Qələbələrlə zəngin idman tariximiz
İdman

Qələbələrlə zəngin idman tariximiz

26 il əvvəl - 31 iyul 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Milli Olimpiya Komitəsinin növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi və cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildi. Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanın beynəlxalq olimpiya hərəkatında daha yaxından iştirakı üçün geniş imkanlar yarandı.

Həmin dövrdə Milli Olimpiya Komitəsi (MOK) qarşısında dayanan vəzifələrin həyata keçirilməsində aparıcı rol oynamalı idi. Lakin 1997-ci ilədək bu istiqamətdə qeyd edilməli işlər olduqca az idi və nəzərə çarpmırdı. Həmin dövr üçün ən mühüm hadisə yalnız 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya oyunlarına qatılması idi. Atlanta Olimpiya oyunlarına hazırlıq işlərinin həyata keçirilməsinə yalnız dövlət strukturları cəlb olunurdu. 1996-cı ildə Atlantada qazanılmış bir gümüş medal o dövrdə ölkəmiz üçün uğurlu nəticə olsa da, yetərli deyildi. Azərbaycan idmançıları Olimpiya oyunlarında təkcə iştirak etməklə qane olmaq istəmirdilər. Hamı başa düşürdü ki, dövlətimizin beynəlxalq miqyasda tanınmasında MOK daha çox işlər görməlidir. Ona görə də Azərbaycanda idman və Olimpiya hərəkatı sahəsində MOK-un fəaliyyətində əsaslı dönüş yaratmaq tələb olunurdu.

31 iyul 1997-ci il tarixində İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsinin məntiqi əsası belə idi ki, o, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən bir sima idi. İlham Əliyev indiyədək ona həvalə olunan müxtəlif vəzifələrdə özünü bacarıqlı təşkilatçı kimi təsdiqləmişdi. Elə ilk günlərdən bəlli oldu ki, bu seçimdə MOK səhv etməyib. Gözlənildiyi kimi, işə yaxşı bələd olan yeni Prezident yüksək enerji və mövcud durumu maksimum düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yolunu və vasitələrini dəqiq müəyyənləşdirib dərhal hərəkətə keçdi. MOK-un yeni Prezidenti idmançılarla, mütəxəssislər ilə ardıcıl, kollektiv və fərdi görüşüb fikir mübadiləsi apardı. İlk növbədə, Azərbaycan Olimpiya Hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarıldı, işə əngəl törədən amilləri aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldı.

Bu gün, 26 il sonra biz həmin qərarın düzgünlüyünü bir daha görürük. Azərbaycanda keçirilən I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, bu sahədəki böyük uğurlarımız, qələbələrimiz, dünyaya təqdim olunan Azərbaycan standartları, Formula I Qran-Prisi və digər dünya və Avropa çempionatları, Şahmat Olimpiadası və s. idman tədbirləri ölkəmizin qüdrətini, tarixini, mədəniyyətini və incəsənətini bütün dünyaya təqdim edir. Bu, həmin tarixi seçimin düzgünlüyünün və əhəmiyyətinin əyani göstəricisidir.

Bu prosesə cənab Prezident bütün varlığı ilə qoşuldu, ölkənin Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın idman tədbirlərinin təşkilat komitəsinə rəhbərlik edərək, yüksək təşkilatçılıq bacarığı nümayiş etdirməsi, dünyaya Azərbaycan standartlarını təqdim etməsi dediklərimizin bariz nümunəsidir.  Bu seçim nəinki Azərbaycanı idman ölkəsinə çevirdi, eyni zamanda bütün idmançılarımızı cənab Prezidentin ətrafında birləşdirərək, dövlətimizə, xalqımıza xidmətə səfərbər etdi. Ölkəmizdə idmana və idmançılara, idman ictimaiyyətinə olan dövlət qayğısı artıq bir norma və ənənəyə çevrilibdir.

Nuranə DAXİLQIZI,

"Respublika".