Qarabağ və Şərqi Zəngəzur: sülh, davamlı inkişaf, gələcək hədəflər
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzur: sülh, davamlı inkişaf, gələcək hədəflər

Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycanın dünyadakı hərbi və siyasi mövqeyini daha da möhkəmləndirdi, gücünü nümayiş etdirdi, müdafiə sənayesində əldə edilən uğurların davamlı olduğunu göstərdi.

Möhkəm təməl üzərində qurulan iqtisadiyyatın şaxələndirilməsi, müasir ordu quruculuğu, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, dünyada baş verən ərzaq qıtlığına qarşı vaxtında görülən tədbirlər və digər həyat əhəmiyyətli layihələr Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin əsasını təşkil edir. Böyük Qələbədən sonra bölgədə yeni reallıq yaranıb, respublikamızda Qarabağın və Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışını təmin edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla, fədakarlıqla icra olunur.

Qələbədən sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatlardan və digər partlayıcı qalıqlardan təmizlənməsinə başlanıldı. Otuz ilə yaxın işğalda saxladığı əraziləri başdan-başa minalarla çirkləndirən Ermənistan üçtərəfli bəyanatdan sonra bəzi əraziləri boşaltmaq üçün möhlət aldığı müddət ərzində də torpaqlarımıza ölüm sursatları basdırmaqla öz çirkin niyyətindən əl çəkmədi. Xain düşmənin basdırdığı minalar yüzlərlə dinc sakinin və hərbçinin ölümünə səbəb oldu, onlarla insan isə ömürlük şikəst qaldı. Ona görə də əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsi üçün ardıcıl olaraq minalardan təmizlənmə işləri davam etdirilir.

Döyüş sursatlarından və minalardan təmizlənən ərazilərdə 2020-ci ilin noyabr ayından başlayaraq hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılıb, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılır. İşğaldan azad edilmiş ərazilərdə enerji təsərrüfatının yenidən qurulması və bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi, doğma yurd yerlərinə qayıdan əhaliyə layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İşğaldan azad edilən ərazilərdə zəruri rabitə infrastrukturu qurulur, mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. xidmətlər təşkil edilir. Hazırda şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir.

Dövlətimizin başçısı İlham Əliyev ötən iki il ərzində işğaldan azad edilmiş ərazilərə 40 dəfədən çox səfər edib və onun rəhbərliyi ilə bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır, iri infrastruktur layihələr icra olunur. Prezidentin bildirdiyi kimi, əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır. Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq. Bu sözlər, bu qəti mövqe qələbəmizi həzm edə bilməyən Ermənistana, onun havadarlarına, revanşist qüvvələrə, erməni ilə "qardaş" olan dövlətlərə çox açıq bir mesaj və xəbərdarlıqdır.

İstər respublikamızın ayrı-ayrı bölgələrində, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yaşıl və bərpaolunan enerji layihələrinə ciddi diqqət ayıran Prezident İlham Əliyevin uğurlu diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə öz bəhrəsini verir. Alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün ölkəmiz böyük potensiala malikdir. Bu yaxınlarda Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması bu baxımdan çox böyük önəm daşıyır. Artıq Azərbaycan Avropada enerji istehsalçısı kimi tanınır və qəbul edilir. Bundan başqa, Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə bu sahədə əməkdaşlığın faydalı nümunəsi kimi qiymətləndirilir. Respublikamıza səfər edən əcnəbi qonaqlar Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işləri ilə tanış olandan sonra bildirirlər ki, Azərbaycanın sülh mərhələsinə keçidi uğurlu olacaq və bunun da bölgəyə firavanlıq gətirəcəyinə inandıqlarını dilə gətirirlər.

Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonası elan edilib. Bu istiqamətdə bərpa-quruculuq işləri sürətlə davam edir. Bərpaolunan enerjiyə aid birinci pilot layihə işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində icra edildi. Burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. "Ağıllı kənd"də məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Mübaliğəsiz demək olar ki, bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Onu da qeyd edək ki, Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu olacaq. Mütəxəssislərin qənaətinə görə, Zəngilanda günəş enerjisinin böyük potensialı var.

Azərbaycanın erməni işğalına son qoymaq üçün qazandığı Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanı gətirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. Beynəlxalq təhlilçilərin və siyasi ekspertlərin fikrincə, münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından çox böyük strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə aparılan tikinti, bərpa və yenidənqurma işlərinin miqyası çox genişdir və bu nəhəng işlər sürətlə aparılır. Qarabağ və Şərqi Zəngəzur ən yaxın zamanlarda əsl cənnətə çevriləcək, insanlar doğma yurd yerlərində firavan yaşayacaqlar.

Salman ALIOĞLU,

"Respublika".