talelərinin acı xatirələri insanlığı ayıq olmağa, erməni faşizmini boğmağa səsləyir. Qeyd edək ki, Ermənistanın işğalı nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də ciddi zərər dəyib. Otuz ildən çox erməni millətçilərinin Qarabağda törətdiyi vəhşilik bu gün Azərbaycana qarşı haqsız mövqedə dayanan bəzi Avropa ölkələrinin, ermənipərəst avropalı siyasilərin gözləri qarşısında baş verib. Riyakarlıqla susublar, daşdan səs çıxıb, lakin onlardan səs çıxmayıb, gözü kölgəli olduqları üçün haqqın qarşısında büzüşüblər, simalarını itiriblər.

Azərbaycanın xəritəsində əlverişli mövqeyə malik olan Xocavənd Ağdam-Füzuli avtomobil yolunun kənarında, dağətəyi düzənlikdə yerləşir. Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus yeri olan Xocavəndin hər daşı, hər qayası, hər mağarası tarixin canlı şahididir. Xocavənd rayonunun Hadrut qəsəbəsi və 37 kənd qəhrəman Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində 2020-ci il 9 oktyabr tarixində azad edilib. Uzun illər xocavəndlilərin qəlbində gəzdirdiyi nisgil, kədər, həsrət sevincə, qürura, fərəhə çevrilib. Doğma yurd, Xocavəndin bir parçası, iki çayın arasında yerləşən Hadrut düşmən caynağından xilas edilib. İyirmi səkkiz il yurd həsrəti ilə yaşayan xocavəndlilərin ən böyük arzusu doğma yurdlarına qayıtmaq idi. Həmin günü səbirsizliklə, ümidlə gözləyiblər. Nə xoş ki, yurd yerlərinə qayıdış başlanıb. Qeyd edək ki, Hadrut respublikamızın ən dilbər guşələrdən biridir, təsadüfi deyil ki, ilahinin sehrli rənglərinə bürünən Hadrutu haylar Qarabağın açarı adlandırırdılar. Bu yerlərin tarixi mənzərəsi və füsunkar təbiəti könülləri oxşayır. Hadrutun işğaldan azad edilməsi həm də tarixi ədaləti bərpa etdi. Hərbi ekspertlərin qənaətinə görə, Hadrut döyüşləri son iki yüz illik tariximizin ən şərəfli, ən əhəmiyyətli və ən qüdrətli səhifəsidir. Hazırda Hadrutda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Çox keçməz ki, yerli əhali modern üslubda qurulan yeni bir yaşayış məntəqəsində firavan həyat quracaqlar. Yəqin ki, Xocavənddən həm də turizm marşrutları keçəcək, bu diyarın təbiəti, tarixi, etnoqrafiyası, adət-ənənəsi əcnəbi səyyahlar və turistlər üçün cəlbedici olacaq.

Qarabağ iqtisadi rayonuna daxil olan Xocavənd böyük strateji əhəmiyyətilə yanaşı, həm də iqtisadi potensialı ilə də fərqlənir. Xocavənd turizm, sənaye, aqrar, eləcə də xidmət sahələrinə görə başqa bölgələrlə müqayisədə xeyli üstünlüyə malikdir. Mütəxəssislərin qənaətinə görə, Hadrut qəsəbəsi və bütövlükdə Xocavənd rayonu Cənubi Qafqazda fasiləsiz turizm potensialı xidmətləri təklif ediləcək azsaylı bölgələrimizdən biri hesab olunur. Həm Hadrut qəsəbəsinin, həm də ətraf kəndlərin yay, qış dini, mədəni, tarixi, müalicəvi turizm xidmətləri təklif etmək imkanı var. Bu da ondan xəbər verir ki, Azərbaycan turizminə Xocavənd xüsusi töhfə verəcək. İnsanlar öz doğma torpaqlarında məskunlaşdıqdan sonra vətəndaşlarımız bura daxili turizm üçün müraciət edəcəklər. Çünki Xocavəndin təbiəti kifayət qədər gözəldir və gəzməli-görməli tarixi yerləri çoxdur. Bəşər sivilizasiyasının beşiyi olan Xocavənd bölgəsi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Azıx mağarası, həmçinin qədim tarixi olan Tağlar mağarası, V-VIII əsrlərə aid olan qədim qalaların, Alban məbədinin bu ərazidə yerləşməsi onun turizm əhəmiyyətini birə-beş artırır. Kifayət qədər böyük xammal bazasına, təbii faydalı ehtiyatlara malik olması Xocavəndin geniş sənaye imkanlarından da xəbər verir. Üzümü və yaşıl mərməri ilə məşhur olan Xocavənddə əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, taxılçılıq, quşçuluq, bostançılıq və tərəvəzçilikdən ibarət olub. Sözsüz ki, keçmiş ənənələr bərpa ediləcək. Çox qısa müddətdə həyata keçirilən ölçüyəgəlməz işlər Xocavənddə həqiqətən yeni dövrün başlandığını göstərir. Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində olduğu kimi, Xocavənd rayonunda da möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilir. Erməni işğalı dövründə tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş qəsəbə və kəndlərimiz yenidən qurulur, bu torpaqlara firavan və xoşbəxt həyat qayıdır. Hazırkı dönəmdə Xocavənddə turizmə yatırılacaq investisiyalar ölkə iqtisadiyyatına gələcək illərdə böyük töhfə verəcəkdir.

Salman ALIOĞLU,

"Respublika".