Qəlbinin hərarəti ilə
Sosial həyat

Qəlbinin hərarəti ilə

Aylar-illər ötüb qərinələr keçdikcə dünyanın mənzərəsi də dəyişir. İqlimdən-iqlimə, təqvimdən-təqvimə hər şey... hər şey dəyişir. Gəlimli-gedimli dünyada nəsillər bir-birini əvəz edir, Babalar, oğullar, nəvələr silsiləsi uzaq əsrlərin daş yuxusunu silkələyə-silkələyə qoca kainatın qoynunda dövr edir. Bütün bunları seyr etdikcə beynimdə bir fikir dolaşır: hər şey dəyişsə də, nəsillərin qan yaddaşından keçən, ilikdən sümüyə hopan mənəviyyat, ziyalı işığı dəyişmir.

Qədim Oğuz ellərinin qoynunda doğulub boya-başa çatan türkoloq, filologiya elmləri doktoru, professor Ramiz Əskərin ömür yoluna nəzər saldıqca bu fikir məndə daha da qətiləşdi. Qərbi Azərbaycanın Ağbaba mahalı qədim və zəngin tarixə malikdir. Çar Rusiyasının işğalından sonra bu mahalın bir hissəsi - Amasiya rayonu da indiki Ermənistanın tərkibinə qatıldı. 1988-ci ilədək rayonda 27 kənddən 21-i azərbaycanlı, 5-i erməni, 1-i (Amasiya) isə azərbaycanlı və erməni əhalisindən ibarət olmuşdur. İndi gözümüzdən uzaq, lakin daim həsrətlə andığımız o kəndlərdən biri də Qaraçanta (1939-cu ildən Əzizbəyov) kəndidir. Ramiz Əskərin ata-baba yurdu qədim Qaraçanta.

Ramiz Əskər orta məktəbi bu kənddə qızıl medalla bitirmişdir. 500 nəfərlik şagird kontingenti olan Qaraçanta kənd orta məktəbində onlarla tanınmış pedaqoq çalışırdı. Ramiz Əskərin atası Baxşəli Əskərov da uzun illər Amasiya rayonunda müxtəlif vəzifələrdə (məktəb direktoru, kolxoz sədri, qəzet redaktoru, "Sovet Ermənistanı" qəzetinin xüsusi müxbiri və s.) işləmiş, öz xalqına sədaqətlə xidmət etmişdir. Ramizin əmisi Kərim Əskərov rayonun müxtəlif kəndlərində məktəb direktoru, "Əmək" qəzetinin redaktoru, Amasiya rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifələrində ləyaqət və şərəflə çalışmışdır.

Ramiz Əskər respublikamızın elmi-ədəbi mühitində göstərdiyi səmərəli fəaliyyəti, həm də keçmişi, yetişdiyi nəslin xeyirxah əməlləri ilə fəxr etməyə layiq bir ziyalı, görkəmli alimdir. Hər şeydən əvvəl o, nəcib insan, ləyaqətli övlad, qayğıkeş atadır. Ata-babalarının qan yaddaşından süzülüb gələn bu mənəvi dəyərlər Ramiz Əskəri el gözündə ucaldıb.

Orta məktəbi bitirən kimi 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan, 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirən görkəmli alim Azərbaycan dilçiliyinə və ədəbiyyatına, türkologiya elminə böyük töhfələr vermişdir. O, elmi-ədəbi fəaliyyətə başladığı 1978-ci ildən bu günə kimi yorulmadan çalışır, gərgin axtarışlar, yuxusuz gecələr hesabına yeni-yeni əsərlər yazır. Bu əsərlər elm aləminə ilk dəfə olaraq təqdim olunur. Qısa bir müddətdən sonra isə tədqiq və təqdir edilir, yeni araşdırmaların zəngin mənbəyinə çevrilir.

Yeddi dildə (Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman) çıxan "Azərbaycan bu gün" jurnalının, "Odlar yurdu" qəzetinin, "XXI əsr" jurnalının baş redaktoru, "Hürriyyət" qəzetinin və Uluslararası Haber Ajansının Azərbaycan təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri... Bütün bunlar R.Əskərin ömür-gün salnaməsinə həkk olunmuş parlaq səhifələrdir.

Azərbaycan ədəbi fikir tarixində R.Əskər ilk dəfə olaraq Mahmud Kaşğarinin "Divanü-lüğat-it-türk" kimi monumental bir əsəri əski türkcədən dilimizə çevirərək 2006-cı ildə dörd cilddən ibarət kitab şəklində çap etdirmişdir. Alimin doktorluq dissertasiyası da "Divanü-lüğat-it-türk" əsərinin tədqiqinə həsr olunmuşdur. Ümumiyyətlə, M.Kaşğarinin "Divanü-lüğat-it-türk" əsəri, onun tədrisi, biblioqrafiyası və s. problemlərlə əlaqədar alim 2008-2010-cu illərdə beş kitab ərsəyə gətirmişdir.

Bir dəfə söhbət əsnasında ADPU-nun professoru Cəfər Cəfərov "Kutadgu-bilig biblioqrafiyası" əsərini vərəqləyərək heyrətini gizlədə bilməyib dedi: "Bu qədər zəngin biblioqrafiyanı tərtib etmək olduqca ağır bir işdir. Bu, özü bir dissertasiyadır".

Ramiz Əskərin çoxşaxəli fəaliyyətinin önəmli bir istiqamətini onun tərcüməçiliyi təşkil edir. Türk, rus, alman, ərəb və erməni dillərini mükəmməl bilən alimin türk xalqlarının mənəvi mədəniyyət xəzinəsindən tərcümə kitablarının sayı 50-dən artıqdır. Bu siyahıda B.Ögəlin "Türk mifologiyası" (2004), M.Fəraqinin "Seçilmiş əsərləri" (2010); Z.M.Baburun "Baburnamə" (2011); "Monqolların gizli tarixi" (2011); F.Şümərin "Oğuzlar" (2013), "Türkmən şeiri antologiyası" (2011), A.Türkayın "Seçilmiş əsərləri" (2011), R.Albayrağın "Türklərin İranı" (iki cilddə, 2016), İ.Qəfəsoğlunun "Türk milli kültürü" (2017) və digər əsərlər xüsusi yer tutur. Adlarını çəkdiyimiz və çəkə bilmədiyimiz bu əsərləri R.Əskər orijinaldan - türk, türkmən, tatar, çağatay, qazax və digər türk dillərindən tərcümə etmişdir. Bu qədər geniş və uğurlu yaradıcılıq onun türk dünyasına tükənməz məhəbbətindən, milli-etnik yaddaşdan süzülüb gələn ulu səslərdən mənəvi soy-kökə bağlılıqdan irəli gəlir. Bu sevgi sətir-sətir düzülüb cild-cild kitablara çevrildikcə onu türk dünyasının hər yerində tanıdır. R.Əskər akademik araşdırmalarına və tərcümələrinə görə Türkiyənin Türk Dünyasına xidmət və Qızıl Alma ödüllərinə, Özbəkistanın Babur, Türkmənistanın Altın əsr, Ukraynanın Bəkir Çobanzadə, Rusiyanın Qaysın Quliyev, Beynəlxalq Türk Akademiyasının Vilhelm Tomsen mükafatına, Türksoyun Özəl ödülünə, Qazaxıstanın, Türkmənistanın, Qırğızıstanın, Tatarıstanın və TÜRKSOY-un medallarına layiq görülmüşdür.

Professor R.Əskər beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana), Avrasiya Yazarlar Birliyinin (Ankara) üzvüdür. Əllidən artıq beynəlxalq simpozium və konfransın iştirakçısı olan Ramiz Əskər dünyanın harasında olursa-olsun, doğma Azərbaycanı, onun elmini və mədəniyyətini təbliğ edir.

Elm və təhsili həyatın başlıca mənasına çevirən professor R.Əskər uzun illərdir ki, Bakı Dövlət Universitetinin filologiya, jurnalistika və şərqşünaslıq fakültələrində müxtəlif fənlərdən dərs deyir, elmi-tədqiqat laboratoriyalarına rəhbərlik edir, gənc nəslin təlim-tərbiyəsində yorulmadan çalışır.

Deyirlər ki, arzuların sonu yoxdur. Kövrək qəlbli bir insan kimi, Ramiz müəllimin də bir nisgili, bir arzusu vardır: Qərbi Azərbaycanda doğma Qaraçanta kəndinə yollanmaq, qədim yurd yerlərində ata-baba ocaqlarına yiyə durmaq. Ölkəmizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya bu nisgilə son verməkdədir. Qərbi Azərbaycan İcmasının fəal üzvlərindən biri kimi Ramiz Əskər bu sahədə vətəndaşlıq yanğısı ilə çalışır.

Qoy gələn hər il Əməkdar jurnalist, "Şöhrət" ordenli professor Ramiz Əskərə bol-bol yaradıcılıq uğurları gətirsin, qələminin ağ vərəqlərdə açdığı yeni səhifələr Qərbi Azərbaycanda, Ağbabanın qudsal torpaqlarında boy verib çiçəklənsin!

Avtandil AĞBABA,

SDU-nun Azərbaycan və

xarici ölkələr ədəbiyyatı

kafedrasının müdiri,

filologiya elmləri doktoru.