Qəlbləri fəth edən bənzərsiz aktyor
Mədəniyyət

Qəlbləri fəth edən bənzərsiz aktyor

O Fərman Kərimzadənin "Qarlı aşırım" əsəri əsasında çəkilən "Axırıncı aşırım" filmindəki Qəmlo rolundan sonra daha da məşhurlaşdı. Düzdür, buna qədər istər teatr, istərsə də kino sahəsində bir sıra rollar oynamışdı. Lakin sovet hakimiyyətinə qarşı mərdliklə mübarizə aparan, əslində milli köklərə, xüsusiyyətlərə bağlı olan Qəmlonu canlandırması onun kino karyerasında əsaslı dönüş yaratmışdı. Aktyor rolun bütün xarakterik xüsusiyyətlərini ustalıqla açaraq filmin əsas dramatik yükünün daşıyıcısına çevrilmiş və Azərbaycan kinosunda yaddaqalan obraz yaratmışdır.

Azərbaycan teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda, neft sənayeçisi, Nobel qardaşları ilə işləyən Yusif kişinin ailəsində dünyaya gəlib. Xalq artisti həm dramatik və faciə xarakterli, həm də lirik-psixoloji rollarla böyük uğur qazanıb. Hələ uşaq yaşlarından incəsənətə maraq göstərən Məlik əvvəlcə musiqilə məşğul olub. Orta məktəbi bitirdikdən sonra isə Tibb İnstitutuna qəbul olunub, amma elə birinci kursdan təhsilini yarımçıq qoyub incəsənətə, səhnəyə istiqamətlənib.

Məlik Dadaşov İkinci Dünya müharibəsində iştirak edib və 1943-cü ildə kontuziya aldığına görə geri qaytarılıb və uzun müddət müalicə olunub. Müalicədən sonra hərbi hissələrdə musiqiçi kimi fəaliyyət göstərib. 1945-ci ildə müharibədən qayıdan Məlik Dadaşov Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayıb. Az sonra sənədlərini Teatr İnstitutuna verib və Adil İsgəndərovun sinfinə daxil olub. Təhsilini başa vurduqdan sonra Akademik Dram Teatrının truppasına daxil olub və burada ilk dəfə Hüseyn Muxtarovun "Ailə namusu" pyesində rol alıb. Yaradıcılığa başladığı ilk vaxtlarda Ələsgər Ələkbərov, Mehdi Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri ilə bərabər çalışıb. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərib və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarıb. Beləcə, böyük sənətkarın sənət karyerası başlayıb. Bir-birindən gözəl, maraqlı, fərqli, bəzən də bir-birinə tamamilə zidd obrazlar yaradıb. Bu da onun yüksək sənətkarlıq qabiliyyətinin və bacarığının nəticəsi idi. Çəkildiyi filmlərin süjet xətti, hər zaman biri digərindən fərqlənib. İstər mənfi, istərsə də müsbət obrazları xüsusi ustalıqla canlandıran Məlik Dadaşov səhnədə xarakterik aktyor bacarığı nümayiş etdirməklə yanaşı, öz xarizmasını, xarakterini də qəhrəmanına yansıda bilib.

Məsələn, "Axırıncı aşırım"da Qəmlo, "Dəli Kür"də Molla Sadıq, "O dünyadan salam"da Şeyx Nəsrullah, "Birisi gün gecə yarısı"nda Nəriman Nərimanov, "Fəryad"da Aram Xaçaturyan obrazları tamaşaçıların yaddaşında silinməz iz qoyub. Onu da qeyd edək ki, M.Dadaşov "Fəryad" filminə vəfatından üç il əvvəl çəkilib. Ailəsi onun bu rola çəkilməsinin əleyhinə olsa da, erməninin iç üzünü göstərməyə iddialı olan aktyor istədiyinə nail olur. Hətta film ekranlara çıxdıqdan sonra yaşlı bir qadın küçədə onun qarşısını kəsərək, ünvanına təhqiramiz sözlər işlədir. Sonra da göz yaşları içərisində "axı sən niyə o filmə çəkildin? Hər dəfə filmə baxanda özümü saxlaya bilmirəm. Həmin an yanımda olsan, yəqin ki, səni öldürərəm", - deyir. Qadın ətrafdakılara səslənərək "Ay camaat, bu, ermənidir", - deyə qışqırır.

1985-ci ildə Məlik Dadaşov "Müsahibə götürən adam" filminə çəkilir. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan filmdə sənətkar bu ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradır. Film çəkilən zaman sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyir. Elə bu səbəbdən də filmin Pakistanda olan çəkilişləri təxirə salınır, yarımçıq qalan səhnələr isə İçərişəhərdə çəkilir. Xalq artisti xarici rejissorların da diqqətini cəlb edib. Belə ki, xarici film istehsalçılarının "Təyyarələr enmədi" (1963, rejissor Zahid Sabitov / Özbəkistan) filmində Yəhya rolunda, "Dmitri Kantemir" (1973, rejissorlar Vladimir İoviça, Vitali Kalaşnikov / Moldova) filmində vəzir Baltaçı Mehmed Paşa rolunda, "Müsahibə alan adam" (1986, rejissor Yuri Maruxin / Belarus) filmində isə Xamis rolunda çəkilib.

Aktyor eyni zamanda teatr səhnəsində faciə rolları ilə də yaddaşlarda qalmışdır. Onun Yaqo, Maqbet, Praspero ("Otello", "Maqbet", "Fırtına", Şekspir), Viktor Karenin ("Canlı meyit", Lev Tolstoy), Serqo ("Şeyx Sənan", Hüseyn Cavid), tragikomik obrazı Şeyx Nəsrullah ("Ölülər", Cəlil Məmmədquluzadə), komediya personajlarından Sebastian ("On ikinci gecə", Şekspir), Camal ("Nişanlı qız"), Kəblə Muxtar ("Küləklər", Sabit Rəhman), Don Aryas ("Sevilya ulduzu", Lope de Veqa), Kovoler delya Kotri ("Məzəli hadisə", Karlo Haldoni), Dərviş Məstəlişah ("Müsyo Jordan və dərviş Məstəlişah", Mirzə Fətəli Axundzadə) kimi obrazları bədii cəhətdən daha bitkindir.

Milli teatrda Səməd Vurğunun "Fərhad və Şirin" (Bizans sərkərdəsi, Şiruyə və Şapur), "Vaqif" (Kürd Masa, Qacar), Cəfər Cabbarlının "Od gəlini" (Aqşin və Elxan), "1905-ci ildə" (Aram), Rəsul Rzanın "Qardaşlar" (Bitərəf Əli), Cabbar Məcnunbəyovun "Od içində" (Mister Gipson), "İliç buxtası" (Şamil), İslam Səfərlinin "Ana ürəyi" (Yusif Şəfi), Məmmədhüseyn Təhmasibin "Çiçəklənən arzular" (Səməd), Mirzə İbrahimovun "Közərən ocaqlar" (Mazar bəy və Nəriman Nərimanov), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Aslan), Şıxəli Qurbanovun "Sənsiz" (Tərlan), Hüseyn Muxtarovun "Ailə namusu" ("Allanın ailəsi". Arif), İ.Qasımovun "Nağıl başlananda" və digər tamaşalarda Məlik Dadaşovun yaratdığı obrazlar bu gün də yaddaşdan silinməyib.

Eyni zamanda Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri olub. Xalq artistinin klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi var idi. O, dramatik rolların mahir ifaçısı olduğu kimi, mənfi obrazları da böyük ustalıqla canlandırırdı. Onun qəhrəmanlarının ifadələri xalqın dilinə düşür, ifadə vasitəsinə çevrilirdi. Məsələn, Qəmlonun, Kərbəlayi İsmayılla dialoqlarındakı ifadələri hamının yadındadır, "Abbasqulu bəyin nazı ilə çox oynayırsan, a... Kərbəlayi". "Ölülər"dəki Şeyx Nəsrullah rolunu o, dəfələrlə Akademik Teatrın səhnəsində oynayıb. Hər zaman onun haqqında deyiblər ki, Məlik Dadaşov mənfi tiplərin klassik ifaçısıdır.

Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb və həmin dövrdə teatrın repertuarını xeyli zənginləşdirib, teatra yeni yaradıcı qüvvələr cəlb edib. 1980-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyib.

100-dən çox tamaşada, 50-dən çox filmdə fərqli obrazlar yaradan, daha çox mənfi rolların mahir ifaçısı kimi tanınan səhnə ustası 72 yaşında 1996-cı il dekabrın 2 də vəfat edib.

Azərbaycan kino və teatr tarixində bənzərsiz aktyorluq bacarığı ilə iz qoyan Məlik Dadaşovun bu il 100 illik yubileyidir. Keçdiyi ömür və sənət yolunda aktyor bütün məziyyətləri ilə tamaşaçı tərəfindən sevilib, alqışlanıb.

Ramidə YAQUBQIZI,

"Respublika".