Qərb Cənubi Qafqazda vəziyyəti gərginləşdirəcəyinin mesajını verir
Siyasət

Qərb Cənubi Qafqazda vəziyyəti gərginləşdirəcəyinin mesajını verir

Birləşmiş Ştatların Ermənistandakı səfirliyi diplomatik nümayəndəliyin əməkdaşlarını və onların ailə üzvlərini Ermənistanın müəyyən ərazilərinə getməməyə çağırıb.

Qurumun açıqlamasında sərhəddə təhlükənin yüksək olması səbəbindən Zəngəzur, Göyçə bölgələri, Basarkeçər və Gorusun şərqi, Qafanın cənubu, eləcə də Arazdəyənə səyahətin qadağan edildiyi bildirilib. Qeyd olunub ki, Birləşmiş Ştatların vətəndaşları Ermənistan və Azərbaycan arasındakı şərti sərhədlərin yaxınlığında ehtiyatlı olmağa davam etməlidirlər.

Əslində bu Ağ Evin göstərişi ilə verilən ilk belə açıqlama deyil. Mütəmadi olaraq rəsmi Vaşinqton öz vətəndaşlarını ehtiyatlı olmağa çağırır. Əlbəttə, burada məqsəd amerikalıların təhlükəsizliyi deyil, Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətidir. Çünki Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra Ağ Ev və ermənipərəst qüvvələr Bakının guya Ermənistanın ərazi bütövlüyünə qarşı planlar qurduğu və Zəngəzur dəhlizini güc yolu ilə açacağı barədə məlumat tirajlayırlar. Amma reallıq bundan ibarətdir ki, Azərbaycan dəfələrlə bəyan edib ki, heç bir ölkənin ərazisinə iddiası yoxdur. Bunu təsdiqləyən fakt da odur ki, hazırda şərti sərhəddə hərəkətlənməyə, ordunun dislokasiyasına rast gəlinmir. Bu halda Birləşmiş Ştatların nəyə görə yenidən belə bir açıqlama verdiyini anlamaq üçün regionda baş verən son hadisələrə nəzər salmaq lazımdır. İlk növbədə, bu açıqlama dövlətimizin sərhəddə atəşkəsin pozulmadığını vurğulamasından dərhal sonra verilib. Görünür, bu vəziyyət kimlərisə narahat edir və onlar Ermənistan üçün "təhlükə var" mənzərəsi formalaşdıraraq sərhəddə insidentlərə hazırlıq məqsədilə İrəvanı silahlandırmaq istəyir. Bu məqamda, Ermənistan müdafiə naziri Suren Papikyanın fevralın 2-də ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirləri xatırlamaq lazımdır. O bildirib ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra ölkəsinin silahlı qüvvələri yerində dayanmayıb və silah alışının şaxələndirilməsini təmin etməyi qarşısına vəzifə qoyub. Bu istiqamətdə də ciddi uğurlar əldə edib. Bu da fövqəldövlətlər və digər dost ölkələrin sayəsində olub. Papikyanın bu açıqlamasından sonra Birləşmiş Ştatların çağırışı silah satışının növbəti mərhələyə keçdiyinə işarə edir.

Birləşmiş Ştatlar, Fransa kimi dövlətlər başda olmaqla, regionda maraqları olan qüvvələr Ermənistanı qütblərarası ziddiyyət nöqtəsinə çevirərək, erməni cəmiyyətində revanşizm əhvali-ruhiyyəsi yaradaraq məqsədlərinə nail olmaq istəyirlər. Yəni dünyada nüfuzunu gündən-günə itirən dövlətlər siyasi, iqtisadi maraqlarını təmin etmək üçün iki qonşu dövlət arasında münaqişəni qızışdırmaqdan, qonşu dövlətləri müharibəyə təhrik etməkdən çəkinmirlər. Lakin Azərbaycanın hərbi-siyasi gücü və qlobal miqyasda nüfuzu bu qüvvələrin planlarını puç edir.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda yeganə problem Azərbaycanla Ermənistan arasında deyil. Burada vəziyyət daha mürəkkəbdir. Qərbin regionla bağlı planları ilk növbədə Rusiyanı bölgədən çıxarmağa hesablanıb. Bu səbəbdən də mümkündür ki, Ağ Ev Ermənistandakı səfirliyi vasitəsilə belə bir çağırış edərək Kremlə mesaj vermək istəyir ki, Qərb regional prosesləri yaxından izləyir və əvvəlcədən təxmin edə bilir. Amma bütün bunların fonunda Paşinyan hökuməti dərk etməlidir ki, çoxvektorlu əks qütbdə dayanan güclərin bölgəyə gətirilməsi Ermənistan üçün ciddi problemə çevrilə bilər. Yəni Avropa təmsilçilərinin Cənubi Qafqaza daxil olması və burada varlığını davam etdirməsi Ermənistan üçün heç də müsbət perspektiv vəd etmir. Paşinyan hökuməti bu prosesdə qərbə ümid etməməlidir. İrəvanın təhlükəsizliyi Azərbaycanla sülhə imza atmaqdan və qonşuluq münasibətlərini bərpa etməkdən asılıdır. Əgər Ermənistan regional sabitliyi deyil, Qərbin təhrikçi yolunu tutsa, ağır nəticələrlə üzləşməli olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".