“Qarabağ” avrokuboklarda unikal göstəriciyə imza atıb
İdman

“Qarabağ” avrokuboklarda unikal göstəriciyə imza atıb

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” klubu ilk iki turdan sonra turnirdə qol buraxmayan üç komandadan biridir.

"Respublika" xəbər verir ki, hazırda 6 xalla H qrupunda ikinci olan Ağdam təmsilçisi qapısını toxunulmaz saxlaya bilib.

Qrupdakı ilk matçında Bakıda Norveçin “Molde” klubuna bir cavabsız qolla qalib gələn “köhlən atlar” İsveçdə “Hekken” komandasına da eyni aqibəti yaşadıb - 1:0.

İki turdan sonra Avropa Liqasında qol buraxmayan digər iki kollektiv isə Yunanıstanın “Panatinaikos” və Çexiyanın “Slaviya” (Praqa) klublarıdır.

Çempionlar Liqası və Konfrans Liqasını da nəzərə alsaq, “Qarabağ” bu göstərici ilə qapısını toxunulmaz saxlayan ümumilikdə altı komandadan biridir. Çempionlar Liqasında “Barselona” və “Milan”, Konfrans Liqasında isə Fransanın “Lill” klubu ilk iki turda qol buraxmayıb.

Bundan başqa, cari mövsüm avrokubokların qrup mərhələsində qapısında qol görmədən altı xal toplayan cəmi üç komanda var ki, onlardan biri də Azərbaycan çempionudur. Digər iki kollektiv isə “Barselona” və “Slaviya”dır.