Politoloq: Fransanın istismarçı siyasəti Afrikaya böyük acılar gətirib
Siyasət

Politoloq: Fransanın istismarçı siyasəti Afrikaya böyük acılar gətirib

Xəbər verdiyimiz kimi, Nigerdə ​​dövlət çevrilişi həyata keçirən üsyançıların lideri Fransanın Niameydəki səfirindən 48 saat ərzində ölkədən getməyi tələb edib. Səfirliyə verilən vaxt bitsədə, Fransa Nigerdə “persona non-qrata” elan edilən səfirini Slyvain Itteni geri çağırmayacaq.  Parisdə keçirilən 29-cu Səfirlər Konfransında açıqlama verən Emmanuel Makron Nigerdə baş verən hadisələrə fikir bildirib və qeyd edib ki, Fransa səfiri Niameydə qalacaq. Makron bildirib ki, rəsmi Paris Nigerdəki hərbi idarəetməni tanımır və Prezident Məhəmməd Bazumu dəstəkləyir.

İmperialist siyasətilə Afrika ölkələrini müstəmləkəyə çevirib uzun illər bu qitənin sərvətini talan edən Fransa hələ də bu ərazilərdə qalmaq istəsə də, bir sıra Afrika ölkələri Fransaya qarşı etiraz aksiyalarına başlayıb. Xüsusilə Nigerdə bu etirazlar silahlı toqquşma astanasına çatıb və bir zamanlar müttəfiq hesab etdikləri ölkədə Fransanın nüfuzu kəskin dərəcədə aşağı düşüb.

Mövzu ilə bağlı Tural İsmayılov “Respublika”ya açıqlama verib.

Siyasi şərhçi  son illər Fransanın Afrikada reputasiyasının aşağı düşməsinə səbəbin rəsmi Parisin istismarçı siyasətindən əl çəkməməsi olduğunu bildirib: “Fransa uzun illərdir ki, Afrikada imperialist və istismar siyasəti həyata keçirir. Məhz Fransanın bu qəbuledilməz siyasətinin nəticəsində qitə ölkələrinin milli sərvətləri tarimar edildi. Afrika xalqları böyük bir ağrı-acıya düçar oldu. Bu gün dünyada bəlkə də öz təbii sərvətlərinə görə, ən irəli mövqelərdə ola biləcək ölkələr Fransanın və kollektiv imperializmin hücumları, qəsbkarlığı və vəhşi istismarçı siyasəti nəticəsində hal-hazırda çox kasıb vəziyyətdə yaşayırlar. Əlbəttə ki, bu situasiyanın, vəziyyətin yaranmasının ən böyük günahkarlarından biri də Fransadır. Bu ölkənin tarix boyu davam edən köləçi və istismarçı siyasi xətti Afrikaya böyük acılar və ağrılar gətirib”.

Siyasi şərhçi  artıq Afrika xalqlarının tarix qarşısında bir qədər gec də olsa ayıldığını və Fransanın bu qəbuledilməz mövqeyinə qarşı çıxdıqlarını qeyd edib: "Bu gün Burkina Fasodan Nigerə, Maliyə, Çada qədər bir çox Afrika ərazisində, Fransanın real siması, mahiyyəti haqqında bütün cəmiyyətlər kütləvi şəkildə danışmağa başlayırlar. Afrika xalqları öz ərazilərində Fransanın həyata keçirdiyi istismarçı və neokolonist siyasətə yekdilliklə etiraz edirlər. XXI əsrdə elmin, texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə Fransanın öz coğrafi hüdudlarına daxil olmayan ərazilərdə həyata keçirdiyi belə istismarçı siyasət əlbəttə ki, nəticədə Fransanın Afrika da daxil olmaqla, dünyanın bir çox ölkələrində siyasi xəttinin zədələnməsi ilə nəticələnəcəkdi”.

Musa Bağırlı,

“Respublika”.