Qalib xalq, müzəffər lider, sarsılmaz birlik
Siyasət

Qalib xalq, müzəffər lider, sarsılmaz birlik

"Bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq"

Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Hərtərəfli və dinamik inkişaf edən, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət yürüdən Azərbaycan Cənubi Qafqaz regionunun inkişaf etmiş lider ölkəsidir. Ölkəmizin təsir imkanları Cənubi Qafqazla məhdudlaşmır, Azərbaycan beynəlxalq təşkilatlar, eləcə də inkişaf etmiş dövlətlər arasında da böyük nüfuza malikdir.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Xalq-iqtidar birliyinin yaranması, xalqın öz liderinin ətrafında yumruq kimi birləşməsi nəticəsində bütün çətinliklər aradan qaldırılır. Ölkədə güclü iqtisadiyyatın qurulması, ordu quruculuğu, əhalinin sosial rifahının yaxşılaşdırılması kimi mühüm məsələlər öz həllini tapıb. Cəmiyyətdə dövlətçilik ənənələri güclənib, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə verib, təhlükəsizliyin təmin edilməsi güclü potensial yaradıb.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır. İqtisadçı alimlər müstəqil Azərbaycanın son 20 illik mərhələsini hərtərəfli inkişaf dövrü kimi səciyyələndirirlər. 44 günlük Vətən müharibəsi qazanılan tarixi qələbə ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etmişdir. Vətən müharibəsi 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxarıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək. Zəfərimiz sözün həqiqi mənasında tarixi ədalətin bərpasıdır. Bu baxımdan, Azərbaycan xalqının möhtəşəm qələbəsi fövqəladə tarixi əhəmiyyətə malikdir. Ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Bununla da Azərbaycan tarixinin mühüm bir dövrünə yekun vuruldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdəliyi, öz müdrik siyasəti ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdi.

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik", - deyən ölkə başçısı vurğulayır ki, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək. Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır. İnfrastruktur obyektləri ilə paralel olaraq yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın uğurla başa çatdığından xəbər verir. Azad olunmuş şəhər və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur. Böyük vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü həyata keçirir. Bu həm də ölkəmizin ildən-ilə artan iqtisadi gücünün göstəricisidir. Prezident İlham Əliyevin son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Silahlı Qüvvələri dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yürütməsini təmin etməyə imkan yaradır.

Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları sayəsində bütün parametrlər üzrə özünün böyük resurs üstünlüyünü yaratmış Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dəyişə bilmişdir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Dövlətimizin başçısının reallaşdırdığı inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatında aydın hiss olunur. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır. 2003-cü ildən etibarən Prezident İlham Əliyev məqsədyönlü fəaliyyəti ilə bir daha sübut edib ki, doğrudan da hər bir Azərbaycan vətəndaşının Prezidentidir: "Bizim dayağımız xalqdır", - deyən dövlətimizin başçısının müdrik siyasətçi kimi gücü dövlətin, xalqın və hakimiyyətin maraqlarını bir araya gətirib, bir hədəfə yönəldə bilməsindədir.

Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artıran digər səbəb isə elektrik enerjisinin əlçatanlılıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinadən dünyada ikinci yerdə olması, eyni zamanda bir sıra ölkələrin enerji təchizatçısı kimi çıxış etməsidir. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyətini və geosiyasi çəkisini artıran nailiyyətlər məhz Prezident İlham Əliyevin əsl liderə xas strateji baxışına əsaslanır. Yəni dövlət başçısı özünün də bəyan etdiyi kimi, nəyi, necə və nə vaxt etməyi yaxşı bilir, qərarlarını buna uyğunlaşdırmağı məharətlə bacarır, sözünün də imzası qədər dəyərini qoruyur. Prezident İlham Əliyev ulu öndərin müəllifi olduğu yeni neft strategiyasını da uğurla davam etdirir. Strateji neft və qaz kəmərlərinin inşasının başa çatdırılması ilə ölkə rəhbəri Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirmiş, regionun digər dövlətlərindən fərqli olaraq müstəqil xarici və iqtisadi siyasət yürütdüyünü bütün dünyaya sübut etmişdir. Prezident İlham Əliyevin gərgin və uğurlu fəaliyyəti, ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları dünyanın enerji xəritəsində yeni mənzərə yaradıb. Neft-qaz ölkəsi olan Azərbaycan regionun ən çox inkişaf etmiş dövlətidir. Bölgədə ən böyük sərmayə Azərbaycan iqtisadiyyatına qoyulmuşdur. Eyni zamanda indi Azərbaycan özü xarici ölkələrin iqtisadiyyatına investisiya qoyur. Bütün bu irimiqyaslı neft-qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan regionun ən böyük ticarət və logistika habına, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrilib. Bu və digər layihələr ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır.

Bu gün dünyada baş verən mürəkkəb siyasi proseslərdə Azərbaycan Prezidentinin qətiyyətli addımları ölkəmizin sabit və dinamik inkişafını təmin edir. İqtidar və xalq birliyi də burada önəmli faktordur. Xankəndidə xalqa Novruz təbriklərini çatdırmağın böyük xoşbəxtlik olduğunu qeyd edən dövlət başçısı bildirib: "Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq".

Mustafa KAMAL,

"Respublika".