Qələbəyə, Zəfərə aparan yol
Siyasət

Qələbəyə, Zəfərə aparan yol

2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkiləri keçirilmişdir

Müstəqil siyasət yürüdən Azərbaycan dünyada iqtisadiyyatın dinamik inkişafına nail olan, humanitar və mədəni sahələrdə intibaha yüksələn, işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü təmin edən güclü, qüdrətli ölkə olaraq tanınır. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, qətiyyəti, iradəsi və təşəbbüskarlığı ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, həm də regionda söz sahibinə çevirib. Müasir, modern Azərbaycan beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməklə yeni inkişaf modeli formalaşdırıb.

Prezident İlham Əliyevin respublikaya rəhbərliyinin ilk illərindən başlayaraq təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, bu sahənin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı üzrə Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Minlərlə məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri aparılmış, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası istiqamətində zəruri addımlar atılmış, milli təhsil sistemi forma və məzmunca zəngilləşdirilmiş, yeni təlim texnologiyaları tətbiq olunmuşdur.

2003-cü ildən etibarən idmanın inkişafı dövlət siyasətində prioritet olmuş, xüsusilə gənclərin bu sahəyə meyil etməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Yüksək səviyyəli dövlət qayğısının nəticəsidir ki, bu gün sözün əsl mənasında idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq aləmdə keçirilən idman yarışlarının ən fəal iştirakçılarındandır. Beynəlxalq səviyyəli müxtəlif idman yarışlarına, o cümlədən dünya və Avropa çempionatlarına ev sahibliyi etməsi Azərbaycanın idman ölkəsi statusunu bir daha təsdiq edir

Səhiyyə islahatları daha geniş miqyas almış, ölkə səhiyyəsi sürətlə inkişaf etmiş, yüzlərlə tibb müәssisələri tikilmiş və ya әsaslı tәmir edilmiş, müasir texnika və avadanlıqlarla tәchiz olunmuşdur. Vətəndaşların sağlamlığını hər zaman hər şeydən üstün tutan ölkə başçısının göstərişlərinə əsasən, səhiyyə sisteminin maddi-texniki bazası möhkəmləndirilmiş, həmçinin özəl səhiyyə sistemi formalaşdırılmışdır.

“Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz” – deyən dövlət başçımız mədəniyyətin inkişafına, eləcə də xalqımızın əsrlər boyu yaratdığı mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılması işinə xüsusi həssaslıqla yanaşmış, tarixi irsin qorunması və bərpası məsələlərini diqqətdə saxlamışdır. Belə ki, mədəniyyət sahəsində geniş islahatlar aparmağa başlayan Prezident İlham Əliyevin ilk qərarlarından biri Azərbaycan klassiklərinin əsərlərinin latın qrafikası ilə çap etdirilməsi olmuşdur. Paytaxt Bakıda və bölgələrdə teatr binaları, muzeylər əsaslı təmir olunmuş, yeniləri tikilib istifadəyə verilmişdir.

Dövlət başçısı İlham Əliyevin 2003-2018-ci illəri əhatə edən rəhbərlik fəaliyyəti ölkəmizin tərəqqisinə, beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsinə, nüfuzunun yüksəlməsinə xidmət etmiş, həyata keçirilən bütün islahatlarda Azərbaycanın milli maraqları əsas amil olmuşdur. Gerçəkləşdirilən genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulmasına və davamlı inkişafına şərait yaratmışdır. Ölkəmizin tarixinə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olan 2003-2018-ci illərdə ümumi daxili məhsul 3,2, büdcə gəlirləri 13,5, ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artmışdır. Maliyyə imkanları əsaslı şəkildə yaxşılaşan dövlətimizdə xarici ticarət dövriyyəsi 4,6, ixracın həcmi 6 dəfə yüksəlmiş, regionlarda ümumi məhsul istehsalı 3,6 dəfə artmışdı. Əhalinin nominal gəlirləri 8,6, minimum əməkhaqqı 12,9, xaricə səfər edən vətəndaşların sayı 2,2, əhalinin banklardakı əmanəti 30 dəfə çoxalmışdır. Yeni iş yerləri açılmış, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardım verilmiş, işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.

Fəaliyyətinin 2018-ci ilə qədərki dövründə ölkə başçısının həyata keçirdiyi siyasətin əsasını güclü dövlət, dinamik inkişaf edən iqtisadiyyat,azərbaycançılıq ideologiyası, ölkənin milli-mənəvi dəyərlər əsasında inkişafı təşkil etmişdir ki, bu da xalqda öz liderinə böyük inam və etimadı daha da artırmışdır. Dərin siyasi dünyagörüşə, yüksək intellektə və möhkəm iradəyə malik olan Prezident İlham Əliyevin 15 il ərzində əzm, qətiyyət və prinsipiallıqla əldə etdiyi uğurlar artıq öz bəhrəsini verməyə başlamışdı. Çox da böyük olmayan bu zaman kəsiyində ölkə iqtisadiyyatının dinamik inkişafı, ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər, beynəlxalq əhəmiyyətli layihələrin icrası Azərbaycanı öz hədəfinə-ərazi bütövlüyünün, suverenliyinin tam təmin etməsinə işıqlı yol açırdı. Prezident İlham Əliyevin milli məqsədlərə, xalqın mənafeyinə xidmət edən uzaqgörən siyasəti məhz bu ali məqsədə xidmət edirdi.

2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı bir daha birlik, həmrəylik nümayiş etdirərək öz Prezidentini seçdi. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə seçicilərin mütləq əksəriyyətinin – 86,06 faiz səsini qazanan İlham Əliyev 3-cü dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Öz taleyini müəyyənləşdirmək iqtidarında olan Azərbaycan xalqı növbəti dəfə Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatları, inkişafı, tərəqqini, təhlükəsizliyi, xalqın xoş güzəranına hesablanmış gələcəyi dəstəklədi. Ölkəmiz suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasına aparan yola çıxdı və bu yolda xalqımız millətinə ləyaqətlə xidmət edən Prezident İlham Əliyevlə birgə addımlamağa qərar verdi.

Dəfələrlə mötəbər kürsülərdən torpaqlarımızın işğal altında qalması ilə barışmayacağımızı, tarixi ərazilərimizi nəyin bahasına olur-olsun azad edəcəyimizi bəyan edən Prezident İlham Əliyev güclü, iradəli, uzqagörən, yüksək idarəetmə məharəti kimi keyfiyyətlərə malik siyasətçi, müdrik dövlət başçısı olmaqla yanaşı, həm də Müzəffər Ali Baş Komandan kimi şanlı Zəfərə imza atdı. 2018-ci ildə keçirilən Prezident seçkilərindən iki il sonra, 2020-ci ilin payızında Azərbaycan Ermənistanın 30 illik işğalına son qoydu. Torpaqlarımızın düşmən əsarətindən azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunması Azərbaycan xalqının 2018-ci il 11 aprel tarixində keçirilən növbədənkənar prezident seçkilərində xoşbəxt, firavan gələcəyə və bütöv Azərbaycana səs verdiyini təsdiq etdi.

Mehparə Əliyeva,

"Respublika".