Qasırğanın fəsadları aradan qaldırılır
Region

Qasırğanın fəsadları aradan qaldırılır

Sentyabrın 7-də səhər saatlarında Balakən rayonu ərazisində baş vermiş güclü qasırğa ciddi fəsadlar törədib.

Qasırğa nəticəsində Balakən şəhəri Heydər Əliyev prospektindəki beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü uçub, R.Səmədov küçəsində yol kənarındakı ağac "Azərpoçt" MMC-nin Balakən Poçt filialının inzibati binasının üzərinə yıxılıb.

Bundan əlavə, M.Əsədov küçəsində bir ədəd ağac yıxılaraq sahibkarlıq obyektinə və iki minik avtomobilinə ziyan vurub. Qasırğa nəticəsində Heydər Əliyev prospekti və F.Teymurov küçələrində ağaclar aşaraq yolun hərəkətini məhdudlaşdırıb.

Katex kəndinin Kombinat adlanan ərazisinə dolu düşərək, 60-80 evin dam örtüyünə ziyan vurub, evlərə su dolub.

Balakən Rayon İcra Hakimiyyəti və bələdiyyələr tərəfindən dəymiş ziyanın tez bir zamanda aradan qaldırılması məqsədilə dərhal işlərə başlanılıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri və üzvlərinin iştirakı ilə yerlərə baxış keçirilib. Komissiya üzvləri tərəfindən rayon mərkəzinə və kəndlərə, eləcə də ayrı-ayrı təsərrüfatlara dəymiş ziyanın həcminin müəyyən edilməsi məqsədilə iş aparılır.

Hazırda beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünün təmir-bərpası işləri həyata keçirilir. Eyni zamanda Katex kəndində evləri zərər görmüş vətəndaşlara ilkin olaraq 1000-dən çox şifer paylanılıb.

M.NƏRİMANOĞLU,

"Respublika".