Qızılca ilə mübarizə
Region

Qızılca ilə mübarizə

İsmayıllı

"Əhalinin qorunması haqqında" və "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq rayon Gigiyena və Epidemiologiya Mərkəzi yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirlərini həyata keçirir. Ötən il ərzində görülmüş tədbirlər nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklər rayon ərazisində sporadik halda qeydə alınsa da, son aylar qızılca xəstəliyinin artımı müşahidə olunur.

İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov bildirib ki, Səhiyyə Nazirliyinin 1 dekabr 2023-cü il tarixli əmrinə uyğun olaraq rayonumuzda da qızılca xəstəliyinə qarşı mübarizə tədbirlərinin aparılması üçün gücləndirilmiş iş rejiminə keçirilmişdir. Belə ki, rayon Gigiyena və Epidemiologiya Mərkəzinə daxil olan təcili bildiriş vərəqi dərhal qeydiyyata alınır. Mərkəzin əməkdaşlarından ibarət epidemioloji briqada təşkil olunaraq xəstəlik hadisəsi qeydə alınan müəssisədə epidemioloji araşdırma aparmaq üçün müvafiq tədbirlər görülür. Xəstə və ailə üzvləri müəyyən olunaraq nəzarətə götürülür və digər insanlardan təcrid olunurlar. Yaşından asılı olmayaraq xəstəlik qeydə alınan bütün müəssisələrdə, xüsusən uşaq bağçalarında, məktəblərdə lazımi əks-epidemik tədbirlər və dezinfeksiya işləri həyata keçirilir.

Qeyd olundu ki, dezinfeksiya işlərinin aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" PHŞ tərəfindən kifayət qədər dezinfeksiyaedici maddələr və avadanlıqlar ayrılmışdır.

Qızılca xəstəliyinin alovlanmasının qarşısının alınması üçün Səhiyyə Nazirliyinin Təlimat Mərkəzindən "Soyuq zəncir" qaydaları gözlənilməklə qızılca, parotit və məxmərəyə qarşı peyvənd təqviminə uyğun vaksin materialları alınaraq rayon tibb müəssisələrinə paylanılmışdır. "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" PHŞ tərəfindən hazırlanmış bukletlər maarifləndirmə məqsədilə rayon təhsil və səhiyyə müəssisələrinə paylanılmışdır. Eyni zamanda rayonun bütün uşaq bağçalarında, məktəblərdə, peşə tədris mərkəzində, kollecdə və məktəbdənkənar təhsil müəssisələrində qızılca xəstəliyinin profilaktikası məqsədilə dezinfeksiya tədbirləri aparılır.

Mərkəzin direktoru qeyd etdi ki, bütün valideynlərə tövsiyə edirəm ki, uşaqlarına respublikada tətbiq olunan peyvənd təqviminə uyğun vaksin vurdursunlar. Tibb işçilərinin məsləhət və tövsiyələrinə öz uşaqları və ətrafdakı insanların sağlamlığı naminə əməl etsinlər. Çünki vaksinasiya uşaqlarınızı və bütün cəmiyyəti xəstəlikdən qoruyur. Yaşayış məntəqələrinin sanitariya vəziyyətinə vaxtaşırı nəzarət aparılır, tullantılar yığılan ərazilərin, ictimai yerlərin vaxtında təmizlənməsi üçün müvafiq təşkilatlara tapşırıq və tövsiyələr verilir. Rayonun su təchizatı şəbəkələrinin sanitar-texniki müayinələri aparılaraq cari ildə plana uyğun olaraq yaşayış məntəqələrinin su təchizatı sistemindən nümunələri götürülərək Respublika Gigiyena və Epdemiologiya Mərkəzinin laboratoriyalarına sanitar-kimyəvi və bakterioloji müayinələrə göndərilir. Mərkəz qeyd olunan kompleks tədbirləri həyata keçirməklə yoluxucu xəstəliklərin epidemik alovlanmalarının baş verməməsi üçün fəaliyyətini davam etdirəcəkdir.

M.NƏRİMANOĞLU,

"Respublika".