Tükənməz sevgi
Sosial həyat

Tükənməz sevgi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman xalqın, millətin arasında oldu, özəl günlərini də məhz onlarla qeyd etdi. Xalqın illərlə köz bağlayan, nisgilə çevrilən həsrətinə son qoyacağına söz verdi və əməl etdi.

Ötən 20 illik fəaliyyəti dövründə Prezident İlham Əliyev xalqı, milləti üçün Azərbaycan naminə əvəzsiz xidmətlər etdi. Ancaq işğal altında olan Vətən torpaqlarını düşmən tapdağından azad edib, yurd-yuva həsrəti ilə yaşayan insanları öz doğma torpaqlarına qovuşdurmaq həyata keçirdiyi işlərin fövqündə dayandı. Hələ illər öncə cənab Prezident doğum günlərində keçmiş məcburi köçkünlərlə görüşlər keçirir və onların mütləq öz yurdlarına qayıdacaqlarına əmin olmalarını tövsiyə edirdi.

Belə görüşlərdən biri də 2011-ci ildə Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışı zamanı olmuşdur. O zaman Prezident İlham Əliyev məcburi köçkün ailələrlə görüşmüş, yubileyini onlarla birlikdə qeyd etmişdir. Bu ilin 26 avqust tarixində Laçın Şəhəri günündə laçınlılarla görüşən ölkə başçısı həmin günləri xatırlayaraq demişdir: "Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşımı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük". Bəli, bu şərəfli tarixi bizə yaşadan dövlət başçısı İlham Əliyevdir.

Artıq dörd ildir ölkə başçısı doğum gününü Müzəffər Ali Baş Komandan kimi qarşılayır. Bu, uzun illərin gərgin əməyinin, düzgün siyasi gedişlərin, yüksək diplomatik səviyyənin bəhrəsidir. İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətin ən parlaq zirvəsidir. 30 il ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması xalqımızın Vətən həsrətinə son qoyulmasıdır. 44 günlük Vətən müharibəsi həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı, İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı.

Hər zaman xalqın arasında olan dövlət başçısı Zəfər ilimizdə - 24 dekabr 2020-ci ildə doğum gününü birinci xanım Mehriban Əliyeva ilə işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına səfər etməklə keçirdi. Hələ illər öncə Prezident özünün 50 illiyini Taxtakörpü qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə keçirən zaman demişdi ki, tezliklə bütün məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar. Cəmi 10 ildən sonra arzular reallaşdı, ümidlər doğruldu. Torpaqlarımız işğaldan azad ediləndən sonra isə 2021-ci ildə Prezident İlham Əliyev növbəti doğum gününü Şuşada, tarixi anlara şahidlik etmiş Cıdır düzündə ailə üzvləri ilə birlikdə qeyd etdi.

Sentyabr ayının 19-20-də Azərbaycan dövlətinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı suverenliyimizin bərpası Qarabağın mərkəzi şəhəri olan qədim Xankəndi və digər rayonlarımızda dövlət bayrağının dalğalanması ilə nəticələndi. Bəli, ölkə başçımız bundan sonra ad günlərini tam suveren Azərbaycanın vətəndaşları ilə birgə qeyd edəcək.

Ramidə YAQUBQIZI,

"Respublika".