İqlim dəyişmələri ilə mübarizə nə vaxt başlayıb?
Ekologiya

İqlim dəyişmələri ilə mübarizə nə vaxt başlayıb?

Ötən əsrin 70-ci illərində, dünyanın 3-cü sənaye inqilabına qədəm qoyduğu bir dövrdə iqlim dəyişmələri problemləri də üzə çıxmağa başladı. 3-cü sənaye inqilabının gətirdiyi avtomatlaşdırma və kompüter texnologiyaları ekoloji mühitin nə dərəcədə təhlükədə olduğunu kütləvi informasiya sayəsində görmək üçün kifayət etdi.

XVIII əsrin ikinci yarısından bəri, yəni sənaye inqilabı 1.0-dan, buxar gücündən istifadə və istehsalın mexanikləşdirilməsi zamanından dünyada iqlim kəskin şəkildə dəyişməyə başlayıb. İlk növbədə, kömür, neft və qaz kimi qalıq yanacaqların yandırılması günəşin istiliyinə təsir edərək və temperaturu yüksəldərək "yerin ətrafına bükülmüş yorğan" effekti yaratdı və hər şey belə başladı. Dünya insan əliylə məhvə sürüklənməyə doğru yön aldı. Bu, artıq məsələdən agah olan beynəlxalq təşkilatları narahat etməyə başlamışdı. O vaxt ən ali qurum hesab edilən Birləşmiş Millətlər Təşkilatı məsələni nəzarətə götürmək üçün hərəkətə keçdi...

Bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Ölkənin getdikcə artan nüfuzu və iqlim məsələləri ilə bağlı fəallığımız Azərbaycanı bu tədbirin ev sahibi üçün ən real namizədə çevirilib. Yekdilliklə qəbul olunan qərar ölkəmizə olan etimadın daha bir göstəricisidir. Yaxşı, bəs nədir COP29? Və niyə COP29? BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) Tərəflər Konfransı, qısaca COP dünyada sürətlə artan iqlim problemlərinin həlli üçün təşkil olunan illik konfransdır. Yuxarıda qeyd etdiyimiz kimi, dünyada iqlim dəyişmələri problemləri 70-ci illərin sonunda müşahidə olunsa da COP üçün hələ bir az gözləmək lazım idi. Onun sələfi hesab edilən İqlim Konfransı 1979-cu ildə öz işinə başlamışdı. Sözügedən konfransın ikinci sessiyası isə bu gün dünya üçün əhəmiyyətli olan COP-un formalaşmasına ciddi təsir göstərdi. 1990-cı ildə keçirilən İqlim Konfransında COP-un təsis edilməsi üçün ilkin fərziyyələr ortaya atıldı. Bu münasibətlə BMT 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində Ətraf Mühit və İnkişaf üzrə konfrans çağırmaq qərarına gəldi. Rio-de-Janeyro Bəyannaməsi həmin ilin sonuna qədər artıq 158 ölkə tərəfindən imzalanmışdı. Bəyannamənin özülündə bugünkü COP-un təsis edilməsi dayanırdı. Səbəb kimi isə istixana qazlarının atmosferdəki konsentrasiyalarını iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyədə sabitləşdirmək idi. Əksəriyyətin yüksək qiymətləndirdiyi sənəd 1994-cü ildə qüvvəyə mindi. Bir il sonra isə bu gün iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı əsas ünvan olan Tərəflər Konfransının 1-ci sessiyası Almaniyanın Berlin şəhərində baş tutdu.

İlk konfrans bir çox mühüm qərarlara şahidlik etdi. COP-un katibliyi həmin ölkənin digər bir şəhəri olan Bonna verildi. COP1 üzv ölkələrin iqlim dəyişmələrinin həlli istiqamətində öhdəliklərin müzakirəsi istiqamətində də effektiv rola malik oldu ki, bunun da nəticəsi 2 il sonra müşahidə edildi. Lakin konfrans nümayəndələri Prosedur Qaydaları ilə bağlı konsensus əldə edə bilmədilər və səsvermə qaydalarına dair növbəti razılaşma COP2-yə qədər təxirə salındı.

Ölkə başçısının COP29-la bağlı Sərəncamında sözügedən konfransdan əlavə, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası da qeyd olunur. Bəs bunlar nədir? COP-u təsis edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCC) Tərəflər Konfransının gedişi dövründə 2 idarəedici orqanı təsis etdi. Bunlar Kioto Protokolu (CMP) və Paris Sazişinin Tərəflər Görüşü (CMA) idi. Birinci sessiyada razılaşdırılan məsələlərdən biri də iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasında öhdəliklərin müəyyənləşdirilməsi oldu. Fəaliyyətin təməl daşı isə Yaponiyanın Kioto şəhərində 1997-ci ildə keçirilən COP3-də atıldı. Tərəflər Konfransının 3-cü sessiyası həmin günə qədər görülmüş ən effektiv iqlim dəyişmələrinə həsr edilmiş tədbir oldu. O, sənayeləşmiş ölkələrin karbon qazı və digər istixana qazlarının ümumi emissiyalarını 2008-2012-ci illər üzrə öhdəlik dövründə 1990-cı il səviyyəsindən ən azı 5 faiz azaltmağı hədəfə aldı. 1997-ci ildə razılaşdırılan bu sənəd o dövr üçün böyük əhəmiyyət kəsb edirdi. Belə ki, protokolda nəhəng dövlətlərin ekoloji böhranın ən böyük səbəbkarı olduğu qeyd edilirdi. 1997-ci ildə qəbul edilən Kioto Protokolu 1998-ci ildə üzvlər tərəfindən razılaşdırılmış, nəhayət, 2005-ci ildə qüvvəyə minmişdir. CMP-nin ilk sessiyası da bu dövrə təsadüf etmişdir. Ölkəmiz bu protokola 2000-ci ildə qoşulub. 2012-ci ildə isə Kioto Protokolunun ilk öhdəlik dövrü başa çatdı. Bu münasibətlə elə həmin il Doha şəhərində 18-ci Tərəflər Konfransında Kioto Protokolunun ikinci mərhələsi (2013-2020-ci illər) üzrə Doha əlavəsi qəbul edildi. ABŞ-ın hələ də ratifikasiya etmədiyi və Kanadanın 2020-ci ildə çıxdığı bu protokol bu gün də aktiv şəkildə öz sessiyalarına davam edir.

Xülasə, UNFCC öz konfranslarının sayını artırmaqda qərarlı idi. Kioto Protokolu müsbət tempdə irəliləsə də bəzi nəhəng dövlətlər bu görüşün tələblərinə etinasız yanaşırdılar. ABŞ-ın ratifikasiya məsələsi buna ən bariz nümunə idi. Həmçinin iqlim dəyişmələri problemləri müasirləşən dövrün tələblərinə uyğun olaraq bir çox istiqamətdə öz əksini tapırdı. Bu baxımdan, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Kioto Protokoluna varis yaratmaq qərarına gəldi. Burada ilk hədəf isə böyük ölkələrin ekoloji böhrana daha yaxından cəlb edilməsi idi. Bu münasibətlə 12 dekabr 2015-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən COP21-də Kioto Protokolunun davamçısı və əvəzedicisi olan yeni Saziş konsensusla qəbul edildi və bir il sonra imzalandı. Paris Sazişinin əsas məqsədi XXI əsrdə qlobal temperatur artımını sənayedən əvvəlki səviyyədən, 2 dərəcədən çox aşağı saxlamaqla iqlim dəyişmələri təhlükəsinə qlobal reaksiyanı gücləndirmək və temperatur artımını 1,5-1 dərəcə selsi ilə məhdudlaşdırmaq səylərini davam etdirmək idi. 55 ölkə Paris İqlim Sazişini ratifikasiya etməli idi ki, məhz dünyada istixana qazı tullantılarının ümumi həcminin azı 55%-i bu qədər ölkənin payına düşürdü. Çin və ABŞ-ın sənədi eyni vaxtda ratifikasiya etməsi Paris Sazişinin qüvvəyə minməsi üçün mühüm addım oldu. Həmin dövrdə zərərli tullantıların 38 faizi bu iki ölkənin payına düşürdü. Tarixi sazişin şərəfinə Parisin simvolu olan Eyfel Qülləsi yaşıl rənglə işıqlandırıldı. Paris Sazişi 2016-cı ilin aprelində imzalandı və Milli Məclis tərəfindən ratifikasiya olundu. Elə həmin il Mərakeşdə keçirilən görüş Paris Sazişinin Tərəflər Görüşünün (CMA) ilk sessiyası hesab olunur...

Tacir SADIQOV,

"Respublika".