Qalib xalq: milli birlik, zəfər, tərəqqi
Siyasət

Qalib xalq: milli birlik, zəfər, tərəqqi

Azərbaycan xalqı hər zaman milli birliyi, ruhu, həmrəyliyi ilə seçilib. Buna ən böyük sübutlardan biri də İkinci Qarabağ müharibəsində xalqın yumruq kimi birləşməsilə "Dəmir yumruq" adını almış əməliyyatdır. 44 günlük müharibə rəşadətli Azərbaycan Ordusunun apardığı mübarizə ilə birlikdə, eyni zamanda dünya azərbaycanlılarının həmrəyliyinin və birliyinin nümayişi olub. 2020-ci il İkinci Qarabağ müharibəsində əyani şəkildə nümayiş etdirilmiş milli birliyimiz bu tarixi nailiyyəti şərtləndirən ən böyük amildir. Dövlət və xalq arasında həmrəylik, Prezident İlham Əliyevə olan sarsılmaz inam həm ölkəmizdə, həm də beynəlxalq arenada effektiv diplomatiya siyasəti ilə özünü göstərib.

Xalqın həmrəyliyi çətinliklər qarşısında kollektiv məqsəd və dözümlülük hissini aşılayan davamlı və bütöv cəmiyyətin təməlidir. İkinci Qarabağ müharibəsi dövründə dilindən, dinindən, milliyyətindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün əhalisi ölkənin ərazi bütövlüyü və suverenliyini dəstəkləmək üçün həmrəy olub, fikir ayrılıqlarını aşaraq, ortaq məqsəd ətrafında birləşib. 44 günlük müharibədə möhtəşəm qələbəmiz milli birliyin, həmrəyliyin gücünü bir daha nümayiş etdirdi. Uzun illər davam edən işğal və hərbi təcavüzə Azərbaycan Silahlı Qüvvələrinin, Ali Baş Komandanın və xalqının birgə səyləri nəticəsində son qoyulub.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbəsində həm də Prezident İlham Əliyevə xalq tərəfindən göstərilən yüksək etimad, inam dayanırdı. Ölkə başçımız Azərbaycan xalqının etimadını və rəğbətini qazanaraq qətiyyətli, strateji, uzaqgörən, səmərəli qərarlar qəbul edərək sərkərdəlik bacarığını nümayiş etdirib və 2003-cü ildə verdiyi vədlərə sadiqliyini sübut edib. Ölkə başçısının qazandığı etimad özünü 2024-cü ildə 7 fevralda bir daha göstərib. Növbədənkənar prezident seçkilərində xalq bir daha öz liderinə inamını bildirib. Xalq həvəs və qürurla seçki məntəqələrinə gedərək 92%-dən yuxarı səslə öz Prezidentini seçib.

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında qeyd edib ki, iyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir: "İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm".

İkinci Qarabağ müharibəsi zamanı yumruq kimi birləşmiş millətimiz 7 fevralda da eyni şəkildə həmrəy olaraq öz sözünü deyib. 44 günlük savaşda düşmənə qarşı yumruq olan xalq bu gün isə yalnız inkişaf üçün birləşib. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini təmin edib. Yeni missiyalar, yeni hədəflər artıq ölkənin gələcəyinin düzgün formalaşmasına yönəlib. Prezident İlham Əliyev qeyd edib ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar. Qürurla qeyd etmək olar ki gənc nəsil vətənpərvər ruhda yetişir. Bu, özünü həm İkinci Qarabağ müharibəsi, həm də prezident seçkiləri zamanı bir daha göstərib.

Azərbaycanın beynəlxalq arenada apardığı diplomatik səyləri onun haqq işinin reallıqlarını bütün dünyaya çatdırıb. Bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi üçün onun dünya miqyasında nüfuzu artmaqda davam edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".