Qərbi Azərbaycan İcması: Ermənistandan beynəlxalq hüquqa zidd siyasətinə son verməyi tələb edirik
Gündəm

Qərbi Azərbaycan İcması: Ermənistandan beynəlxalq hüquqa zidd siyasətinə son verməyi tələb edirik

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin avqustun 24-də keçirilmiş iclasında üçtərəfli Bəyanatın qaçqın və məcburi köçkünlərin qayıdışı ilə bağlı müddəasının guya Azərbaycan tərəfindən icra edilməməsi barədə səsləndirdiyi iddialar və ölkəmizi ermənilərə qarşı etnik təmizləmə niyyətində olmaqda ittiham etməsi ilə bağlı bəyanat yayıb.

"Respublika" xəbər verir ki, öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıların hamısını qovmuş, bədnam monoetnik siyasət yürüdən Ermənistanın Azərbaycanı etnik təmizləmədə ittiham etməsi ikrah hissi doğurur. Ermənistanın humanitar məsələlərdən və insan hüquqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur. Konkret olaraq, qayıdış hüququ ilə bağlı qeyd edək ki, işğalçı Ermənistan ordusu 2020-ci ildə məğlub edilib Azərbaycan ərazilərindən çıxarılana qədər Ermənistan 30 il ərzində azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan verməyib.

Qeyd olunub ki, Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmalarına hələ də imkan vermir. Həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi, Xocalı, Kərkicahan, Meşəli, Qaradağlı kimi yaşayış məskənlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər. Azərbaycan isə 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan yaradıb və hazırda onları reinteqrasiya etməyə çalışır. Həmçinin Qarabağ bölgəsindən kənar Azərbaycan ərazilərində ermənilər tam hüquqlu Azərbaycan vətəndaşı kimi yaşamaqdadır.

“Vurğulamaq istərdik ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyidir. Biz Ermənistan hökumətindən beynəlxalq hüquqa zidd siyasətinə son verməyi, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə əməldə hörmət etməyi, Azərbaycan hökumətinin Qarabağ regionunda yaşayan erməniləri reinteqrasiya etmək səylərini sabotaj etməyi dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmağı tələb edirik”, - deyə bəyanatda bildirilib.