Prezident seçkiləri: Səsvermə ölkə hüdudlarından kənarda ilk Cənubi Koreyada başlayacaq
Siyasət

Prezident seçkiləri: Səsvermə ölkə hüdudlarından kənarda ilk Cənubi Koreyada başlayacaq

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Fevralın 7-də prezident seçkiləri ilə əlaqədar xaricdəki məntəqələrdə səsvermə prosesi ilk olaraq ölkəmizin Koreya Respublikasındakı səfirliyində yaradılmış məntəqədə başlayacaq.

"Respublika" xəbər verir ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahəyə aid digər qanunvericilik aktlarına uyğun olaraq, Cənubi Koreyada yaşayan vətəndaşlarımızın da seçki hüququnun təmin edilməsi məqsədilə ölkəmizin Seuldakı səfirliyi lazımi iş aparır. Seçki Məcəlləsinə uyğun olaraq Azərbaycanın Cənubi Koreyadakı səfirliyində seçki məntəqəsi yaradılıb, məntəqə seçki komissiyasının üzvləri, katibləri və sədri seçilib.

Cənubi Koreyada daimi yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə onlar qeydiyyata alınaraq səfirlik tərəfindən seçici siyahıları hazırlanıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb, səfirliyin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında məlumatlandırıcı paylaşımlar edilib. Bundan başqa, səfir Ramin Həsənov Cənubi Koreyada təhsil alan tələbələrimizlə görüşərək, onları səsvermədə fəal iştiraka dəvət edib.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, prezidenti seçkiləri ilə əlaqədar səsvermə ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq 08:00-da başlayacaq və 19:00-da başa çatacaq. Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında səsvermə ölkəmizin Koreya Respublikasındakı səfirliyində başlayacaq, ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunda tamamlanacaq.