QARDAŞLAŞMIŞ ŞƏHƏRLƏR İNTEQRASİYAYA MÜHÜM TÖHFƏ VERİR
Sosial həyat

QARDAŞLAŞMIŞ ŞƏHƏRLƏR İNTEQRASİYAYA MÜHÜM TÖHFƏ VERİR

Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulmuşdur.

1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub. Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi, Gəncə və Kutaisi şəhərləri arasında 1996-cı ildə əsası qoyulmuş mehriban dostluq və əməkdaşlıq əlaqələrinin davamlı olması və digər sahələrdə də inkişaf etdirilməsi diqqəti çəkir. Bu şəhərlər arasında əməkdaşlığa dair imzalanmış memorandum xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, XIX əsrdən başlayaraq hər il Gürcüstanın Kutaisi şəhərində 1-3 mayda "Qviriloba" adlı Şəhər Günü keçirilir. Şəhər günündə Gürcüstanın, Azərbaycanın və dost ölkələrin incəsənət, mədəniyyət ustalarının, folklor, estrada ansambllarının mahnı və rəqs konsertləri, festivallar, teatr tamaşaları, sərgiləri hər iki xalqda xüsusi ovqat yaradır. Xüsusilə qeyd etmək lazımdır ki, belə analoji tədbirlər Azərbaycanın incəsənət ustalarının, sənətkarlarının nüfuzunu da artırmaqla, həm də Azərbaycanın gözəl adət və ənənələrini dünyaya nümayiş etdirir. Bu baxımdan, qardaşlıq və qarşılıqlı tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində səylərin daha da artırılması önəmli məsələlərdən biridir. İki şəhərin ali təhsil müəssisələrinin professor, müəllim və tələbələrinin əməkdaşlığı uğurla davam etdirilir, eyni zamanda aqrar və digər sahədən bəhs edən birgə elmi jurnalların nəşri də həyata keçirilir. Həmçinin bu kimi tədbirlər  qardaşlaşma axınına qoşulmuş digər əyalət şəhərləri ilə də reallaşdırılır. Belə ki, yüksələn xətlə inkişaf edən Azərbaycan-Gürcüstan münasibətləri Gəncə-Kutaisi şəhərləri arasında əməkdaşlıq üçün çox yaxşı zəmin yaratmışdır. Siyasi münasibətlərin müsbət dinamikası və ölkə başçıları arasında sıx təmas öz növbəsində iki xalq arasındakı münasibətlərə yetərincə töhfə vermişdir. Ümumiyyətlə, Gəncə şəhəri ilə Kutaisi şəhəri arasında əlaqələrin bütün sahələr üzrə genişləndirilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Bütün bunlar əlaqələrimizin daha da dərinləşməsinə imkan verir.

Son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu sahədə rəqabətqabiliyyətli məhsulların istehsalı xeyli dərəcədə artmış və bu kimi məsələlər Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman xüsusi diqqət mərkəzindədir. Vaxtaşırı Gəncə-Kutaisi şəhərlərinin dövlət rəsmilərinin, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələri daha da möhkəmləndirmişdir. Turizm potensialı və əhalinin oxşar həyat tərzi bu yaxınlaşmanı daha da dərinləşdirir. Gəncənin investisiya mühiti, mədəni, sosial, turistik, infrastruktur və iqtisadi potensialı Kutaisinin nümayəndə heyətində xüsusi maraq doğurur. Eyni zamanda, Kutaisinin turizm obyektlərini və tarixi yerlərini, Gəncə üçün əhəmiyyətli olan Kelati monastrının ziyarətini xüsusi qeyd etməyə dəyər. Hər iki tərəfin münasibətlərin inkişafında maraqlı olması ölkələrimiz və xalqlarımızın dostluğuna və mənafeyinə xidmət edir.

Bir sözlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana işgüzar səfərinin yeni müstəvidə inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin dinamikasına müsbət təsir göstərəcəyi şübhəsizdir. Yeni əməkdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan-Gürcüstan əlaqələri, qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan münasibətlər hər iki ölkənin uğurlu və sabit inkişafının qarantına çevrilib. Tam əminliklə demək olar ki, dövlət başçımızın Gürcüstana səfərləri qardaşlaşmış Gəncə-Kutaisi şəhərlərinin inkişafına, tərəqqisinə və inteqrasiyasına daha böyük töhfə verəcəkdir.

Zabit XƏLİLOV ,

"Respublika".