Qərəzli dinləmələr insan hüquqlarını necə ədalətlə müdafiə edə bilər?
Dünya xəbərləri

Qərəzli dinləmələr insan hüquqlarını necə ədalətlə müdafiə edə bilər?

ABŞ Konqresinin Tom Lantos adına İnsan Haqları Komissiyasının iyunun 21-də Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı keçirdiyi dinləmələr olduqca primitiv, qərəzli və əsassızdır. Komissiyanın erməni vətəndaşlarının hansı təhlükəsizliyi müzakirə etdiyi anlaşılan deyil. Çünki hazırkı məqamda Qarabağda təhlükə yaradacaq yeganə qüvvə Ermənistandır. Konqres iştirakçıları üçün xatırlatmaq lazımdır ki, bu gün Qarabağ ərazisi Ermənistan silahlı qüvvələrinin işğalından azad edilsə də, yenə də əraziyə silahlı hücumlar olunur, qanunsuz silahlı dəstələr yerləşdirilir. Mina basdırılması davam etdirilir. Müharibə bitdikdən sonra belə, yüzlərlə azərbaycanlı basdırılan minaların qurbanı olub.

Bəs ABŞ və digər böyük dövlətlər 1987-1988-ci illərdə Qərbi Azərbaycandan didərgin düşmüş 300 minə yaxın azərbaycanlının taleyinə qarşı niyə biganə qaldılar? Axı, bu insanlar öz doğma torpaqlarından, ata-baba yurdlarından zornan, güc tətbiq edilərək çıxarılmışlar. Azərbaycanlılar qışın soyuq, qarlı havasında ermənilər tərəfindən min bir işgəncə görərək öz evlərini, ərazilərini tərk etmişlər. Bu insanların haqqı, hüququ yoxdurmu? Niyə dünya birliyi, eləcə də böyük güc sahibi olan ABŞ birtərəfli mövqe saxlayır? İnsan haqlarının müdafiəsinə qalxan Konqresin üzvləri bir az diqqətli və məntiqli olsalar, daha yaxşı olar. Çünki Qarabağda yaşayan ermənilərə Azərbaycan tərəfindən heç bir təhdid və təhlükə yoxdur. Əksinə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün çıxışlarında onları Azərbaycan vətəndaşı kimi birgəyaşayışa, sülh və əmin-amanlığa çağırır. Məsələyə məntiqlə yanaşsaq, kimin yürütdüyü siyasətin, tutduğu mövqenin daha demokratik olduğunu görərik.

Qarabağın yerli əhalisi tarixən azərbaycanlılar olub. Ermənilər isə buralara sonradan yerləşdiriliblər. Əgər qanuna əsaslansaq, o zaman bu ərazilərdə kimin tamhüquqlu olduğunun şahidi olacağıq. Belə ki, Qarabağın əsl yerli əhalisi azərbaycanlılardır və onların bu torpaqlar üzərində hüquqları BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri ilə tanınıb. Birləşmiş Ştatlar da beynəlxalq hüququn normalarına uyğun olaraq Qarabağda Azərbaycanın danılmaz hüququnu tanıyır.

ABŞ əgər Qarabağ ermənilərinin taleyindən bu qədər narahat olursa, o zaman sülhü və birgəyaşayışı təbliğ etməlidir. Belə olan halda ərazidə yaşayan azərbaycanlılar, istərsə də ermənilər daha təhlükəsiz şəraitdə yaşayacaqlar. Məsələ ilə bağlı Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaranıb. Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasının Qarabağda yaşayan ermənilərlə bağlı keçirdiyi dinləmələrdən ciddi narahatlığını bildirərək bəyanat yaymışdır. Bəyanatda deyilir: Ermənistan 1987-1991-ci illərdə bütün azərbaycanlıları öz ərazisindən qovmuş, ardınca Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq edərək, onun ərazilərinin 20 faizini işğal etmişdir. Bütün bunlar nəticəsində Ermənistandan 300 minə yaxın azərbaycanlı qaçqın düşmüş və işğal olunmuş Azərbaycan ərazilərindən 700 min azərbaycanlı didərgin düşmüşdür".

Bir məsələ tamamilə aydındır ki, ABŞ, Fransa və digər dövlətlərin ermənilərlə "doğma" münasibətləri heç də real görünmür. Əgər bu dövlətlər dünyada ədalət və demokratiya carçısı kimi çıxış etmək istəyirlərsə, o zaman gözlərini alan tozlu torları təmizləsinlər. Ətrafa diqqətlə baxmağa, nəzər yetirməyə çalışsınlar. Komissiya olaraq düzgün siyasət yeritsinlər. Qarabağda yaşayan ermənilərin taleyi onları narahat etdiyi zaman, Qərbi Azərbaycandan min bir zülmlə qovulmuş azərbaycanlılar haqqında da düşünsünlər. Bu insanlar evlərini, mülklərini, doğma yurd-yuvalarını itiriblər. Maddi zərəri bir yana qoyaq, bəs mənəvi zərəri hansı ədalətin ixtiyarına buraxırlar. Xocalıda erməni süngüsündə inləyən körpələrin səsini eşitməyən ABŞ Konqresi, yaşlı azərbaycanlıların diri-diri dərisi soyulanda, cavanların gözləri çıxarılıb ovuclarına qoyulanda, hamilə qadınların körpələri erməni gülləsinə hələ dünyaya gəlməmişdən tuş gələndə harada idiniz? Sizin ədalətiniz, demokratiyanız budurmu? O zaman batsın belə demokratiyanı.

Bu gün Azərbaycan başına gələn bütün faciələrə rəğmən ermənilərə barışıq əli uzadır, Qarabağdakı ermənilərə Azərbaycan bayrağı altında tam təhlükəsiz yaşayış təklif edir. Bunu təbliğ edib dəyərləndirmək lazımdır, ABŞ! Ölkəmiz tolerant dövlət kimi bütün millətlərə qucaq açıb. Onların rahat yaşayışı üçün bütün şəraiti yaradır. Əlbəttə ki, erməni əsilli Azərbaycan vətəndaşlarını da bu aqibət gözləyir. Onlar Azərbaycanda tamhüquqlu vətəndaş kimi yaşaya bilərlər. Bu gün Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanır. Bir daşı, kərpici zərər görmədən. Amma ermənilər istər Qarabağda, istərsə də Qərbi Azərbaycanda bir dənə də salamat məscid qoymayıblar. Hamısını dağıdıb yararsız hala salıblar. Məscidlərimizi heyvan saxlamaqla təhqir ediblər. Bunlar baş verəndə isə elə o ABŞ-ın da, digər dövlətlərin də hər şeydən xəbəri vardı. Onda niyə insan hüquqları müdafiə olunmadı?..

Ramidə YAQUBQIZI,

"Respublika".