Qədim tariximizə səyahət -
Mədəniyyət

Qədim tariximizə səyahət - "Mədəni yaddaşımızda Qərbi Azərbaycan"

Dekabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" adlı sərgi açılıb. 28 fevral 2024-cü il tarixinədək davam edəcək sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə keçirilir.

Ekspozisiyada Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Qızılı Xalçalar" Qalereyasının kolleksiyasından təsviri və dekorativ tətbiqi sənətin müxtəlif növlərinə aid eksponatlar, foto və tarixi sənədlər, numizmatika nümunələri nümayiş etdirilir.

Tarixi yurd yerimiz olan Qərbi Azərbaycan ərazisində mövcud olmuş mədəni-tarixi abidələrimiz əsrlər boyu dağıdılaraq təhrif edilmişdir. Dədə-baba torpaqlarından didərgin salınmış soydaşlarımızın buradakı izini silmək üçün misli görünməmiş vandalizm əməlləri törədilmişdir.

Qeyd etmək yerinə düşər ki, məhv edilən dəyərli abidələr içərisində Azərbaycan memarlığının şah əsərlərindən olan İrəvan Sərdar sarayı da vardır. Sərgidə nümayiş etdirilən ekspozisiyada ölkəmizin muzey tarixində ilk dəfə olaraq süni intellekt vasitəsilə Sərdar sarayının Qacar üslubunda işlənmiş füsünkar interyeri foto proyeksiya ilə canlandırılır. Təqdim olunan arxiv fotoları isə Dövlət Rus Muzeyi və Gürcüstan Dövlət İncəsənət Muzeyindən əldə edilmişdir.

Ekspozisiyada, həmçinin Azərbaycan dəzgah boyakarlığının banisi M.Q.İrəvaninin əsilləri Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan saray üçün işlədiyi pannolarının surətləri və indiyə kimi işıq üzü görməyən divar rəsmlərinin eskizləridə mövcuddur.

Sərgidə görkəmli Azərbaycan rəssamı Bəhruz Kəngərlinin erməni daşnaklarının törətdikləri vəhşiliklər nəticəsində yurd-yuvasından didərgin düşərək Naxçıvana sığınan insanları təsvir etdiyi "Qaçqınlar" silsiləsi nümayiş olunur. Burada Səfəvilər dövründə İrəvanda hazırlanmış qızıl, gümüş, mis sikkələr, həmçinin dövlətçilik atributlarından olan İrəvan xanlığına aid bayraqların replikaları, vaxtilə İrəvanın məşhur nəsillərindən olan ziyalıların evlərini bəzəmiş sənət nümunələri də yer alır. Əslən Qərbi Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı-rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar sərgidə nümayiş etdirilən eksponatlar sırasına daxildir.

Nurlan ABDALOV,

"Respublika".