GƏDƏBƏYDƏ MƏHSUL YIĞIMI
Region

GƏDƏBƏYDƏ MƏHSUL YIĞIMI

Aqrar sahə

Payız bolluq fəsli sayılır. İnsanlar becərdikləri kənd təsərrüfatı məhsullarını həvəslə toplayır, qış fəslinə azuqə ehtiyatı görürlər. Eyni zamanda istehsal etdikləri yüzlərlə ton ekoloji təmiz qida məhsullarını daxili bazarlarda realizə edirlər.

Gədəbəy ilin bütün fəsillərində ecazkar gözəlliyi və cazibədarlığı ilə diqqət çəkir. Bu günlərdə rayona səfər edərkən bir daha bu deyilənlərin şahidi olduq. Ağacların saralmış yarpaqları, sahələrdəki yamyaşıl payızlıq taxıllar bölgəyə xüsusi gözəllik verir.

Aramsız yağışların yağması bir sıra problemlər yaratsa da, gədəbəyliləri cari ildə əldə etdikləri məhsuldarlıq qane edir. Keyfiyyəti ilə məşhur, hər kəsin süfrəsinin bəzəyi, insan orqanizminə hədsiz xeyirli qida məhsulu kartof Gədəbəydə böyük həvəslə yetişdirilir. Burada bitkilər əsasən dəmyə şəraitində becərilir.

Son illər dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı kənd təsərrüfatı məhsullarının, o cümlədən kartofun istehsal həcmində artıma səbəb olmuşdur. Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyevlə bu təsərrüfat ilində rayonda kənd təsərrüfatı sektorundakı vəziyyət barədə həmsöhbət olduq.

Direktor bildirdi ki, son zamanlar dünyada, o cümlədən Azərbaycanda baş verən iqlim dəyişikliyi, quraqlığın baş verməsinə səbəb olur. Belə olan halda dağ zonasında istər-istəməz məhsuldarlığın azalması müşahidə olunur. Baş verən təbii fəlakətlərə baxmayaraq, gədəbəyli fermerlər gecə-gündüz əzmlə çalışaraq, torpaqlardan səmərəli istifadə etməklə hər il mövcud çətinliklərin öhdəsindən gəlirlər.

Digər tərəfdən isə dövlətimizin başçısı İlham Əliyevin 19 avqust 2019-cu il tarixli "Aqrar Sığorta Fondunun yaradılması barədə" Sərəncamı fermerlərə əlavə stimul verir. İndi kənd təsərrüfatı sahələrində çalışanlar əmindir ki, baş verə biləcək hər hansı təbii fəlakət nəticəsində dəyən maddi ziyan dövlətin dəstəyi ilə adıçəkilən qurum tərəfindən ödəniləcəkdir. Bu baxımdan fermerlərlə Aqrar Sığorta Fondunun əməkdaşlığını gücləndirmək üçün DAİM işçiləri əhali arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri aparırlar.

Müsahibim bildirdi ki, 2023-cü ilin məhsulu üçün rayonda 8197 hektar sahədə kartof əkilib-becərilmiş, 105514 ton yüksəkkeyfiyyətli məhsul əldə olunmuşdur. Orta məhsuldarlıq hər hektardan 1295 sentner təşkil edib.

Gədəbəyin münbit torpağı digər tərəvəz məhsullarının yetişdirilməsinə də imkan verir. Cari ilin məhsulu üçün 352 hektar sahədə kələm yetişdirilib (6135 ton - hər hektardan 174 sentner). 331 hektar sahədə yerkökü, çuğundur və yaşıl lobya əkilmiş əraziyə göstərilən yüksək aqrotexniki qulluq nəticəsində 5740 ton ekoloji təmiz məhsul əldə olunmuşdur (orta məhsuldarlıq 173 sentner).

Artıq rayonda məhsul yığımı başa çatdırılmışdır. Bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, rayonda soyuducu anbarların qurulmasına ehtiyac duyulur. Kartofçuluqla məşğul olan fermerlər əsasən yerli toxum sortlarına daha çox üstünlük verirlər. Çünki bu toxumlar quraqlığa daha çox davamlı olur, eyni zamanda xəstəliyə tutulma riski aşağıdır.

Gədəbəydə 2024-cü ilin məhsulu üçün 2842 hektar sahədə payız şumu başa çatdırılmışdır. Hazırda 2683 hektar sahədə buğda səpini aparılmış, rəqəmin 3200 hektara çatdırılması proqnozlaşdırılır.

Yaxın günlərdə səpin başa çatdırılacaqdır. Bununla yanaşı, 500 hektar sahədə yazlıq taxıl səpini də nəzərdə tutulur. Payızlıq səpin aparılmış sahələri gəmiricilərdən və digər həşəratlardan qorumaq üçün mütəmadi olaraq fitosanitar tədbirlər həyata keçirilir. Bu məqsədlə 1014 hektarda müşahidə aparılmış, sirayətlənmiş 817 hektar sahədə (bundan 624 hektar dövlət büdcəsi hesabına) mübarizə tədbirləri davam etdirilir.

Rayonda əkin-biçin aparılması üçün kifayət qədər kənd təsərrüfatı texnikası mövcuddur. Gədəbəy əsasən dağlıq əraziyə malik olduğundan burada maldarlıq və heyvandarlığın inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. Bölgədə mal-qaranı otarmaq üçün 51036 hektar örüş sahəsi var. Bununla yanaşı, 9592 hektar biçənək sahəsindən də istifadə olunur.

Statistik məlumata görə, hazırda rayonda 41756 baş iribuynuzlu, 202992 baş xırdabuynuzlu heyvan bəslənilir. Heyvanların sağlamlığının qorunması üçün təsdiq olunmuş plana uyğun olaraq vaxtaşırı epizootik tədbirlər həyata keçirilir. Eyni zamanda, fermalar, heyvandarlıq binaları və ərazilərdə baytarlıq-sanitariya tədbirləri aparılaraq dezinfeksiya edilir. Əsasən vərəm, manqo, taun və başqa xəstəliklərə qarşı diaqnostik müayinələr aparılmışdır.

Rayonda mal-qara arasında xüsusi təhlükəli keçici xəstəliklər aşkar edilməmişdir. Göründüyü kimi, gədəbəyli fermerlər ənənələrinə sadiq qalaraq respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hər il müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları istehsalı həcmində ürəkaçan nəticələrə nail olurlar.

Vəli VƏLİYEV,

"Respublika".