Qarabağa və Şərqi Zəngəzura yeni həyat, firavanlıq qayıdır
Sosial həyat

Qarabağa və Şərqi Zəngəzura yeni həyat, firavanlıq qayıdır

Tarixin və zamanın gərdişini dəyişən, doğma xalqının və Azərbaycanın şərəfini ucaldan, düyünə salınmış və uzun illər sanki tilsimlənmiş problemi öz əsgəri ilə döyüş meydanında həll edən, ərazi bütövlüyümüzü, suverenliyimizi xilas edən Qalib Ali Baş Komandan İlham Əliyevin siyasi, diplomatik məharəti, fədakarlığı, qətiyyəti sayəsində İkinci Qarabağ müharibəsində əldə edilən əzəmətli və şanlı qələbə indiki və gələcək nəsillər üçün əsl qürur, iftixar mənbəyidir. Bu qələbə Azərbaycana faciə və fəlakətlər gətirən iki yüz illik erməni-daşnak təcavüzünə, qəddar işğala, ermənipərəst qüvvələrin siyasi təxribatlarına birdəfəlik son qoydu.

Üç il bundan əvvəl, 2020-ci ilin payızında Azərbaycan erməni işğalını dondurmağa çalışan, Qarabağ münaqişəsinə başqa don geyindirməyə cəhd edən, torpaqlarımızda qeyri-qanuni məskunlaşma aparan, problemin həll edilməsinə mane olan bəzi dövlətlərin ikiüzlü siyasətini, ətalət buzunu cəsarətlə sındıran Liderimiz öz ordusuna təcavüzkarı vur əmri verdi. Qəhrəman silahlı qüvvələrimizin bölmələri tarixin sərt sınağından qalibiyyətlə çıxaraq uzun illər havadarlarına arxalanan Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etdi, düşmən ordusunu ağır məğlubiyyətə uğratdı, şəhidlərin qisası savaş meydanında, səngərlərdə alındı. Rəşadətli ordumuzun bölmələri igidliklə, cəsarətlə, hünərlə, peşəkarlıqla döyüşərək düşmənin hərbi təcavüzü ilə üzləşən, ermənilər tərəfindən dağıdılan, yandırılan, xarabalığa çevrilən kəndlərə, qəsəbələrə, şəhərlərə  daxil oldu və şəhid qanı ilə suvarılan yurd yerlərinə üçrəngli Azərbaycan bayrağını sancdılar. Otuz illik işğal dövründə erməni faşizminin qəsdən, bilərəkdən, etnik nifrət zəminində törətdiyi  mənzərə çox dəhşətli idi. İşğaldan azad edilən yerlərdə düşmən demək olar ki, bütün evləri, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, mədəniyyət ocaqlarını, abidələri, dini məkanları qarət edərək onları məhv edib, yolları, körpüləri, keçidləri tamamilə dağıdıb. Qarabağda və Şərqi Zəngəzurda insanı dəhşətə salan xarabalıqlar düşmənin qəddar vəhşiliyindən xəbər verir. Dövlətimizin başçısı İlham Əliyev separatçıların gözləntilərinin üstündən xətt çəkərək bütün dünyaya bəyan etdi ki, biz bu torpaqlara qəhrəman kimi, müzəffər xalq kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı daş üstündə qoymayıb. Görün, yollar nə gündədir. Otuz il ərzində bu yollar asfalt görməyib. Onların bütün təbliğatı yalandır,  bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırdılar, dırnaqarası "Artsax dövləti" - cəhənnəmə getdi. "Dövlət" idisə, bəs, niyə daşı daş üstə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır.

Dünyanın əksər ölkələrinin Ermənistanın haqsız iddialarını dəstəkləməsinə, onlara maddi və hərbi dəstək verməsinə baxmayaraq, müzəffər Azərbaycan ordusu  Vətən müharibəsindəki haqq savaşında qalib gəldi. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızdan düşmənlər qovuldu, orduları darmadağın edildi, bəd niyyətləri məhv edildi, yalvar-yaxar edərək məğlubiyyət aktına qol çəkdilər.

Son iki yüz ilin xronikasına nəzər salanda bir daha aydın olur ki, əzəli və əbədi torpaqlarımıza köçürülən ermənilər həmişə azərbaycanlılara qarşı nifrət və qəddarlıq nümayiş etdiriblər, özgə torpağında yaşasalar da ərazi iddialarından heç zaman əl çəkməyiblər. Prezident  İlham Əliyev torpaqlarımızda yaşı iki yüz ildən də çox  olan separatizm yuvasına, ermənilərin əsassız torpaq iddialarına son qoydu, bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Mübaliğəsiz demək olar ki, Azərbaycan dünyada yeganə dövlətdir ki, ağır müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda bərpa, quruculuq işlərini əhatə edən nəhəng layihələrin icrasına başlayıb. Keçmiş məcburi köçkünlərin həsrətlə gözlədikləri anlara şahidlik edirik, yurd nisgilli insanlar toy-bayramla, şükranlıqla, sevinc göz yaşları ilə yenidən qurulan şəhərlərə və kəndlərə qayıdırlar. Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı tikinti-quruculuq işləri təsdiq edilmiş plan əsasında aparılır. Həm də Azərbaycan heç yerdən və heç kimdən kömək gözləmədən öz gücü, öz iradəsi ilə misli görünməyən quruculuq işlərini sürətlə, keyfiyyətlə, modern üslubda, milli memarlıq ənənələri üzərində aparır. Ermənilərin törətdikləri böyük fəlakətin üstündən cəmi üç il keçməsinə baxmayaraq, minlərlə soydaşımız öz dədə-baba yurdlarına qayıdırlar. Dirçəliş təkcə quruculuq işlərində deyil, bu, həm də insanların mənəviyyatında, arzularında, gələcək ümidlərində baş verir. Dönməz çağlarımız qayıdır, yanmaz ocaqlarımız alovlanır, heydən düşən ayaqlarımız, nurdan düşən gözlərimiz sevinir, axı ayaqlarımız doğma yurddadır.

Sentyabrın 19-da Xankəndi və ətraf ərazilərdə aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan öz ərazilərində suverenliyini bərpa etdi. Qəti əminik ki, bundan sonrakı proseslər də yenə Azərbaycanın diktəsi altında inkişafa, sülhə, tərəqqiyə doğru irəliləyəcək. Müharibədən altı gün sonra quruculuq işlərinə ilk dəfə  yollardan başlanıldı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçımızın tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələri uğurla davam etdirilir. Bu, heç də səbəbsiz deyil, çünki 20 il bundan əvvəl Prezident seçilən İlham Əliyev ölkəmizdə ilk həyata keçirdiyi iş yolların yenidən qurulması ilə bağlı olub. Dövlətimizin başçısı tərəfindən uzaqgörənliklə qarşıya qoyulan ilk vəzifə yeni körpülərin tikilməsi, yolların çəkilişi və əsaslı təmiri Azərbaycanda sosialyönümlü tədbirlərin tərkib hissəsi olub. Adi həqiqətdir ki, müasir avtomobil yolları şəbəkəsinə malik olmadan iqtisadiyyatda davamlı uğurlar qazanmaq mümkün deyildir. Ölkəmizin iqtisadi imkanları artdıqca bu sahəyə yönəldilən investisiyaların da həcmi artacaqdır. Həyat bu fikirləri dəfələrlə sübut edib, işğaldan azad edilən ərazilərdə də ilk layihələr yol infrastrukturunu əhatə edir. Son üç ildə Qarabağa və Şərqi Zəngəzura yüzə yaxın səfər edən Prezidentimiz yolların tikintisi, bərpası və yenidən qurulması barədə mühüm əhəmiyyət kəsb edən sərəncamlar imzalayıb. Otuz il ərzində nə qədər çətin olsa da, problemi uğurla həll edən dövlətimizin başçısı hesab edir ki, Qarabağa və Şərqi Zəngəzura aparan yollar rahat və geniş olmalıdır. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə yolların yenidən qurulması işlərinə ilkin olaraq Tərtər rayonundan başlanılıb. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Tərtər şəhərindən Suqovuşana, Suqovuşandan Talış kəndinədək yol yenidən qurulub. Bundan başqa, Füzulidən Şuşaya və Göygölün Toğanalı kəndindən Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu istiqamətində yeni avtomobil yollarının tikintisi həyata keçirilir, Ağdam-Füzuli avtomobil yolunun tikintisi də sürətlə aparılır. Zəfər yolları bütün Qarabağı və Şərqi Zəngəzuru əhatə edir.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda dünyanın ən modern yol-nəqliyyat infrastrukturu yaradılır. Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı yeni inşa edilən yollardan  başlayır. Qələbə və Zəfər yolları Qarabağın işğaldan azad edilmiş kəndlərinə  və şəhərlərinə yeni həyat gətirir, firavanlıq, tərəqqi və əmin-amanlıq bəxş edir. Yolumuz həmişə açıq olsun...

Salman ALIOĞLU,

"Respublika".