Qarabağ və Şərqi Zəngəzura qayıdış daha da sürətlənəcək
Sosial həyat

Qarabağ və Şərqi Zəngəzura qayıdış daha da sürətlənəcək

30 il yurd yerlərindən didərgin düşmüş Qarabağ və Şərqi Zəngəzurun doğma sakinləri artıq 2022-ci ildən etibarən həmin ərazilərə geri qayıdırlar.

Azərbaycan Ordusunun göstərdiyi inanılmaz şücaət imkan verdi ki, soydaşlarımız uzun illər həsrətini çəkdiyi torpaqlarda yenidən qurub-yaratsınlar. Bu, Azərbaycanın həm regionda, həm dünya miqyasında qazandığı ən böyük uğurdur.

İşğal dönəmində Azərbaycan tərəfi dəfələrlə məcburi köçkünlərin geri qayıtmasının labüdlüyünü dilə gətirsə də, nə Ermənistan, nə də vasitəçi ATƏT bu məsələyə ədalətli yanaşma sərgiləmədi. Ermənilər bu illər ərzində tarixi torpaqlarımızı talan edib, bütün evləri, mədəniyyət abidələrini, məscidlərimizi yerlə-yeksan etmiş, urbisid, ekosid törətmişlər. Həmçinin çaylarımızı çirkləndirib, meşə fondumuza külli miqdarda ziyan vurublar. Lakin bu qeyri-insani davranışlara görə bu günə qədər heç bir beynəlxalq təşkilat Ermənistan dövlətinə qarşı ciddi tədbir görməmişdir. Hər iki tərəfin - ATƏT və Ermənistanın 30 il boyunca, BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət göstərməməsi İkinci Qarabağ müharibəsinin başlamasına ən böyük səbəb olmuşdu.

Vətən müharibəsində düşməni 44 gün ərzində diz çökdürən Silahlı Qüvvələrimiz, eyni qəhrəmanlığı ötən ilin sentyabr ayında da göstərərək erməni separatizminə birdəfəlik son qoydular. 80-ci illərin sonundan başlayaraq Xankəndidə yuva salmış radikal ermənilərin Qarabağı türksüz diyara çevirmək cəhdləri də beləcə puça çevrildi. İndi nəinki Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, hətta Xankəndi və Xocalı da Böyük Qayıdışa hazırlaşır. Bu xəbəri verən dövlət başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində qeyd edib ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar: "Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar".

Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Artıq qısa zaman kəsiyində qurulan şəhər və kəndlərdə 5 minə yaxın keçmiş köçkün yerləşmişdir.

İlk olaraq 19 iyul 2022-ci ildə keçmiş məcburi köçkünlər Zəngilan rayonunun Ağalı kəndində yaşamağa başlayıb. Yenidən qurulan Ağalı kəndində yüksəkkeyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə  dayanıqlı enerji mənbələrinə üstünlük verilmiş, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyalar  tətbiq edilmişdir.

Böyük Qayıdış proqramı çərçivəsində ötən ilin martında Tərtər rayonunun Talış kəndi də öz doğma sakinlərinə qucaq açan yaşayış məskənləri sırasında olub.  Novruz bayramı ərəfəsində Talış kəndinə qayıdan sakinlər  bayram günlərini uzun illərdən sonra el-obalarında qarşılayıblar.

Keçən il 28 May - Müstəqillik Günündə ikiqat bayram sevinci yaşadıq.  Həmin gün 30 ildən sonra Laçın şəhərinin bir qrup sakini öz doğma yurduna qayıtdı. Həmçinin Laçın rayonunun Zabux kəndinə də köç karvanları üz tutdu.

Ötən il Qarabağın hava qapısı hesab olunan Füzuliyə  qayıdış təşkil olundu. Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayan sakinlər könüllü şəkildə Füzuli şəhərinə geri qayıdıblar.

Təbii ki, bütün bu uğurların arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti dayanır. Məhz onun rəhbərliyi ilə xalqımız müharibənin ilk günlərindən etibarən  yumruq kimi birləşdi, vətən torpaqlarının azadlığı uğrundu səfərbər oldu. Və nəticədə böyük güclərin himayə etdiyi Ermənistanın işğal altında saxladığı ərazilər qısa zamanda Ordumuzun nəzarətinə keçdi. Xüsusilə Şuşa və Hadrut əməliyyatları düşmənin məğlubiyyətini qaçılmaz etdi,  Xocalının qisası döyüş meydanında alındı.  Bu xoşbəxtliyi Azərbaycan xalqına bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bu gün hörmətlə yad edilir. Onların canı-qanı bahasına keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdır.

Musa BAĞIRLI,

"Respublika".