Qlobal Bakı Forumu: Yüksək beynəlxalq nüfuza malik mühüm platforma
Siyasət

Qlobal Bakı Forumu: Yüksək beynəlxalq nüfuza malik mühüm platforma

Qlobal Bakı Forumunda hər il dünyada aktual olan mövzular müzakirə olunur. Forum mühüm platforma kimi Azərbaycanın beynəlxalq arenada nüfuzuna müsbət təsir göstərir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xalqlar və mədəniyyətlər arasında əməkdaşlığı və dialoqu stimullaşdırmaq üçün qarşılıqlı anlaşma və dinc yanaşı yaşama dəyərlərini təbliğ etməsi mötəbər qurumlar tərəfindən də təqdir olunur.

Azərbaycanın qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə yüksələn mövqeyindən xəbər verir. Xüsusilə son illər ölkəmizin regionda aparıcı aktora çevrilməsi beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində aktiv iştirakına gətirib çıxarıb. Dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edir. Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivli ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü, gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb.

Xatırladaq ki, dünyanın bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib. Beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi həm də ona görə yüksəkdir ki, qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilir. Digər mühüm amil də həmin forumda daha çox dünyada yüksək nüfuza sahib olan mötəbər şəxslərin iştirak etməsidir. Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Qlobal Bakı Forumlarını ənənəvi olaraq hər il qeyri-hökumət təşkilatı kimi çox yüksək beynəlxalq nüfuza malik olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkil edir. Qeyd edək ki, 2013-2023-cü illər aralığında 10 forum keçirilib.

I Cənubi Qafqaz Forumu 2013-cü ilin 7-8 may tarixində keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak etmişlər. Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər müzakirə olunmuşdur. 2014-cü ilin 28-30 aprel tarixlərində Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu baş tutmuşdur. Forumun gündəliyində açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilmişdir. 2015-ci ilin 28-29 aprel tarixlərində "Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələləri - etnik və digər zəmində baş verən münaqişələri, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri geniş müzakirə etmişlər. 2016-cı ilin 10-11 mart tarixlərində "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən IV Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunmuşdur. V Qlobal Bakı Forumu 2017-ci il 16-17 mart tarixlərində keçirilmişdir. VI Qlobal Bakı Forumu 2018-ci il 15-17 mart tarixlərində "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda keçirilmişdir. 2019-cu il 14-16 mart tarixlərində "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumu baş tutmuşdur. 2020-ci ildə nəzərdə tutulan, Covid-19 pandemiyası ilə əlaqədar təxirə salınmış VIII Qlobal Bakı Forumu 2021-ci ildə keçirilmişdir.

2022-ci ilin iyununda keçirilən IX Qlobal Bakı Forumu "Qlobal dünya nizamına təhdidlər" mövzusuna həsr olunmuşdu. Foruma 50-dək ölkədən nümayəndə heyətləri, o cümlədən dövlət başçıları, nazirlər, sabiq prezidentlər, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli şəxsləri qatılmışdı. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılmışdı.

Ötən ilin mart ayında keçirilən X Qlobal Bakı Forumunda bir çox ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar təmsil olunublar. Tədbirdə dörd prezident, iki baş nazir, altı spiker və nazir, BMT sisteminə daxil olan beş təşkilatın rəhbərləri, 25 keçmiş prezident, 21 keçmiş baş nazir və 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak ediblər. Forum 61 ölkədən 360 nümayəndənin iştirakı ilə yadda qalıb. "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusundakı X Qlobal Bakı Forumunda COVID-19 pandemiyası nəticəsində iqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi kimi mövzular gələcək iqtisadi çağırışların tərkibində yer alıb. Forumunda Prezident İlham Əliyev tərəfindən vurğulanan enerji təhlükəsizliyi ilə əlaqədar siyasi tədbirlər beynəlxalq müstəvidə də aktuallıq daşıyır. Şərqi Avropa regionunda baş verən geosiyasi və geoiqtisadi tənəzzül fonunda Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, pandemiya dövründə Azərbaycanın nisbətən yoxsul ölkələrə göstərdiyi dəstək, ərzaq təhlükəsizliyi və su qıtlığı ilə mübarizədə ölkəmizin məsuliyyətli çağırışları beynəlxalq ictimaiyyətin diqqətinin Bakıya yönəlməsinə səbəb olub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iqtisadi, sosial və humanitar mövzular üzrə müzakirələr ölkəmizin imicinə müsbət təsir göstərib. Sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi "yaşıl iqtisadiyyat" Prezident İlham Əliyevin iqtisadi siyasətində ana xətlərdən birini təşkil edir. Enerji ölkəsi kimi tanınan Azərbaycanın "ənənəvi enerji" resurslarından "yaşıl enerji"yə keçidi son bir il ərzində sürətli şəkildə həyata keçirilir.

İndiyə qədər keçirilən forumların panel iclaslarında və sessiyalarında bəşəriyyətin qarşısında duran yeni çağırış və perspektivlər - yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər - iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin, inkişafın axtarışı yolları və digər mühüm mövzular barədə müzakirələr aparılıb.

Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra təkcə Ermənistanla deyil, onun dəstəkçiləri ilə də apardığı siyasi və diplomatik mübarizədə bu cür mötəbər forumların, müsbət beynəlxalq əks-səda yaradacaq tədbirlərin keçirilməsi və onlara ev sahibliyi edilməsi çox vacibdir. Hazırda   tarixi Qələbəmizdən sonra zamanın lehimizə işlədiyi postmünaqişə dönəmində regionla bağlı ortaya qoyduğumuz yeni reallığı bütün dünyaya qəbul etdirmək üçün belə mötəbər tribunaların rolu əvəzolunmazdır.

Qlobal Bakı Forumu ildən-ilə daha maraqlı keçir və mühüm mövzulara toxunulur. Bu il də dünyaya təsir göstərən mövzular, o cümlədən indiki müharibələr, münaqişələr və onların həll yolları müzakirə olunur. Sayca XI Qlobal Bakı Forumu beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından mühüm platformadır və "Parçalanmış Dünyanın Bərpası" mövzusuna həsr olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirib ki, XI Qlobal Bakı Forumunda təkcə müharibə və sülh mövzularını deyil, iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar məsələlərini də müzakirə edəcəyik.

Mustafa KAMAL,

"Respublika".