Qərbdən Azərbaycana qarşı zidd addım
Siyasət

Qərbdən Azərbaycana qarşı zidd addım

Toplum TV-nin ofisində axtarış aparılması barədə məlumat yayılıb. Axtarış-əməliyyat tədbirlərinin həyata keçirilməsi Qərb institutlarının Azərbaycan qanunlarına zidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirməsinə dair ciddi dəllilərin müəyyən edilməsi ilə bağlıdır.

Qeyd edək ki, "Abzas Media" xəbər portalı ətrafında son günlər dolaşan məlumatlar da bir sıra məqamları üzə çıxarıb. Belə ki, özlərini "müstəqil media"nın təmsilçiləri kimi qələmə verən, guya "açıq fikir ortaya qoyduqları üçün sıxışdırılan" şəxslər baş verən maliyyə maxinasiyalarından sanki məlumatlı deyillər. Belə ki, külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması barədə məlumatlar üzə çıxıb. Bu faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə fırıldaqlarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir. Maliyyə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb, Şərqdə terror təşkilatlarının da istifadə etdiyi həvalə mexanizmindən, adsız kartlardan geniş istifadə olunub. Jurnalistləri müdafiə edən Qərb dairələri isə bu ittihamları rədd edir. O zaman ortaya məntiqi sual çıxır: böyük ofis kirayələyən, kifayət qədər yaxşı əməkhaqqı alan işçilər, bahalı texniki avadanlıqlarla təchiz edilən bu redaksiya nə ilə maliyyələşib? Təbiidir ki, pul Qərbdən leqal yolla gəlmirsə, deməli, qaçaq yolla gəlir. Onun "müdafiə prosesi"ndə də diqqətçəkən nüanslar üzə çıxır. Ölkədə qondarma KİV qurumlarının, "jurnalist"lərin istintaqa cəlb edilməsi halı ilk dəfə baş vermir. Amma onların heç birində indiki qədər mütəşəkkil "müdafiə işi" qurulmayıb. Bəzi şəbəkə üzvləri gecə-gündüz demədən təbliğat aparırlar.

Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin ötən il oktyabr ayında açıqladığı son məlumat bu mənada örnək nümunələrdən biridir. Bəlli oldu ki, USAID Tbilisidə "yerli QHT-lərlə birgə" "xəstələrə humanitar yardım göstərilməsi" mövzusunda təlimlər keçirib. Amma təlim iştirakçılarına "dövlət çevrilişi hazırlamağın metodları" öyrədilib. "USAID-in dəstəklədiyi müxalifət qrupları" deyəndə, təkcə müxalifətdə olan siyasi partiyalar nəzərdə tutulmur. Siyasi partiyalara kənardan maddi vəsait göndərilməsi qanunla qadağan edildiyi üçün onların ətrafında yedək "QHT və KİV-lər" cəmləşdirilib. Həmin "QHT" və "KİV-lər"ə külli miqdarda "qrant vəsaiti" ayırmaqla, mərkəzdə dayanan siyasi partiyanın maliyyələşdirilməsi həyata keçirilib.

Deməli, Qərb özünün hədəfində olan ölkələri nəzarətdə saxlamaq üçün fərqli metodlardan faydalanır. Ən çox rast gəlinənlərdən biri də bu ölkələrdə müxalifət təşkilatlarının dəstəklənməsidir. Bunun üçün həm hüquqi əsas, həm də icra mexanizmi formalaşdırılıb. Çoxsaylı donor institutlar, yardım fondları yaradılıb. USAID, NED, Marşal Fondu, IREX və digər onlarla "beynəlxalq institutlar" məhz bu cür proqramların icraçıları olaraq meydana çıxıblar. Onlar zahirən "demokratik inkişafa dəstək vermək" adı altında fəaliyyət göstərir, bu məqsədlə "qrantlar verirlər". Reallıq isə budur ki, yerli icmaları maddi vəsaitlə şirnikləşdirərək, legitim hakimiyyətlərə ictimai etimadsızlığa sövq edirlər.

Maraqlıdır ki, Azərbaycana qarşı təşkil olunan kampaniyaların arxasında xarici agent statusundan geniş yararlanmaqla, xarici dəstək almaqda və ya xarici təsir altında olmaqda şübhəli bilinən şəxslərə qarşı tədbir görən ABŞ dayanır. Öz daxilində hər hansı xarici təsiri qadağan edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən də Azərbaycanda bu işləri böyük həvəslə həyata keçirir. Müxtəlif ölkələrdə bu əməllərə qarşı tədbir görüləndə xarici mediada həmin ölkəyə qarşı çirkin kampaniyalar təşkil edilir.

Baş verənlər fonunda Azərbaycana qarşı xarici mediada qarayaxma kampaniyası davam etdirilir, gündəlik qaydada onlarla əsassız ittihamlarla dolu materiallar verilir. Bu, Qərbin müəyyən dairələrinin öz fəaliyyətini səngitmədiyini, Azərbaycanda qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrdən istifadə etdiklərini göstərir. Toplum TV ilə bağlı tədbirlərin görülməsindən sonra xarici media, hüquq müdafiə təşkilatları, sonra isə Qərb rəsmiləri tərəfindən ardıcıl ittihamların səslənəcəyi heç bir sual doğurmur. Lakin bütün bu addımlar Azərbaycanı öz daxili məkanını təxribat və qeyri-qanuni fəaliyyətdən qorumaqdan çəkindirməyəcək.

Mustafa KAMAL,

"Respublika".