Bütövlüyümüzün, birliyimizin uğurlu təqdimatı
Siyasət

Bütövlüyümüzün, birliyimizin uğurlu təqdimatı

Genişmiqyaslı quruculuq nəticəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir

Azərbaycan tarixi ədalətin bərqərar olduğu, xalqla iqtidar, lider arasında qırılmaz tellərin bağlandığı, millətin və dövlətin bir yumruq kimi birləşdiyi şəraitdə, həm də rəşadətli və müzəffər ordumuzun torpaqlarımızı göz bəbəyi kimi qorumağa, ona göz dikən düşmənlərin dərhal başını əzməyə qadir olduğu şərəfli bir dövrə qədəm qoyub. Belə bir dövrdə Azərbaycanımızın qüdrətini və gücünü daha da artırmaq, milli sərvətlərindən səmərəli istifadə etmək, yeni reallıqlar şəraitində iqtisadi inkişaf və tərəqqi modeli formalaşdırmaq vacib şərtdir.

İkinci Qarabağ müharibəsində azad olunmuş əraziləri qısa müddət ərzində yenidən qurmaq, vaxtilə məcburi köçkün düşmüş soydaşlarımızı yurd yerlərinə qaytarmaq və onların rahat həyat şəraitini təmin etmək dövlətimizin daxili siyasətinin əsas istiqamətini təşkil edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsi, əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunması istiqamətində genişmiqyaslı layihələr icra edilir, bölgənin dinamik inkişafı üçün mühüm işlər görülür.

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və birgünlük lokal antiterror tədbirləri 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılmışdır. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul edilmiş və uğurla icra olunur. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə rəhbərlik edir.

Artıq Qarabağda həyat qaynamağa başlayır. İqtisadi, sosial və ekoloji cəhətdən səmərəli hesab edilən "Ağıllı kənd" və "ağıllı şəhər" modeli bunun bariz nümunəsidir. Bu gün Qarabağda innovativ informasiya və kommunikasiya texnologiyalarından, süni intellektdən və digər qabaqcıl texnologiyalardan geniş istifadə olunur. Eyni zamanda birgə müəssisələr, klasterlər, texnoparklar, azad iqtisadi zonalar yaradılır. Şərqi Zəngəzur iqtisadi rayonu isə əlvan metallurgiyanın inkişafı üçün böyük potensiala malikdir və həm də coğrafi mövqeyinə, tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Məlum olduğu kimi, bu ərazidə İstisu, Minkənd kimi mineral bulaqlar və meşələr var ki, sözügedən rayon kurort məqsədləri üçün ideal bir məkandır. Bu ərazilərdə erməni vəhşiliklərinə şahidlik edən dağıdılmış tarixi və dini abidələrimizin bərpasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Fond tərəfindən ondan çox məscid yenidən inşa edilir, yaxud da əsaslı şəkildə bərpa olunur.

Qarabağda və Şərqi Zəngəzurda aparılan bu möhtəşəm işlər, hərbi gücümüzün artırılması iqtisadi imkanlarımızın təqdimatıdır. Tezliklə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri başa çatacaq, soydaşlarımız bu torpaqlara tam şəkildə qayıdışları ilə oralara yeni nəfəs verəcək, malik olduqları resurslardan səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı inkişafını daha da möhkəmləndirəcəklər. Tarixi Zəfərimizin yeni reallıqları fonunda sülh müqaviləsinin imzalanmasına nail olmaqla bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi ilə yeni yaradılacaq əməkdaşlıq formatları iqtisadi inkişafa töhfələr verəcək.

İşğaldan azad edilən torpaqların dirçəlməsi, bu ərazilərə yeni nəfəs verilməsi strategiyasında sənayeləşmə xüsusi yer tutur. Başqa sözlə, düşməndən təmizlənən ərazilərimizdə sənaye parklarının qurulması və bu müəssisələrə investisiya cəlb olunması bölgənin resurslarından, həmçinin iqtisadi imkanlardan yararlanmaqla Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına stimul yaradır. Ölkəmizdə iqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına önəmli töhfə verən sənaye parklarının sırasına "Ağdam Sənaye Parkı" və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da qoşulur. Beləliklə, bu gün respublikada 7 sənaye parkı fəaliyyət göstərir. Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda da aeroportun qısa müddətdə istifadəyə verilməsi, Laçında hava limanın tikilməsi işğaldan azad olunmuş ərazilərdə quruculuğun sürətlə getdiyini bir daha təsdiqləyir. Bu limanların inşası həm siyasi, həm iqtisadi, həm də tarixi əhəmiyyət daşıyır. Bununla paralel olaraq, xəstəxanalar, məktəblər, idman obyektləri, yollar, 130-dan çox tunel və körpü inşa edilir. Bütün elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir. Keçmiş köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış məskənləri qurulur və tarixi şəhərlərimizin əvvəlki siması bərpa edilir.

Böyük Qayıdış proqramının icrası üçün maliyyə resursları səfərbər edilib. Bəli, bu gün maliyyə gücü kifayət qədər artan dövlətimiz artıq belə böyük həcmdə xərcləri qarşılamaq imkanlarına sahibdir. Azərbaycan heç bir xarici qüvvələrin köməyi olmadan Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs verir. Artıq bir neçə yaşayış məntəqəsində də keçmiş məcburi köçkünlər məskunlaşır. 2026-cı ilədək görüləcək işlərin miqyası kifayət qədər böyükdür. Bütün bu işlər ona görədir ki, Böyüş Qayıdış planı uğurla yerinə yetirilsin və keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarında məskunlaşması dayanıqlı olsun. 2024-cü ilin I rübündə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün xərclənən vəsait açıqlanıb. 2024-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin müvafiq layihələr üzrə təqdim edilmiş sifariş sənədləri əsasında 31,9 faizi və ya 1220,7 milyon manat ayrılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5 faiz çoxdur.

"Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır". Bu fikirləri fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində bildirib. Ölkə başçısı vurğulayıb ki, bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. "Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək".

Mustafa KAMAL,

"Respublika".