Qarşılıqlı etimad və sarsılmaz birlik örnəyi
Siyasət

Qarşılıqlı etimad və sarsılmaz birlik örnəyi

Respublikamız xoş məramı və davamlı töhfələri ilə üzv olduğu beynəlxalq təşkilatların funksionallığının artmasında mühüm rol oynayır. Ölkəmizin 120 dövləti birləşdirən Qoşulmama Hərəkatında (QH) uğurlu fəaliyyəti də buna yaxşı nümunədir. Azərbaycan 2011-ci ildə QH-yə tamhüquqlu üzv kimi qəbul olundu. Qısa zaman ərzində respublikamızın qurumun sıravi üzvlüyündən onun sədrliyinə seçilməsi də yüksək inam və etimadın göstəricisidir. 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə qərar qəbul edildi.

25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olundu. Təsadüfi deyil ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bədnam qüvvələrin ölkəmizin əleyhinə qətnamə qəbul etdirmək arzusunu məhz Qoşulmama Hərəkatının üzvü olan ölkələr puç edib. Belə ki, 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə bəyanatın qəbul edilməsinin qarşısı QH-nin 7 üzv ölkəsi tərəfindən inamla alındı. Qoşulmama Hərəkatı Azərbaycanın haqq işini daim dəstəkləmişdir. Həmçinin bunu da qeyd etmək lazımdır ki, məhz Azərbaycanın təklifi əsasında 4 may 2020-ci ildə QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirildi. Ölkə başçımız İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü də bütün dünyada əks-səda doğurdu. 150-dən artıq dövlət bu təşəbbüsə öz dəstəyini bildirdi və xüsusi sessiya 3-4 dekabr 2020-ci il tarixlərində baş tutdu.

Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq QH-yə üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı ki, bu da 2022-ci il 25-29 iyul tarixlərində ölkəmizdə baş tutdu. Bu təşkilatın yaradılması hərəkata üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılandı. Bundan başqa, yenə ölkəmizin təşəbbüsü ilə hərəkatın tarixində ilk dəfə olaraq QH Modeli Beynəlxalq Simulyasiya Təlimi keçirildi. Bütün bunlar Azərbaycanın Qoşulmama Hərəkatına yüksək səviyyədə evsahibliyi etdiyinin göstəricisidir. Ölkəmizin təşkilata sədrliyi 2022-ci ildə bitməli idi. Lakin Azərbaycanın uğurlu və səmərəli fəaliyyətinin yüksək dəyərləndirilməsinin nəticəsi olaraq sədrlik dövrü daha bir il uzadıldı. Danılmaz faktdır ki, həmin dövrə qədər Qoşulmama Hərəkatı indiki qədər nüfuz sahibi deyildi. Məhz Azərbaycanın, ölkə başçımızın liderliyi ilə həyata keçirilən tədbirlər QH-nin nüfuz dairəsini genişləndirdi.

Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri olaraq qlobal təhdidlərə qarşı lazımi manevrləri etmə qabiliyyəti və bu xüsusda ardıcıl şəkildə irəli sürdüyü təklif, təşəbbüslər, verdiyi humanist və düzgün qərarlar Hərəkat üzvləri ilə yanaşı, digər dövlətlər tərəfindən də dəstəklənir. Yeniliklərə misal olaraq Hərəkata üzv olan dövlətlərin Parlamentlər Şəbəkəsinin yaradılmasını qeyd etmək olar. Prezident İlham Əliyevin bütün üzv dövlətlər tərəfindən dəstəklənən bu təşəbbüsü yüksək qiymətləndirilir. 200-ə qədər nümayəndənin iştirak etdiyi təsis iclasını beynəlxalq təşkilatların istisnasız olaraq təqdir etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransı parlament diplomatiyası üçün yeni bir addım idi. Bununla yanaşı, 2022-ci il iyulun 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrdən olan gənclərin sammitinin öz işinə başlaması görülən işlərə daha uğurlu bir nümunədir.

Hazırda Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfrans keçirilir. İştirakçılara müraciət edən ölkə başçımız İlham Əliyev bildirib: "Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası hər zaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırmış, xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparmışdır. Bu xüsusda, qadın və kolonializm mövzularının bir araya gətirilməsi, dekolonizasiya prosesində qadınların rolunun gücləndirilməsi zamanın tələbidir. XXI əsrdə qadınların təəssüf ki, hələ də koloniyalarda köləliyə və istismara məruz qalması fundamental insan hüquqlarından məhrum olması deməkdir".

Bir daha vurğulamaq lazımdır ki, Azərbaycan daim beynəlxalq miqyasda baş verən proseslərə öz müsbət təsirini göstərməyə çalışır. Dövlətimiz daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür.

Röya RÜSTƏMLİ,

"Respublika".