İzmirdə “TEKNOFEST'' festivalına start verilib
Türk dünyası

İzmirdə “TEKNOFEST'' festivalına start verilib

Türkiyə Texnologiya Komandası Vəqfi (T3), Sənaye və Texnologiya Nazirliyinin əməkdaşlığı ilə təşkil edilən aviasiya, kosmos və texnologiya festivalı ''TEKNOFEST İZMİR''in qapılarını ziyarətçilərin üzünə açıb.

Bu il Türkiyədə üçüncü dəfə keçirilən ''TEKNOFEST'' festivalı İzmirin Çiğli Hava Limanında başlayıb. Oktyabrın 1-dək davam edəcək festival Türkiyənin "milli texnologiya ekosistemində" rol oynayan nazirliklər, idarələr, dövlət və özəl sektor təşkilatları və media şirkətləri də daxil olmaqla 121 qurumun iştirakı ilə keçirilir. Festival çərçivəsində ''Türk Yıldızları'', ''Bayraktar Akıncı'', ''Anka, Bayraktar TB2'', ''F-16 Solotürk'', ''Hürkuş'', ''S-70'' (Polad Qanadlar), ''BEL-429'' (Üzüm Salxımı), ''Paramotor'', ''Gyrokopter'', ''T-129'' Hücum Helikopteri maraqlı aviaşoular keçirəcək. Festivalda Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyində olan TCDD Taşımacılık AŞ Ümumi Müdirliyi  ziyarətçilərə qabaqcıl dəmir yolu texnologiyasını və eyni zamanda qatarlara virtual səyahət imkanı təqdim edəcək .

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan ''TEKNOFEST'' festivalı  bu il ilk öncə İstanbulda, sonra Ankarada və 3-cü dəfə İzmirdə baş tutub. Tam müstəqil Türkiyə üçün "Milli Texnologiya Hərəkatı" vizyonu ilə milyonlarla insanı bir araya gətirən ''TEKNOFEST'' şövq və həyəcanı bir daha  İzmir səmalarına gətirib.  Festivalda texnologiya yarışları, təşəbbüs proqramları, hava şouları, mükafatlandırma mərasimləri, elmi şoular, maarifləndirici seminarlar, sərgilər, səhnə oyunları, uşaqlar üçün xüsusi uçuş təcrübələri ziyarətçilərə yaddaqalan macəralar yaşadıb.

Qeyd edək ki, təkcə Türkiyənin deyil dünyanın ən böyük kosmos, aviasiya, elm və texnologiya festivalı olan ''TEKNOFEST'' 2018-ci ildə təşkil olunub. ''TEKNOFEST'' texnologiya yarışları, hava şouları, konsertlər, söhbətlər və müxtəlif mövzularda tədbirlərlə cəmiyyətdə texnologiyaya marağı artırmaq və Türkiyənin texnologiya istehsal edən və bu sahənin inkişaf etdirən bir cəmiyyətə çevrilməsi haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır. ''TEKNOFEST'' çərçivəsində yüz minlərlə gəncin arzularını reallaşdıra bilməsi üçün müxtəlif fənlər və kateqoriyalar üzrə texnologiya yarışları təşkil edilir.  Yarışlarda yer alan gənclər ''TEKNOFEST ''səhnəsində mükafatlandırılır.

Festival hər il iştirakçı sayına görə rekord qırır. Belə ki, may ayında İstanbulda keçirilən festivalda 2 milyon 547 min ziyarətçi iştirak  edib.

Onu da qeyd edək ki, Türkiyənin TUSAŞ Mühərrik Sənayesi tərəfindən hazırlanan TEI-TF6000 turbofan mühərriki ölkənin ilk və yeganə aviasiya, kosmos və texnologiya festivalı olan ''TEKNOFEST İZMİR" mərhələsində nümayiş etdiriləcək. Türkiyənin aviasiya macərasına ilkləri gətirən qaz turbinli və pistonlu mühərriklər  texnologiya sevərlərə təqdim ediləcək.

 

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.