Qərbi Azərbaycan İcmasında İrəvanın ermənilərə verilməsi məsələsi barədə kitabın təqdimatı
Sosial həyat

Qərbi Azərbaycan İcmasında İrəvanın ermənilərə verilməsi məsələsi barədə kitabın təqdimatı

İyunun 11-də Qərbi Azərbaycan İcmasında (QAİ) "Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi" kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmada bu cür silsilə tədbirlərin mütəmadi olaraq keçirildiyini deyib.

Bildirilib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışındakı çıxışında İcmanın qarşısında duran vəzifələr barədə geniş məlumat vermişdi. Həmçinin dövlətimizin başçısının tövsiyələri əsasında Qərbi Azərbaycana qayıdış istiqamətində ardıcıl və sistemli iş aparılır.

İcma sədri əlavə edib ki, sovet dövründə Azərbaycan həqiqətlərinin öyrənilib nə xalqımıza, nə də dünya ictimaiyyətinə çatdırılmasına imkan verilmirdi. Amma ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tariximiz və taleyimiz ilə bağlı həqiqətləri öyrəndik və dünyaya yaya bildik.

Ə.Ələkbərli Azərbaycan həqiqətlərinin Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsində də diqqət mərkəzində saxlanıldığını bildirib.

Kitabın müəllifi, tarix üzrə elmlər doktoru Vasif Qafarov qeyd edib ki, nəşrdə Batum konfransında (11 may - 4 iyun 1918-ci il) erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi ilə bağlı gedən müzakirələr və qəbul edilən qərarlar dövrün ilkin arxiv sənədləri əsasında detallı şəkildə araşdırılıb və Qərbi Azərbaycan ərazisində erməni dövlətinin hansı şərtlər əsasında yaradılması ilə bağlı tarixi həqiqətlər üzə çıxarılıb. Kitabda faktlarla sübuta yetirilir ki, İrəvan şəhəri də Qarabağa bir daha ərazi iddiaları irəli sürməyəcəkləri şərtilə ermənilərə verilib.

Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrlər və yaxın keçmişimizin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub.

“Respublika”.