Gəncənin müqəddəs məkanları
Region

Gəncənin müqəddəs məkanları

Azərbaycanda aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, qədim insanlar çoxsaylı mədəniyyət nümunələri, memarlıq inciləri yaratmışlar. Yurdumuzun qədim və zəngin tarixə malik Gəncə şəhərində də müqəddəs məkanlar, ziyarətgahlar çoxdur. Bu tarixi incilər yalnız dini məqsədlərlə deyil, memarlıq abidəsi kimi də qorunur. Gəncədə 500-dən çox tarixi abidə siyahıya alınıb. VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan "İmamzadə" kompleksi, Şah Abbas və ya Gəncə Cümə, Qazaxlar, Şahsevənlər, Qırıxlı, Ozan, Hüseyniyyə və ya Tatlar, Bağbanlar və ya Mirzə Kərim Mollacəlili, Zərrabi, Xəlfəli, Qızıl Hacılı, Şərəfxanlı, Hüseyniyyə məscidləri bu gün fəaliyyət göstərir.

"İmamzadə" kompleksi Gəncənin memarlıq məktəbinin gözəl nümunəsi, ən qiymətli abidəsi, incisi, sözün əsl mənasında, tarixin yadigarıdır. Hər divarında, daşında bənzərsiz naxışlar, qədim yazılar, ornamentlər sənət əsəri kimi insanları valeh edir. "İmamzadə" əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn dindarların ziyarətgahına çevrilmişdir. Bu dini kompleks Gəncənin qədimliyini sübut etməklə yanaşı, onun İslam aləmindəki yerini və nüfuzunu göstərir. "İmamzadə" türbəsi XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı məscid, sərdabə və digər türbələr isə XVII əsrdə 5-ci imam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üstündə tikilmişdir. Bu faktı məqbərənin günbəzinin daxilindəki yazılar da təsdiq edir. Sonuncu dəfə 1878-1879-cu illərdə general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə bərpa edilən "İmamzadə" türbəsi sovet hakimiyyəti illərində baxımsızlıqdan uçub dağılmışdı. Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda tarixi abidələrin, müqəddəs dini məbədlərin qorunub saxlanmasına, təmirinə və bərpasına xüsusi diqqət göstərmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, dini münasibətlərin də inkişafı üçün tarixi şərait yarandı. Məhz ulu öndərin qərarı ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət-din münasibətlərinin hüquqi əsasları öz əksini tapdı. Ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində həyata keçirdiyi siyasi kursun ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi dünyada dinlərarası dialoqun və tolerant dəyərlərin mövcud olduğu məkan kimi tanıdır. Məhz dövlət başçısı dini abidələrin bərpası və yenidən tikilməsi üçün olduqca mühüm addımlar atmış və "İmamzadə" kompleksində geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Gəncənin mərkəzində yerləşən XVII əsr Azərbaycan memarlığının incilərindən sayılan Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Aran memarlıq məktəbi üslubunda qırmızı kərpicdən tikilən bu məscid XVII əsrin memarlıq üslubunu öyrənmək baxımından çox əhəmiyyətlidir. Hətta həmin dövrdə bu məscidlə eyni üslubda Qazaxda, Tovuzda və bir sıra yerlərdə də məscidlər inşa olunub. Məscidin palıddan düzəldilmiş minbərinin üstündəki oyma bəzəklər Azərbaycan şəbəkə sənətinin nadir nümunələrindən hesab olunur. Sanki rəssam fırçasından çıxan bu bəzəklər məscidə əsrarəngiz görkəm verərək ziyarətçilərin zövqünü oxşayır. Məscid binasının giriş tağındakı qapının üstündə biri ərəb, digəri fars dilində olan iki daş kitabə bu günədək qorunub saxlanılır. Gəncə Cümə məscidi ümumi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini davam etdirir. Şah Abbas məscidi yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən inşa edilib. 2008-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu hesabına Şah Abbas məscidində əsaslı bərpa işləri aparılıb. 2008-ci il sentyabrın 24-də ölkə Prezidenti cənab İlham Əliyev Şah Abbas məscidinə baş çəkmiş, onun yeni görkəmi ilə tanış olmuş və görülən işləri yüksək qiymətləndirmişdir.

Gəncənin tarixi incilərindən olan Qazaxlar məscidi 1880-ci ildə inşa edilib. Gəncədə Şahsevənlər məhəlləsində yerləşən Şahsevənlər məscidi - Azərbaycanın tarixi-memarlığının orijinal nümunəsi olaraq 1882-ci ildən fəaliyyət göstərir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Belə ki, tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Tolerantlığın nümunələrindən biri olan Gəncə şəhərində hazırda pravoslav kilsələri mövcuddur. Aleksandr Nevski Kilsəsi Gəncə şəhərində 1887-ci ildə tikilib. Kilsə Bakı yeparxiyası tabeliyindədir və ölkəmizdəki pravoslav kilsələri arasında ən qədim tarixə malikdir. Məbəddə şənbə və bazar günləri ibadət mərasimləri və pravoslav bayramı keçirilir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində siyasi xətti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilir. Son illər ölkəmizdə millətlər və dinlər arasında münasibətlərə, habelə dialoqa həsr edilmiş beynəlxalq miqyaslı tədbirlərin, elmi konfransların keçirilməsi artıq ənənə halını alıb. Bu, açıq-aydın göstərir ki, faşizmi dövlət siyasətinə çevirən, monoetnik ölkə olan, 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində tarixi-dini abidələri dağıdan, azsaylı millətlərə məxsus dini abidələri özününküləşdirməyə çalışan işğalçı və şovinist Ermənistandan fərqli olaraq, Azərbaycan multikultural ənənələri, tolerantlığı ilə nümunədir olmaqda davam edir.

Zabit XƏLİLOV,

"Respublika".