İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İlin ən yaxşı gimnastları

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2023-cü ilin yekunlarına əsasən ilin ən yaxşı gimnastlarının adlarını açıqlayıb. Reytinq sıralamasının birinci pilləsində Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı, "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Zöhrə Ağamirova yer alıb. İkinci yerdə dünya çempionatının bürünc, Avropa çempionatının qızıl və üçqat bürünc, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası qərarlaşıb. Dünya çempionatının üçqat bürünc medalçıları olan Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri komandası 3-cü pillədədir. V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, Dünya kubokunun qalibi, kişi idman gimnastı Nikita Simonov 4-cü yeri tutub. Dünya çempionatının gümüş, Avropa çempionatının üçqat qızıl medalçıları, akrobatika gimnastikası üzrə qarışıq cütlük Ağasif Rəhimov və Raziyə Seyidli 5-ci olublar. İkiqat dünya çempionu Mixail Malkin (tamblinq) 6-cı pillədə yer alıb. Dünya çempionatının ikiqat bürünc, Avropa çempionatının üçqat qızıl medalçıları, akrobatika gimnastikası üzrə kişi cütlüyü Daniel Abbasov və Murad Rəfiyev 7-ci pillədə qərarlaşıblar. Qadın idman gimnastı Nazənin Teymurova reytinq sıralamasında 8-cidir. Dünya çempionatının komanda hesabında qalibləri tamblinqçilər Adil Hacızadə və Tofiq Əliyev isə müvafiq olaraq 9-cu və 10-cu pillələri bölüşüblər.

"Sumqayıt"ın rəqibləri bəlli olub

"Sumqayıt"ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunları keçirəcəyi rəqiblərin adları açıqlanıb. "Gənclik şəhəri" təmsilçisi yanvarın 12-də Rumıniyanın "Hermanştadt", yanvarın 16-da isə Özbəkistanın "Soqdiana" komandası ilə qarşılaşacaq. Qeyd edək ki, Samir Abasovun başçılıq etdiyi komanda yanvarın 6-dan 17-dək Antalyada hazırlıq keçəcək.

Tarixi uğur

Azərbaycan gimnastları 2023-cü ildə tarixi uğur qazanıblar. Fərqli yaş kateqoriyasında çıxış edən kişi və qadın gimnastlar müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarında ümumilikdə 10 qızıl medal qazanmaqla gimnastika tariximizdə ilkə imza atıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".