Qərbin Cənubi Qafqaz oyunları
Siyasət

Qərbin Cənubi Qafqaz oyunları

Cənubi Qafqaz bütün dövrlərdə böyük güclərin maraq dairəsində olub. O səbəbdən də regionda daim münaqişələr baş verib, kənar dövlətlər Cənubi Qafqazın sakit, sabit yaşayışını istəməyib. Məsələnin mahiyyətinə varanda məlum olur ki, uzun müddət davam edən Azərbaycan-Ermənistan münaqişəsinin həlli bəzi dövlətlərin işinə yaramırdı. Ona görə də bu gün meydanda "coşan" bəzi Qərb dövlətləri regionun ən zəif bəndi olan Ermənistanı istifadə edirlər.

Qərb üçün Ermənistanın çöküşü və yaxud da iflasa uğraması maraqlı deyil. Əsas məsələ bu ölkə vasitəsilə Cənubi Qafqaza yerləşmək və geosiyasi vəziyyətə nəzarəti əla almaqdır. Bu mənada, artıq Qərbin oyun meydançasına çevrilən Ermənistan "havadarları" tərəfindən gərginlikdə saxlanılır ki, ələbaxımlılıq adətindən qurtara bilməsin. Çünki Paşinyan hakimiyyəti çətinə düşən kimi "yal" axtarışına çıxır, süni ajiotaj yaradır və beynəlxalq səviyyədə yardım dilənir. Göründüyü kimi, ABŞ və Qərb Cənubi Qafqazda gərginliyin sona çatmasında maraqlı deyil. Bu isə Ermənistanı yaxın gələcəkdə böyük fəlakətlərə düçar edə biləcək yeni münaqişə ocağına yönəltmək cəhdindən başqa bir şeyi ifadə etmir. Azərbaycan isə Qərbin bu regiona müdaxilə etməsinə imkan verməməkdə qətiyyət göstərir. Çünki Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Cənubi Qafqazda söz sahibinə çevrilib.

Ancaq ABŞ və bəzi Qərb dövlətləri Cənubi Qafqaza təsir mexanizmini işə salıb, nəzarəti ələ keçirməkdə israrlı görünür. Elə bu səbəbdən də açıq meydanda Azərbaycana qarşı mübarizəyə qoşulmaqdan çəkinən bəzi beynəlxalq siyasi qüvvələr ölkəmizə qarşı öz xain planlarını şər atmaqla həyata keçirmək istəyirlər. Son zamanlar ermənipərəst qüvvələrin anti-Azərbaycan təbliğatı güclənib.

Okeanın o tayından Bakıya qarşı olan "hücumlardan" biri də "Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutu" tərəfindən oldu. Birləşmiş Ştatların Pensilvaniya ştatında yerləşən bu institut guya Azərbaycanın yaxın günlərdə Ermənistana qarşı hərbi müdaxilə edəcəyindən dərin narahatlıq keçirdiyini açıqlamışdı. Heç bir əsası olmayan uydurma məlumata ilk reaksiya verən ABŞ Dövlət Departamenti öz mövqeyini belə bildirdi: "Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün istənilən formada pozulması ciddi fəsadlara səbəb olacaq". Onu da qeyd edək ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq müstəvidə öz mövqeyini bildirmişdir ki, artıq Azərbaycan-Ermənistan münaqişəsini həll etmişik. Bizim üçün Qarabağ məsələsi bitib.

Qərb isə sönmüş ocaqları alovlandırmağa cəhd edir. O ki, qaldı Lemkin İnstitutuna üç il əvvəl ABŞ-ın Pensilvaniya ştatında təsis edilmiş "Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutu" yarandığı gündən Azərbaycan və Türkiyəni açıq şəkildə hədəf alıb. İnstitut uydurma faktlarla ABŞ-da başda olmaqla ermənipərəst dövlətləri ətrafında birləşdirərək öz yalanlarına şərik edir. Görünən odur ki, bütün bunlardan erməni diasporu son silah kimi istifadə edir.

Ramidə YAQUBQIZI,

"Respublika".