Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası
Siyasət

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası

İyulun 14-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin 2023-cü il növbədənkənar sessiyasının sonuncu iclası keçirilib.

Əvvəlcə iclasda cari məsələlərin müzakirəsi olub.

Çıxış edən deputatlar müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyini böyük bir dövrün başlanğıcı kimi dəyərləndiriblər. 1969-1982-ci illərdə Ümummilli Liderin respublika rəhbəri kimi siyasi fəaliyyətinin ölkəmizin gələcək müstəqilliyinin təməllərinin atılmasında və xalqın özünə qayıdışında, milli ruhun oyanışında müstəsna əhəmiyyəti vurğulanıb.

"Normativ-hüquqi aktlar haqqında" Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu (ikinci səsvermə) layihəsinin normativ-hüquqi aktların hazırlanması, qanunverici subyektlər arasında münasibətlərin qurulması qaydalarının tənzimlənməsi baxımından əhəmiyyətindən danışılıb.

Konstitusiya qanunu layihəsi ikinci səsvermədə qəbul edilib.

İkinci məsələ - "Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi barədə məlumat verilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri bildirib ki, gündəliyin qalan 17 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir, növbəti 6 məsələ isə Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

Bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra "Dərman vasitələri haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, "Konstitusiya Məhkəməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi, "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi deputatların nəzərinə çatdırılıb.

"Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də daxil olmaqla hər dörd qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin də yeni medalların təsis edilməsi ilə bağlı olduğunu deyib. O, bu qanun layihələrinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu qeyd edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. O qeyd edib ki, bu məsələlər - "Dövlət satınalmaları haqqında" (üçüncü oxunuş) və Vergi Məcəlləsində, "Energetika haqqında", "Büdcə sistemi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "İnzibati icraat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələridir.

Həmin qanun layihələri barədə məlumat verilib. "Dövlət satınalmaları haqqında" qanun layihəsi ilə bağlı qeyd edib ki, həm komitədə, həm də plenar iclasda müzakirələr zamanı bəzi məsələlər qaldırılıb.

Təqdim olunan məsələlərə dair fikir və qeydlərini açıqladıqdan sonra son iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri parlamentin növbədənkənar sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mustafa KAMAL,

“Respublika”.