Qara dənizdən qaz istehsalı Türkiyə üçün tarixi hadisədir
Türk dünyası

Qara dənizdən qaz istehsalı Türkiyə üçün tarixi hadisədir

Güclü iqtisadiyyata, böyük potensiala sahib olan Türkiyə həm də dünyanın enerji mərkəzlərindən biridir. Belə ki, son 20 ildə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq ölkədə bütün sahələrdə, o cümlədən enerji sektorunda böyük nailiyyətlər əldə olunmuşdur. Qara dəniz qazının Türkiyəyə tədarükünə başlanması isə ölkənin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində atılan tarixi addımdır.

Bu layihə üzrə ilk işlərə 2020-ci ilin avqustunda Filmosdan 175 kilometr uzaqlıqdakı Sakarya Qaz Sahəsində Fatih qazma gəmisinin qazılması ilə başlanmış, daha bir qazma gəmisinin əlavə edilməsi ilə əldə olunan qaz ehtiyatlarının həcmi 710 milyard kubmetrə yüksəlmişdir. Təbii qazın kəşfiyyatı ilə yanaşı, 2021-ci ilin yanvar ayında torpaq obyektinin tikintisinə başlanmış, iyul ayında isə yataqdan quyuya ilk təbii qaz axınının quraşdırılması başa çatdırılmışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Filmos Qaz Emalı Kompleksində keçirilən mərasimdə çıxışında Türkiyənin enerji ehtiyaclarına və iqtisadiyyatına mühüm töhfə verəcəyini demişdir: "Təxminən bir il əvvəl Qara dənizin altından kəşf etdiyimiz qazı quruya daşıyacaq xəttin ilk mənbəyini tapdıq. Təxminən 10 min personalın və 50 gəminin gecə-gündüz əməyi ilə ortaya çıxan bu uğurun qüruru bütün xalqa aiddir. Kəşf edilən qazın istifadəyə yararlı hala gətirilməsi üçün ən azı 6-7 il lazım gəldiyi halda, bu layihəni təxminən 3 il müddətinə başa vurduq".

Sakarya Qaz Sahəsində Fatih gəmisinin apardığı tədqiqatlar əsasında TUNA-1 quyusunda aparılan qazma işləri zamanı ilkin məlumata görə yataqda 320 milyard kubmetr ehtiyatın olduğu aşkar edilmiş, Dunay-1 quyusunda əlavə qazma işləri başa çatdıqdan sonra bu rəqəm 405 milyard kubmetrə yüksəlmişdir. İşlərin Fatih və Kanuni qazma gəmiləri ilə davam etdirilməsi nəticəsində bu rəqəm 540 milyard, Yavuz Qazma gəmisinin qazma işlərinə cəlb edilməsi ilə yataqdakı qaz ehtiyatlarının həcmi 652 milyard kubmetrə yüksəlmişdir. Çaycuma-1 quyusunda 58 milyard kubmetr qaz ehtiyatının tapılmasından sonra Türkiyənin Qara dənizdəki təbii qaz ehtiyatının həcmi 710 milyard kubmetr müəyyən edilmişdir. Türkiyə layihənin reallaşmasını ABŞ-ın neft-mədən xidmətləri şirkəti olan "Schlumberger" və baş ofisi Böyük Britaniyada yerləşən "Subsea 7" dənizaltı mühəndislik və inşaat kompaniyasının daxil olduğu konsorsiumla həyata keçirir. Layihənin birinci mərhələsinə 1,8 milyard dollar sərf edən Turkish Petroleum yaxın illərdə hasilatı artırmağı planlaşdırır. Belə ki, bu ilin sentyabr ayında daha 7 quyunun istismara verilməsindən sonra gündə 10 milyon kubmetr qazın hasilatına başlanacaq. Layihə tam gücü ilə işə salındıqdan sonra hasilatın sutkada 40 milyon kubmetrə çatdıralacağı gözlənilir.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez bildirib ki, Türkiyənin Qara dənizdə ümumi həcmi 710 milyard kubmetr olan qaz yatağı indiyədək aşkar edilmiş ən böyük ehtiyatlardan biridir. Nazir bildirib ki, ehtiyat növbəti 35 il ərzində ölkənin bütün ev təsərrüfatlarının enerji tələbatını ödəməyə kifayət edəcək. Sənaye istehlakı nəzərə alındıqda yataq ölkənin yaxın 15-20 illik ehtiyacını ödəyəcək. Türkiyənin dövlət idxalçısı BOTAŞ-ın may ayından etibarən təbii qazın ev təsərrüfatlarına paylayacağı da qeyd olunub.

Qara dənizdəki enerji bazasının Sakarya Qaz qurğusuna birləşdirən boru kəmərlərində işlərin tamamlanmasından sonra Sakarya yatağından hasil edilən təbii qaz bu il aprelin 20-də Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Filmos Qaz Emalı Kompleksində baş tutan mərasimdə Filmos qurğusuna ötürülüb.

Yerli istehsalın artırılması Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Hazırda Türkiyə Rusiya, Azərbaycan və İrandan neft və qaz, Qətər, ABŞ, Nigeriya və Əlcəzairdən isə maye qaz idxal edir. Türkiyənin indiyə qədər istehlak etdiyi qazın cəmi 1 faizini istehsal etdiyini nəzərə alsaq, Qara dənizdə təbii qaz yatağının kəşfi Türkiyənin təbii qaz idxalından asılılığını 25-30 faiz azaldacaq. Bununla yanaşı, Qara dənizdə kəşf edilən qaz ehtiyatının dəyəri dünya bazarlarında 1 trilyon dollar olaraq qiymətləndirilir ki, bu da qardaş ölkənin dinamik surətdə inkişaf edən, eyni zamanda, şaxələnən iqtisadiyyatına, ümumi daxili məhsulunun artımına böyük təsir göstərəcək. Özünün iqtisadi yüksəliş dövrünə qədəm qoyan qardaş ölkə növbəti illərdə qaz istehsalı ilə qüdrətini, nüfuzunu daha da artıracaq.

Bu il Türkiyə Bolqarıstana ilk təbii qazını göndərdi. ABŞ ixracatçısı Cheniere Energy İnc. tərəfindən tədarük edilən mayeləşdirilmiş təbii qazın daşınmasından əldə edilən təqribən 55 milyon kubmetr boru kəməri ilə sərhəddən keçib. Türkiyə Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya qazından asılılığını azaltmağa çalışan Bolqarıstana LNG terminallarına giriş imkanı vermiş və qonşusu üçün alternativ tədarük marşrutları açmışdır. Belə ki, Türkiyə ilə Bolqarıstan arasında imzalanan 13 illik müqavilə çərçivəsində Bolqarıstana ilk qaz nəqli Marmara Ereğlisi LNG terminalından həyata keçirilib.

Türkiyənin Boru Kəmərləri ilə Neft Daşınması Anonim Şirkətinin (BOTAŞ) rəhbəri Burhan Özcan bildirib ki, Bolqarıstan ilə Türkiyə arasında bu sahədə imzalanan müqavilənin maksimum gücü 1,5 milyard kubmetrdir, ilkin mərhələdə isə Bolqarıstana təxminən 55 milyon kubmetr təbii qaz tədarük olunub: "Enerji və təbii sərvətlər nazirimizin və Bolqarıstanın enerji nazirinin sıx dəstəyi ilə bu mühüm müqaviləni yanvarın 3-də imzaladıq. Bu gündən etibarən bu, bu müqavilə çərçivəsində biz LNG yükləmə prosesini həyata keçiririk. Deyə bilərik ki, bu, təkcə ölkəmizin deyil, Bolqarıstanın, eləcə də Avropanın enerji təchizatı təhlükəsizliyi üçün görülən işin ilk halqasıdır". Qeyd edək ki, yaxın günlərdə Türkiyə və Bolqarıstan Macarıstan, Rumıniya və Slovakiya ilə Azərbaycandan Avropaya təbii qaz nəqlinin həcmini artıracaq sazişlər imzalamağı planlaşdırır.

Mehparə ƏLİYEVA,

"Respublika".