Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr
Digər xəbərlər

Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr

Aytək Məmmədovanın "Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr" kitabı qədim zamanlardan tutmuş, müasir dövrümüzə kimi olan tarixi əks etdirir. Hadisələrin və tarixin müxtəlifliyi kitabı oxunaqlı edir.

Kitabın əsas qayəsi və məramı Vətən mövzusudur. Söhbət Azərbaycanın qədim yaşayış məskənlərindən olan tarixi torpaqlarımız Qarabağdan gedir. Müəllif Qarabağın keçmişinə səyahət etməklə bərabər, onun tarixinə, mədəniyyətinə və maddi-mədəni abidələrinə də geniş yer vermişdir. Qarabağın tacı olan Şuşa şəhərinin Pənahəli xan tərəfindən salınması tarixi və bu yerlərin olduqca zəngin təbii ehtiyatları da geniş şəkildə əks olunmuşdur. Aytək Məmmədova bu kitab vasitəsilə oxucunu sanki Qarabağa qiyabi səyahətə aparır. Burada ərazinin gözəllikləri, əsrarəngiz təbiəti, strateji əhəmiyyəti və təbii sərvətləri də olduqca dolğun şəkildə ifadə edilir.

Və əlbəttə ki, bütün zamanlarda bu cənnət diyara olan xain qonşuların ərazi iddiaları...

Kitabda Ermənistanın Azərbaycana qarşı məkrli planlarından geniş söhbət açılır. Bu xəstə təfəkkürlü millətin oğurluq əməllərindən, qonşu kölgəsində özlərinə yer edib, elə o bölgələrə də tamah salmasından bəhs edir. Maraqlı məqamlardan biri də Avropanın tanınmış tarixçilərinin, yazıçılarının ermənilər haqqında zamanında düzgün şərh vermələridir. Daha sonra, kitabda Qarabağın təhsil tarixi və musiqi mədəniyyəti, yetirdiyi dahi şəxsiyyətlər - Üzeyir Hacıbəyov, Əhməd Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Azərbaycan fəlsəfəsi tarixində böyük xidmətləri olan Ziyəddin Göyüşov, Zakir Məmmədov kimi alimlərdən də söhbət açılır.

Əlbəttə ki, bütün mövzuların ana xəttini Azərbaycan xalqının igidliyi, mərdliyi və düşmən üzərində qələbəsi təşkil edir. Həm də Qarabağ ərazisində olan tarixi, mədəni abidələrin yaranma tarixi, işğal dövründəki taleyi qeyd olunur.

Ermənilər tərəfindən 30 il ərzində dağıdılaraq məhv edilən abidələrin 44 günlük Vətən müharibəsindən sonra yenidən bərpasına dövlət başçısının diqqət və qayğısı da kitabda öz əksini tapmışdır.

Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi olduğunu canlandıran müəllif eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra və yaxın zamanlarda açılması nəzərdə tutulan Zəngəzur dəhlizinin də əhəmiyyətinə toxunmuşdur. Ümumilikdə götürdükdə, Aytək Məmmədovanın "Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr" kitabı hər bir oxucunun səyahət kitabçasıdır.

R.MƏHƏRLƏMOVA,

"Respublika".